Karate üzrə muxtar respublika birinciliyi və çempi...
16:13 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, son illərdə aparılan islahatların nəticəsi olaraq muxtar respublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalıb.
O bunu Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.
“Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb. Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir”, – deyə Fuad Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin yanvar-iyul aylarında iqtisadi göstəricilər də müsbət dinamikanı əks etdirib:
ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat,
əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manat,
əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyon manat,
sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manat,
pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyon manat,
ödənişli xidmətlər 5,8% artaraq 120,2 milyon manat təşkil edib.
Eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 min nəfər, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfər olub. Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.
Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 565 nəfər, o cümlədən dövlət sektorunda 37 305 nəfər, qeyri-dövlət sektorunda isə 23 260 nəfər təşkil edib.
Büdcə xərclərinin 64%-i yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33%) xeyli yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb:
fiziki şəxslərin gəlir vergisi 19% artaraq 32 milyon manat,
hüquqi şəxslərin mənfəət vergisi 8% artaraq 13 milyon manat,
ƏDV 34% artaraq 41 milyon manat,
aksiz vergisi 34% artaraq 44 milyon manat,
mədən vergisi 22% artaraq 991 min manat təşkil edib.
Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş müşahidə olunub.
Eyni zamanda dövlət əmlakından icarə haqları da artıb: dövlət torpaqlarının icarəsindən daxilolmalar 42% artaraq 217,3 min manat, daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat olub.
2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33% artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57% artaraq 31,8 milyon manat, nağdsız ödənişlər isə 31% artaraq 592,3 milyon manat təşkil edib. Bank hesablarının sayı 11%, ödəniş terminallarının sayı isə 85% yüksəlib.
Digər xəbərlər