Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Onu Nizami və Nəsimi ilə bağlayan nə idi?
Söz bəşəriyyətin ən böyük kəşfidir. O, sərhədsizdir, irqi, dini və milli mənsubluğu yoxdur, bütün insanlara məxsusdur. Əsrlər arasında körpü, mədəniyyətlər arasında rabitədir... Yeri-göyü, onların arasındakı canlı aləmi var edən Uca Yaradan həm də sözün vasitəsilə təzahür edib, özünü tanıdıb. Söz olmasa idi, dünya yarımçıq olardı, həmişə bir yanımız boş, aramsız qalardı. Söz, əslində, müqəddəsdir, onun müqəddəsliyi haqqa, həqiqətə, geniş mənada isə insanlığa xidmətə yönəlib (yönəlməlidir!) Buna görə də böyük söz sahibləri hər zaman dünyamızın gözəlliyi, insanların xoşbəxtliyi uğrunda mübarizə aparıblar, yazıb-yaradıblar. Yollar fərqli olsa da, əsl və ümdə məsələ bu olub – insanlığa xidmət. Bu mənada, sözün böyük ustadı, fəlsəfi fikir tariximizin nəhənglərindən Məhəmməd Füzuli yaradıcılığı, eyni zamanda onun bir şəxsiyyət kimi yaşam tərzi insanlıq üçün böyük bir tədqiqat obyektidir. Bir sözlə, insanlığın qurtuluş resepti Füzuli şəxsiyyətində və həyata baxışında cəm olub.
Kimdir söz mülkü ordudan böyük Məhəmməd Füzuli? Bu suala aydınlıq gətirmək üçün bir az geriyə, böyük söz ustadları Nizami və Nəsimi yaradıcılığına baxmaq lazım gəlir. Çünki Füzulinin Nizami və Nəsimiyə olan nisbəti, əslində, böyük yunan filosofları Sokratın Platona və Platonun da Aristotelə nisbəti kimidir. Sokrat Platonun, Platon isə Aristotelin müəllimi olub. Nizami-Nəsimi-Füzulini yunan filosofları ilə müqayisə etməyimiz həm də Nizami, Nəsimi və Füzulinin əsl həqiqətdə filosof, cəmiyyətşünas alim olmaları ilə bağlıdır. Üsul olaraq fərqli yollardan irəliləsələr də, bir ümdə məsələ – insanın xoşbəxtliyi, ədalətli cəmiyyət uğrunda mübarizə nöqteyi-nəzərdən Nizami Nəsiminin və Nəsimi də Füzulinin ustadıdır, bu üç böyük nəhəng ideoloji cəhətdən bir-birinin davamçısıdır.
Nizami ədalətli cəmiyyət üçün “yuxarıların” – hakim təbəqənin rolunu əsas tutub, onların ədalətli olacağı təqdirdə cəmiyyətin, dolayısı ilə, insanların xoşbəxt və firavan yaşayacağına inanıb. Bu ideya – fəlsəfi xətt onun yaradıcılığının qayəsini təşkil edib. Nizami istəyinə nail oldumu? Əlbəttə, bunu təsdiqləmək və yaxud da tamamilə inkar etmək doğru olmazdı. Nizaminin inandığı və tətbiq etdiyi yoldan fərqli olaraq Nəsimi isə “aşağıları”, bəlkə də, daha düzgün təbir bu cür olar: bütün insanları onun böyüklüyünə, aliliyinə, müqəddəs varlıq olmasına inandırmaq yolunu tutmuşdu. Nəsimi inanırdı ki, insan müqəddəs varlıqdır, ona zülm etmək, əziyyət vermək olmaz. O bunun fərqində olmalıdır. Beləliklə, öz böyüklüyünü dərk edən insan güclü olacaq, ona əziyyət edilməsinə izin verməyəcək. Və bu yol-üsul insanlığı qurtuluşa çatdıracaq, insana qarşı zülm aradan qalxdıqdan sonra cəmiyyətlərə ədalət hakim olacaq, insanlar xoşbəxt yaşayacaqlar. Nəticədə, nə oldu? Nəsiminin dərisini diri-diri soydular. Amma onun bu yaradıcılıq istiqaməti insanlığı müəyyən qədər oyatdı, bu gün və gələcəkdə də bəşər övladının xoşbəxtliyinə xidmət edəcək.
Nizami və Nəsiminin insanlığı qurtuluşa çatdırmaq üçün söz meydanındakı mübarizəsi onların mənəvi davamçısı olan Füzuli fəlsəfi fikri ilə yeni mərhələyə yüksəldi. Mövlana ləqəbli Məhəmməd Füzuli yaradıcılığının devizi “Dünyanı sevgi xilas edəcək!” oldu. Bəli, Füzuli insanoğlunun qarşılaşdığı ağrı-acıların, müharibələrin, hər cür şər işin təməlində sevgisizliyin, insanların bir-birinə qarşı olan nifrətinin dayandığını görür, duyur və bunun məlhəmini öz yaradıcılıq amalına çevirirdi. Amma dahi Füzuli fəlsəfi baxışlarından danışmazdan əvvəl onu qeyd edək ki, bu böyük şəxsiyyət nəinki öz sözü ilə insanlığa xidmət edib, ona doğru yolu göstərib, o həm də yaşadığı həyat tərzi ilə bənzərsiz nümunə olub.
