Şərur rayonunda “Nikah və din” mövzusunda maariflə...
14:58 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Sübhan Səbuhi oğlu Məmmədli
(12.08.1994-06.10.2020)
Sübhan haqqında danışmaq biraz çətin olsa da, amma bu mənə qürur verir. Uşaqlığından bəri tərbiyəsi, vətənərvərliyi ilə seçilən, böyük-kiçik yeri bilən idi. Hərbi xidmətində də bu gözəl xüsusiyyətləri ilə tanınmışdı. Sağlığında qazandığı hörmətdəndir ki, şəhadətindən sonra da əsgərləri gəlib bizə baş çəkirlər. Onların Sübhanla bağlı danışdığı xoş xatirələr bizim üçün çox əzizdir, undulmazdır. Vətənini sevən oğul, təbii ki, Vətən üçün hər şey edər. Sübhan davranışı, vətənpərvərliyi ilə əsgərlərinə nümunə olub.
Sübhan ata-anaya da qarşı mehriban idi. Bir övlad kimi daim hörmətimizi saxlayardı. Ailədə iki qardaș olublar. Qardaşına da eynilə çox mehriban idi. Qohum-əqrabada da hamı onu çox istəyirdi. Çünki o, az yaşında bu sevgini qazanmışdı. Ailəcanlı, işinə sevgi ilə yanaşırdı. Vətənə, dövlətə bağlı bir oğul idi. Vətəni daha çox sevirdi. Məhz bu sevgidən irəli gəlirdi ki, Vətəni seçdi. Vətən yolunda canını qurban verməyə hazır oldu. O bu yolu seçərkən heç tərəddüd etmədi. Bu onun üçün böyük bir şərəf idi. O öz şərəf, ləyaqət borcunu layiqincə yerinə yetirdi. Ömrünün 26 ilini şərəflə yaşadı. Hərb yolunu seçərkən bilirdi ki, onun hansı çətinlikləri var. Vətən sevgisi, ona bağlılığı Sübhanı bu yolda irəliyə səslədi. Bu gün o hər kəsin də xatirində gözəl insan olaraq yad edilir. Çünki Sübhan kimsəni incitməz, qəlbinə dəyməzdi. Onu tanıyan hər kəs haqqında yaxşı xatirələrini dilə gətirir. Biz onun adı çəkiləndə qürur duyuruq.
Hər bir ata-ananın arzusudur ki, övladının adı çəkiləndə fərəh hissi keçirsin. Sübhan da bu qüruru, fərəh hissini yaşadan oğullardan oldu. Düzdür, övlad itkisi ağırdır, yoxluğuna dözmək çətindir. Amma ürəyimiz rahatlıq tapır ki, bizim balamız Vətən yolunda canını sipər edib. Bu bizə təsəllidən çox, baş ucalığı verdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Onlarla silahdaş olmuş cəbhə yoldaşları olan qazilərimiz var olsunlar. Onların hər biri canlı tarixdilər. Hər biri Vətən üçün əziz canlarını gözə alıb, cəbhədə döyüşüblər. Vətən adını daima uca tutublar. Bu uca ad bütün şəhid ana-atalarının təsəllisidir. Bizim analar daim bu Vətən üçün qəhrəman oğullar böyüdəcək. Bu cür igidlərimizin sayəsində də bu xalq daim var olacaq. Biz bu gün qəhrəman oğulların böyüdüyü nəsli görürük. Onlar şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli yolu öyrənirlər. Bu yol onlar üçün Vətənə sevgi, məhəbbət, dönməzlik yoludur.
Digər xəbərlər