NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Fuad Nəcəfli: Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək

...

“Şərq qapısı” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki bu gün biz inanırıq ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə, regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq.
İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır.
Yeni yollar, dəmir yolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq. 

Vurğulanıb ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək. 

Eyni zamanda Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil, o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub, bütövlükdə, regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir. 

Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi, Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni  korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılması, xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, “yaşıl enerji” layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir.

Nəşr edilib : 26.08.2025 16:16