Bu gün dünyamızda zəngin həyat tərzi aludəçiliyinin tüğyan etdiyi, mənəviyyatın deyil, maddiyatın əsas götürüldüyü yanaşma və münasibətlərin cəmiyyətləri uçuruma sürüklədiyi bir düzəndə yaşayırıq. Bu düzəndən bir anlıq geriyə dönüb Füzulinin yaşadığı həyat tərzinə nəzər yetirdikdə olduqca sadə, sufiyanə bir ömür bizi qarşılayır və bu yaşam tərzi böyük şəxsiyyətin nə qədər bənzərsiz bir insan olduğunu bizə bəyan edir. Bu qədər böyük istedad sahibi saraylarda, zənginlik içərisində yaşaya bilməzdimi?! Yox, o belə həyatı istəmədi və Sultan Süleyman Qanuninin ona təyin etdiyi 9 axça təqaüdlə ömrünü başa vurdu (bu təqaüdü də heç əməlli-başlı ala bilməmişdi).
Bütöv bir şəxsiyyət kimi Füzulinin söz ordusu bizə bu mətləbləri öyrətməyə çalışıb: İnsan övladı hər bir məsələdə mərkəzə özünü yerləşdirdikcə, özündən başqasını görmədikcə (eqoizm) dünyamız daha da pisləşəcək, qanlı qırğınlar, müharibələr meydanına çevriləcək. Eqoizm xəstəliyindən uzaqlaşıb insanları sevə bilsək, ən azından onları anlamağa çalışsaq, daha xoşbəxt bir dünyada yaşayarıq. Başqa bir deyişlə, bu gün dünyada xeyir üçün çalışan qüvvələrin humanizm çağırışları mənbəyini sevgi dəryasından götürür. Füzulinin həyat fəlsəfəsi, hər şeydən əvvəl, insanı, onun xoşbəxtliyini düşünməyə çağırış edir. Çünki insan yalnız yeyib, içib, gününü keçirməməlidir, bu xüsusiyyətlər heyvanatda da var, hətta tutuquşuya təlim keçib ona danışmağı da öyrətmək mümkündür. Belə isə insan olmaq düşünməkdən başlayır. Düşünən insan isə sevgini axtarmalı, sevgi uğrunda mübarizə etməlidir.
Füzulinin həyatla bağlı fəlsəfi fikirlərinin mərkəzində dayanan sevgi hissi iki insanın bir-birinə olan məhəbbəti ilə çərçivələnmir. Heç Füzuli deyəndə ağlagələn “Leyli və Məcnun” poemasının ana xəttini də, əslində, bu qayə təşkil etmirdi. Həmin əsərdə insanların sevgisinə maneçilik törədən adət-ənənə, köhnə baxışlar və məhdud görüşlər tənqid olunur. “Leyli və Məcnun” əsəri ilə dahi söz sərrafı insanlığı kölə halına salan, mütiləşdirən hər şeyi tənqid edərək azadlığı, bu azadlığın əsas göstəricisi olan sevgini, məhəbbəti ön plana çıxarmaq istəyib. Yəni “Leyli və Məcnun”la Füzuli bizə göstərir ki, insan hisslərini, düşüncələrini azad şəkildə ifadə edə bilmirsə, orada sevgi yoxdur, sevgi yoxdursa, cəmiyyət də viran olacaq (necə ki Leyli və Məcnunla yanaşı, onların ailələrinin həyatları da viran oldu).
Füzuli eşqlə bağlı fəlsəfəsini özünün bir qəzəlində göstərdiyi biçimdə bizə anladır: həqiqət yolunun yolçusu məqsədinə nail olmaq istəyirsə, gedəcəyi yolda ancaq eşqi rəhbər tutmalıdır. Çünki o yolu işıqlandıran da, o yolda yolgöstərən də yalnız eşq nurudur. Ariflərin nəzərində aşiqi (insanı) ağıl yox, eşq idarə edər. Eşq elə bir kamil, tamamlanmış, yetkinləşmiş nəşədir ki, elə bir təsiredici qüvvədir ki, meydə hərarət göstəricisi, neydə isə sədanın təsiri həmişə və yalnız ondadır. Vəhdət vadisi həqiqətdə, əslində, eşq məqamıdır. O səhrada sultanla gəda şəxslənməz (varlı ilə yoxsul fərqlənməz, hamı birdir). Birlik tənhalığının sirrinə məhrəm olanlar aşiqi məşuqdan, məşuqu aşiqdən ayıra bilməzlər.
Füzulinin insanlığı xilasa çatdıra biləcək, onun qurtuluşunun əsas vasitəsi olan eşq-məhəbbət anlayışına həsr etdiyi irili-xırdalı onlarla əsəri var. Ümumiyyətlə, Füzuli yaradıcılığını biz bəsirət gözü ilə görməyə çalışsaq, onda məqsədimizə (Füzuli də öz məqsədinə) çatmış olarıq. Çünki dünyaya sevgi hisslərini aşılayan Füzuli qurtuluşu da onda görüb. Dahi sənətkarın qənaəti də, bu mənada, tamamilə doğrudur. Kim içərisində sevgi, eşq-məhəbbət anlayışının olmadığı bir gözəllik, yaxşı nəsnə göstərə bilər?! Elə bir anlayış varmı ki, orada sevgi olmasın, amma müsbət məqamları özündə ehtiva etsin?! Cavab, xeyr!..
Biz təkcə Füzulini yox, bütün ədəbiyyatı bəsirət gözü ilə oxumalıyıq. Söz sərrafları da bizdən bunu gözləyiblər. Belə olan halda, kim bilir, nə qədər sirli mətləblərdən agah olacağıq. Görmədiyimiz, duymadığımız neçə-neçə qapılar üzümüzə açılacaq.
Anar QASIMOV
Akademik Zərifə Əliyeva adına
Şahtaxtı kənd tam orta məktəbinin müəllimi
Digər xəbərlər