NAXÇIVAN :

25 May 2025, Bazar

Filologiya sözə olan sevgidir

...

Filologiya sözün ürəyi, dillərin yaddaşıdır. O yalnız sözlərin arxasındakı mənanı deyil, insanlığın min illərdir, yazdığı tarixçəni oxuyur. Bəzən bir şeirin içində, bəzən unudulmuş bir yazının kölgəsində, bəzən bir nənənin nağıl söyləyən səsində canlanır filoloqun baxışı. 25 may bu tarix rəsmi bir gün olmaqla yanaşı, həm də bu gün, ruhunu sözə tapşıranların günüdür. Kağızda canlanan cümlələrin, mübtəda ilə xəbər arasında qurulan görünməz körpülərin, kitabların içində böyüyən düşüncələrin günüdür 25 may.

Filologiya nədir sualını cavablandırmaq istəyən biri qələm götürmədən öncə öz iç səsinə qulaq asmalıdır. Çünki filoloq olmaq yalnız kitab oxumaq deyil. Yalnız bir sözü başa düşmək yox, onu min illik zamanda yaşatmaqdır. Filologiya sətirlərin arasında gizlənən kədəri, bir vergülün arxasındakı niyyəti anlamaq sənətidir.

Filoloq günü 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində qeyd olunmağa başlanılıb. Bu günün özü beynəlxalq xarakter daşıyır; o, Moskva Dövlət Universitetinin Filologiya fakültəsi sayəsində ölkəmizə gəlib, bu tarix ilk dəfə məhz Moskvada qeyd olunub. Amma bu tarixdən öncə də sözə səcdə edənlər vardı. Antik Yunanıstandan gələn filologiya anlayışı sevgi ilə düşüncə arasında körpü qurdu: “philo” – sevgi, “logos” – söz, yəni filologiya sözə olan sevgidir.  

Filologiyanın kökləri antik dövrlərə gedib çıxır. Qədim Yunanıstanda Homer əsərlərinin şərhi və Sanskrit filologiyası kimi ənənələr bu sahənin ilk nümunələrindəndir. Orta əsrlərdə yazılmış mətnlərin araşdırılması və intibah dövrünədək klassik mətnlərin yenidən tədqiqi filologiyanın inkişafında mühüm rol oynayıb. Bu sevgini öz canına hopduran insanlarsa adını tarixə yazıblar; həm də yalnız yazmayıblar, topladılar, qorudular, dilin canını arxivlərdən çıxarıb həyata qaytardılar.

Bəziləri filologiyanı ölü dillərlə maraqlanan bir sahə zənn edir. Halbuki filoloq unudulmuş sətirləri oyadan, köhnəlmiş sözlərə yeni nəfəs verəndir. Filoloq, yalnız bir lüğət yaradan deyil, həm də bir millətin mənəvi lüğətini tərtib edən şəxsdir. O təkcə “Nədir?” sualına deyil, həm də “Niyə belədir?” sualına cavab axtarır. Çünki filoloqun işi məna ilə başlayır, fəlsəfə ilə dərinləşir, ədəbiyyatla can tapır.

Ədəbiyyat filologiyanın nəfəsidir. Bu nəfəsi yaşatmaq üçünsə, sadəcə, məlumat deyil, dərin duyum, diqqətli baxış, düşüncəli yanaşma gərəkdir. Ədəbiyyat hər zaman yazıçı ilə başlamır, oxucu ilə də bitmir. O, filoloqun qəlbində yaşayır, tənqidçinin ağlında yenidən doğulur və ən əsası, gələcək nəsillərin ruhuna doğru yol tapır. Sözlər unudula bilir, amma dahilərin yaratdığı əsərlər əbədi qalır.

Ədəbiyyat insan ruhunun kağız üzərində əksidir. Əbu Turxan demişkən: “Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər”. Bu cümlə adi bir cümlə deyil, bütün ədəbiyyatın sirrini özündə daşıyan bir güzgüdür. Füzuli bir məhəbbət deyərkən, əslində, qürurun, hicranın və insan tənhalığının portretini çəkirdi.

Hər kəs oxuya bilər, amma hər kəs anlaya bilməz. Bu baxımdandır ki, tənqidçi yalnız oxuyan deyil, anlayan insandır. O, yazıçının bir cümləsində gizlənən əsrin səsini eşitməlidir. Əbu Turxanın fikrində bu həqiqət açıqca ifadə olunur: “Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz”. Bu, sözə deyil, sözün arxasındakı düşüncəyə baxmağı tələb edir. Yazıçı yaradır, tənqidçi anlayır. Onlar yazarkən, əslində, fikri sözə çevirirlər.

Filoloq sanki bir arxeoloq kimidir, amma torpaqdan deyil, sətirlərdən tapır xəzinəni. Onun tapdığı xəzinə isə qızıldan deyil, elmin özündəndir.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

Dil ünsiyyət vasitəsindən ziyadə xalqın göz yaşının, gülüşünün, inamının, müqavimətinin səssiz şəklidir.  

Tolstoy “Etiraf” əsərində bu həqiqəti sadə, eyni zamanda sarsıdıcı şəkildə göstərir.

“Dəhşətli dərəcədə qəribə də olsa, indi mənə aydındır ki, bizim əsl, həqiqi marağımız mümkün qədər çox pul almaq, təriflənmək olub. Bu məqsədə çatmaq üçün isə yalnız kitab-qəzet çıxartmağı bilirdik. Elə onu da edirdik. Ancaq bu qədər faydasız işlə məşğul olub çox vacib insanlar olduğumuza inanmağımız üçün bu fəaliyyətimizə haqq qazandıran başqa bir düşüncə də olmalı idi. Elə buna görə də belə bir fikir ortaya atmışdıq: “Var olan hər şey şüurludur və var olan hər şey inkişaf edir. İnkişaf isə maarifçilik vasitəsilə olur. Maarifçilik də, öz növbəsində, kitabların, qəzetlərin yayılması ilə ölçülür. Bizə ona görə pul ödəyir, ona görə hörmət bəsləyirlər ki, kitab yazırıq, qəzet buraxırıq. Bax elə bu səbəbdən biz ən faydalı, ən yaxşı insanlarıq. Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı, ancaq birinin irəli sürdüyü ideyaya başqası tam əks olan bir fikir ilə qarşı çıxdığından, biz yenidən düşünüb götür-qoy etməyə məcbur olurduq. Lakin biz bütün bunları görmürdük. Bizə yaxşı pul verir, tərəfdarlarımız bizi öyüb göylərə qaldırırdılar. Ona görə də hər birimiz özünü haqlı sayırdı.
İndi mənə aydındır ki, dəlixanadakı dəlilərlə bizim aramızda heç bir fərq olmayıb. Ancaq o vaxtlar yalnız azacıq şübhələnir və digər dəlilər kimi, mən də özümdən savayı hamını dəli adlandırırdım”.

... Maarifçilik dediyimiz anlayış bir zamanlar insanı azad edən, cəmiyyətləri oyadan, qaranlığı işıqlandıran bir məşəl idi. Amma zaman keçdikcə bu məşəl bir çox əllərdə yalnız şəxsiyyət nümayişinə, tərif və qazanc vasitəsinə çevrildi. