NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Gəlin təbiəti biz də düşünək

...

Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. Bu ətraf aləm isə təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiəti sevən insan həm də mənən zəngin olur.

Yaşadığımız dünya çox gözəl və əsrarəngizdir. Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın gözəl gələcəyi isə bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin florasını və faunasını qorumalıyıq.

Təbiəti, ətraf mühiti sevmək və qorumaq isə hər bir şəxsin müqəddəs borcudur.

Hazırda ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi barədə çox danışılır, çox yazılır. Aparıcı ölkələrin nümayəndələri tez-tez toplantılara qoşulurlar. Bu, son vaxtlar daha ciddi hal alıb. Hər işdə tarazlıq lazımdır. İnsanın özündə tarazlıq, simmetriya pozularsa, bu, yalnız həmin adamın özünə problem yaradır. Təbiətdə tarazlığın pozulması isə bəşəri fəlakətlər gətirir. Deməli, təbiəti qorumaq hər kəsin borcudur.

Hər bir şəxs öz həyat fəaliyyəti prosesində bu və ya digər formada  təbiətlə, ətraf mühitlə təmasda olur. Bu görə də hər kəs istər məişətdə, istərsə də istirahət zamanı qanunvericiliklə müəyyən edilmiş vəzifəsini yerinə yetirməlidir. Ətraf mühiti qorumaq vəzifəsi əmək fəaliyyəti nəticəsində təbiətdən istifadə edən və ətraf mühitə təsir edə biləcək hər bir şəxsin üzərinə düşür.

Hər bir şəxsin ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür.

Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Qanunla müəyyən olunur. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanılması və təbabətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin əsas məqsədidir.

Ətraf mühit dedikdə, insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu başa düşülür. Ətraf mühitin mühafizəsi isə ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması kimi anlaşılır.

Ətraf mühitin mühafizəsinin əsas prinsipləri isə sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli, ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası, təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi, dövlət nəzarəti, qeyd olunan Qanunun və ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət, ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əhalinin və vətəndaş cəmiyyəti institutlarının iştirakı, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji ekspertizaya təqdim olunan məlumatların dolğunluğu və düzgünlüyü, ekoloji ekspertizanın həyata keçirilməsində qanunçuluğun, aşkarlığın və şəffaflığın təmin edilməsi, təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəliliyinin nəzərə alınması və ətraf mühitin mühafizəsi tədbirləri barədə əhalinin məlumatlandırılmasından ibarətdir.

Qanunvericilik ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin hüquq və vəzifələrini də müəyyən edib.

Belə ki, ətraf mühitin mühafizəsi sahəsində hər bir vətəndaş həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində onların sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq, sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq,  müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək, qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsinə aid yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək, ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək, ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını müəyyən edilmiş qaydada həyata keçirmək kimi hüquqlara malikdir.

Onu da qeyd etmək istəyirəm ki, hər bir şəxs sağlam ətraf mühitdə yaşamaq üçün ilk növbədə ətraf mühiti qorumalı və ona sevgi ilə yanaşmalıdır. Yəni, əraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.

Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklər də müəyyən hüquq və vəzifələrə malikdir. Belə ki, ictimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində  özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək, dövlət orqanlarından və təşkilatlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq, müəyyən işlərin yerinə yetirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə müqavilə əsasında əməkdaşlıq etmək, ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək, inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və qurğuların yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək, təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi haqqında iddiaları məhkəməyə təqdim etmək kimi hüquqları vardır.

İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir.

Torpaq bizim varlığımızın, yoxluğumuzun məskənidir. İnsan dünyasını dəyişəndə onu torpağa tapşırırıq. Vaxtı çatanda hər birimizi torpaq öz qoynuna alır. Bu, misli görünməmiş bir məhəbbətin, sədaqətin ifadəsidir. Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir.

Azərbaycan Respublikasının Su Məcəlləsi sudan istifadə edənlərin vəzifələrini müəyyən etmişdir. Belə ki, sudan istifadə edənlər su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək, su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək, su obyektlərindən təyinatına görə istifadə etmək, su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq, sudan istifadənin uçotunu aparmaq və Su Məcəllənin tələbləri nəzərə alınmaqla, sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək kimi vəzifələr daşıyırlar.

Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanın xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri – Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur.

İnsan fəaliyyəti nəticəsində əşya və ya maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması “İstehsalat və məişət tullantıları haqqında” 1998-ci il 30 iyun tarixli Qanunla tənzimlənir. Bu Qanuna uyğun olaraq, istehsal prosesində və məişətdə hüquqi və fiziki şəxslər ətraf mühitin qorunması üçün müəyyən olunmuş standartlara və normalara əməl etməlidirlər.

Ətraf mühitin pozulmasında təqsirli bilinən şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci fəslində (Ekoloji cinayətlət), İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) ətraf mühitin pozulması ilə bağlı əməllərə görə məsuliyyət nəzərdə tutulmuşdur.

Ekoloji tarazlığın saxlanılmasında meşələr, ağaclar mühüm rol oynayır. Meşələri təbiətin ağ ciyəri adlandırırlar. Odur ki, müdrik adamlar həmişə meşə salmağa, ağac əkməyə savab iş, həyati əhəmiyyətli məsələ kimi baxıblar. Ağaclar torpağı eroziyadan qorumaq, güclü külək və sel sularından mühafizə etmək baxımından da çox faydalıdır.  “Bir ağacın budağına balta çalınanda elə bil mənim qolumu kəsirlər” deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyev yaşıllığı, ağacları çox sevirdi, təbiətə qarşı amansız olanlarla barışmırdı.

Bəs, biz təbiəti, ətraf aləmi necə qoruyuruq?

Əgər təbiətin nizamı pozularsa, nələr baş verər?

Sizcə, bu nizamın pozulmasının qarşısını almaq olarmı?

Bəs, hər birimizin özümüzə verəcəyimiz bu sualları necə cavablandıra bilərik?

Vətən millətin yer üzərindəki ünvanı, əcdadlarımızın məskunlaşdığı məkandır. Nəsildən-nəslə əmanət kimi ötürülən yurd, torpaq həm də namusumuz, qeyrətimizdir. Onu qorumaq hər birimizin müqəddəs borcudur.

Təbiəti qorumaq üçün məcburiyyətdən öncə təbiətə sevgi lazımdır. Bunun üçün isə hər birimizdə “yaşıl təfəkkür” formalaşmalıdır.

Bəli, təbiət düşünür və düşündürür. Təbiət haqqında yalnız hər il 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günündə yox, ilin bütün günlərində düşünməliyik.

Beləliklə, hər birimiz “Mən varam, dünya var, mən yoxam, dünya yoxdur” prinsipi ilə yaşamamalı, bizə əmanət edilmiş dünyamızı gələcək nəsillərə tarazlı, təmiz, səliqə-sahmanlı ötürməliyik. Təbiət vurğunu şair Hüseyn Arif dediyi kimi:

Gəlin təbiəti biz də düşünək

O özü hər şeyi düşünən kimi.

Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri prokurorluğun fəxri işçisi

Nəşr edilib : 12.11.2024 19:30