NAXÇIVAN :

02 Yanvar 2025, Cümə axşamı

Gecikmiş üzrxahlıq və ya Xəzərdə batan “quş” söhbəti

...

Bu günlərdə bütün Azərbaycanı yasa boğan və insanları dərindən kədərləndirən məlum təyyarə qəzasından sonra bütün diqqətlər, şübhəsiz, hadisənin səbəblərinin tapılması və obyektiv qiymətləndirilməsi üçün aparılan işlərə yönəlmişdi. Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında qarşılaşacağı ən qorxulu hadisə, əslində, hələ on il əvvəl separatçıların Donbas üzərində vurduğu Malayziya təyyarəsinin aqibəti ilə eyni olub, uzun çəkən müharibə ssenarsinin bir hissəsi idi. Təəssüf ki, bu müharibə 10 ildən sonra sərhədlərimizdən uzaqda da olsa, birbaşa Azərbaycana da çatdı və rus hərbi maşınının Qroznı səmalarında vurduğu AZAL təyyarəsinin günahsız qurbanlarının ölüm yolçuluğu hər kəsin ürəyində dərin izlər qoydu.

Sürətli və komfortlu hava nəqliyyatı statistikaya görə həm də ən təhlükəsiz hesab olunur, zira müasir texnologiya bu sahədəki riskləri minimuma endirmişdir. Ancaq ola biləcək hadisələrə görə aviadaşıyıcıların və ya hadisə baş verən ölkənin rəsmilərinin işə operativ münasibəti burada insanları rahatladan mühüm şərt olub, dünya ictimaiyyətinin nəzərində də müvafiq reaksiya doğurur. Uzağa getməsək, yaxın illərdə elə 44 günlük Vətən müharibəsinin son günündə Sədərəkdə – Ermənistanla sərhəddə düşürülən rus helikopterinə görə dövlət başçımız məsələyə operativ müdaxilə edərək səbəblərin üzə çıxarılması üçün müvafiq tapşırıqlar vermişdi. Buna bənzər təyyarə qəzaları zamanı analoji addımları görsək də, bu dəfə Rusiya tərəfinin qəzanın ilk saatlarından ortaya atmış olduğu cəfəng iddialar müharibə gedən bu ölkədə  hava məkanının da təhlükələrlə dolu olduğunu göstərdi. Elə səhvən də olsa, Qroznı üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş AZAL təyyarəsinin guya quş sürüsü ilə toqquşması, yaxud salonda qaz balonu partlaması kimi cəfəng iddiaları ortaya atan Rusiya rəsmilərinin son hərəkətləri də bunu sübut edirdi. Yalnız 38 nəfərin həyatına son qoymuş bu faciənin ilk dəqiqələrindən dövlət başçımızın rəsmi proqramını ləğv edib təcili Vətənə qayıtması, hava limanındaca operativ müşavirə keçirib, müvafiq tapşırıqlar verməsi, həmçinin Qazaxıstanın dövlət rəhbərlərinin və xilasedicilərinin qardaş köməyi göstərməsi qəzadan sağ qalanların həyatının xilas edilməsinə və səbəblərinin aydınlaşdırılmasına  imkan yaratdı ki, bu da vicdansız rus məmurlarının ört-basdır məzmunlu “quş” söhbətlərini birdəfəlik olaraq Xəzərə batırdı.  

Bununla yanaşı dövlət başçımızın bu gün AZTV-yə verdiyi müsahibəsində də qeyd olunduğu kimi, hələ qəzaya uğramış təyyarənin “qara qutu”larındakı informasiyanın öyrənilməsinədək əldə olan müşahidələr, foto və videofaktlar, həmçinin sağ qalanların ifadələri onu qəti şəkildə deməyə əsas verir ki, bu adi bir qəza deyildir və Rusiya tərəfi təkcə rəsmi üzrxahlıq etməklə deyil, həm də təzminatla da cavab verməli və öz mülki hava məkanının da etibarsızlığını etiraf etməlidir. Şübhəsiz, bunu zaman göstərəcək və  bu faciəli hadisənin şimal qonşumuz üçün   bir dərs olacağını da düşünmək açığı çox çətindir. Ancaq həqiqət odur ki, bu dəhşətli təyyarə qəzası bütün Azərbaycan cəmiyyətini yenidən bir yumruq kimi birləşdirməklə ölkəmizdə xalq-dövlət birliyini yenidən dünyaya nümayiş etdirdi. Dövlət başçımızın Sərəncamı ilə 26 dekabr ölkəmizdə matəm günü elan olundu və bütün xalqımız həlak olan qəhrəman ekipaj üzvlərinin şücaətindən fəxrlə bəhs edib onların və həyatını itirmiş sərnişinlərin yasını tutdu, həlak olanlarla rəsmi vida mərasimi keçirildi. Və bu gün dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi və xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi yanan ürəklərə su səpməklə bir daha Azərbaycanın sahibsiz olmadığını, harada nə zaman olsa da, dövlətimizin milliyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının yanında olduğunu nümayiş etdirdi.

Əli CABBAROV

Nəşr edilib : 29.12.2024 20:49