Piyada və sürücülərin nəzərinə: görünüş məsafəsi m...
10:34 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri güclü insan kapitalının formalaşdırılmasıdır. İnsan kapitalının inkişafında isə təhsil xüsusi rol oynayır. Təhsil yalnız nəzəri bilik əldə etmək üçün deyil, eyni zamanda insanın cəmiyyət üçün faydalı, bacarıqlı və peşəkar şəxs kimi yetişməsinə xidmət edir. Bu baxımdan, peşə təhsili xüsusi əhəmiyyət daşıyır. Çünki peşə təhsili insanlara konkret sənət öyrədir, onları əmək bazarına hazırlayır və gələcək həyatlarında müstəqil şəkildə fəaliyyət göstərmələrinə imkan yaradır.
Müxtəlif texniki və xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması iqtisadiyyatın inkişafına birbaşa təsir göstərir. Bu gün dünya ölkələrinin əksəriyyətində peşə təhsilinə xüsusi diqqət ayrılır. Çünki yalnız alitəhsilli mütəxəssislərlə deyil, həm də bacarıqlı ustalar, texniki işçilər, xidmət sahəsində çalışan peşəkar kadrlarla güclü iqtisadiyyat qurmaq mümkündür. Elektrik ustası, qaynaqçı, aşpaz, proqramçı, dərzi, avtomexanik, aqrar mütəxəssis və digər peşə sahibləri cəmiyyətin gündəlik həyatında əvəzolunmaz rol oynayırlar.
Azərbaycanda da son illər peşə təhsilinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsinə, xüsusilə də peşə təhsilinə böyük diqqət və qayğı göstərilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkənin gələcək inkişafı üçün peşəkar kadrlara böyük ehtiyac vardır. Bu məqsədlə ölkədə yeni peşə təhsili müəssisələri yaradılır, mövcud məktəblər müasir avadanlıqlarla təmin olunur, beynəlxalq təcrübə öyrənilir və gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində mühüm addımlar atılır.
Hazırda ölkəmizdə peşə təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində geniş islahatlar həyata keçirilir. Müxtəlif regionlarda yeni peşə məktəblərinin və peşə tədris mərkəzlərinin fəaliyyətə başlaması gənclər üçün yeni imkanlar yaradır. Texnologiyanın inkişafı yeni peşələrin yaranmasına səbəb olur və bu da peşə təhsilinin aktuallığını daha da artırır. Artıq bir çox gənc anlayır ki, yalnız diplom deyil, bacarıq və peşəkarlıq da uğurun əsas açarıdır.
Naxçıvan Muxtar Respublikasında peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlamasıdır. Mərkəz 2024-cü ildə fəaliyyətə başlayaraq qısa müddət ərzində peşə təhsili sahəsində özünü nümunəvi təhsil müəssisələrindən biri kimi tanıtmağa nail olub. Müasir tədris metodlarının tətbiqi, praktik biliklərin ön planda saxlanılması, innovativ yanaşmalar və peşəkar müəllim heyətinin fəaliyyəti burada təhsilin keyfiyyətini daha da artırıb.
Biz də mərkəzdəki real vəziyyətlə tanış olmaq, tədris prosesini yaxından izləmək üçün müəssisəyə üz tutduq. Bizi mərkəzin direktor müavini Cəmilə Hüseynova qarşıladı. Cəmilə xanımla mərkəzin fəaliyyəti, tələbələrin uğurları və gələcək planlar barədə həmsöhbət
olduq.
– Cəmilə xanım, ilk növbədə, bilmək istərdik, mərkəzə qəbul prosesi necə aparılır və tələbələr üçün hansı imkanlar mövcuddur?
– Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi 2024-2025-ci tədris ilində ilk tələbələrini qəbul etmişdir. Qısa müddət ərzində mərkəzə maraq əhəmiyyətli dərəcədə artmış və hazırda burada 400-dən çox tələbə təhsil almaqdadır. Mərkəzimizə qəbul həm 9 illik, həm də 11 illik təhsil bazasından aparılır. Qəbul prosesi elektron sistem vasitəsilə həyata keçirilir və namizədlər attestat və şəxsiyyət vəsiqəsi əsasında müraciət edərək beş ixtisas seçimi etmək imkanı qazanırlar. Təhsil yüksək texniki peşə, texniki peşə və ilk peşə istiqamətləri üzrə həyata keçirilir. Onu da qeyd edim ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrimiz təqaüdlə təmin olunurlar. 2024-2025-ci tədris ilində mərkəzin ilk məzunlarına diplomların təqdim olunması əlamətdar hadisələrdən biri olmuşdur. Ümumilikdə, 54 tələbə məzun adını qazanmış, onlardan 3 nəfər fərqlənmə diplomuna layiq görülmüşdür. Bu uğur mərkəzdə aparılan keyfiyyətli tədrisin, müəllimlərin zəhmətinin və tələbələrin peşəyə olan marağının parlaq göstəricisidir.
– Hazırda mərkəzdə hansı ixtisaslar üzrə tədris aparılır və əmək bazarının tələblərinə necə cavab verilir?
– Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində əmək bazarının tələblərinə uyğun müxtəlif ixtisaslar üzrə tədris aparılır. Yüksək texniki peşə təhsili istiqamətində təhsil alan tələbələrimiz Mühasibat uçotu, Nəqliyyat vasitələrinin texniki istismarı, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Mehmanxana və restoran işinin təşkili, Moda dizaynı, Baytarlıq və heyvandarlıq işi, Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı kimi ixtisaslar üzrə hazırlıq keçirlər. Bu ixtisasları bitirən məzunlara subbakalavr diplomu təqdim olunur və onlar ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanına malik olurlar. Texniki peşə təhsili istiqamətində isə Turizm sahəsində iaşə üzrə mütəxəssis, Dayə, Dərzi, Kombi və kondisioner ustası və digər ixtisaslar üzrə üçillik təhsil proqramları həyata keçirilir. Bu proqramları uğurla başa vuran tələbələr həm tam orta təhsil haqqında attestat, həm də peşə diplomu əldə edirlər. Bundan başqa, 11 illik təhsil bazasında təşkil olunan birillik ixtisaslarımız da mövcuddur. Aşpaz, Qənnadçı-şirniyyatçı, Əməliyyatçı mühasib, Sığorta işçisi, Dayə və digər ixtisaslar üzrə təhsil alan tələbələr qısa müddətdə peşə vərdişlərinə yiyələnərək əmək bazarına çıxış imkanı qazanırlar.
– Tələbələrin praktik bacarıqlarının inkişafı da maraqlıdır. İstehsalat təcrübələri necə təşkil olunur?
– Mərkəzdə təhsil prosesi nəzəri və praktik hissələrdən ibarətdir. Tələbələr nəzəri bilikləri təhsil müəssisəsində əldə edir, praktik məşğələləri isə ixtisaslarına uyğun müəssisə, təşkilat və emalatxanalarda keçirlər. Mərkəzdə müxtəlif ixtisaslar üçün emalatxanalar fəaliyyət göstərsə də, bütün istiqamətləri əhatə edən təcrübə bazasının formalaşdırılması məqsədilə müxtəlif müəssisələrlə əməkdaşlıq edilir və tələbələr istehsalat təcrübəsinə göndərilirlər. Hazırda mərkəzimizdə təhsil alan 10 qrup texniki və ilk peşə təhsili, 6 qrup isə yüksək texniki peşə təhsili üzrə istehsalat təcrübəsində iştirak edir. Tələbələrin real iş mühiti ilə tanış olması üçün bölgəmizin aparıcı müəssisələri ilə sıx əməkdaşlıq edirik. Məsələn: Mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr Maliyyə Nazirliyində, Elektronika və kommunikasiya sistemlərinin istismarı ixtisas qrupu STEAM Mərkəzində, Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə) ixtisas qrupu isə Naxçıvan Avtomobil Zavodunda istehsalat təcrübəsindədir.
Mərkəzdə keçirdiyimiz zaman kəsiyində bir daha şahid olduq ki, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi yalnız peşə öyrədən təhsil müəssisəsi deyil, eyni zamanda savadlı, yaradıcı, təşəbbüskar və müasir düşüncəli gənclərin formalaşdığı mühüm təhsil ocaqlarından biri kimi fəaliyyət göstərir. Burada həyata keçirilən layihələr, əldə olunan uğurlar, tələbələrin müxtəlif sahələrdə qazandıqları nailiyyətlər və peşə təhsilinin inkişafı istiqamətində görülən işlər mərkəzin gələcəkdə daha böyük uğurlara imza atacağından xəbər verir.
Peşə təhsili insanın öz potensialını üzə çıxarmasına, cəmiyyət üçün faydalı və peşəkar şəxs kimi formalaşmasına şərait yaradır. Hər bir peşə cəmiyyət üçün vacibdir və hər bir sənət sahibi öz əməyi ilə ölkənin inkişafına töhfə verir. Savadlı, bacarıqlı və peşəkar gənclərin yetişməsi isə Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqət və həyata keçirilən islahatlar peşə təhsilinin gələcəkdə daha da inkişaf edəcəyindən xəbər verir. Gənclərin peşə təhsilinə yönləndirilməsi, onların əmək bazarına hazır və bacarıqlı şəkildə daxil olması ölkəmizin davamlı inkişafına xidmət edən mühüm amillərdəndir. Güclü peşə təhsili sistemi isə güclü gələcəyin təminatıdır.
Səmayə RƏSULOVA
Digər xəbərlər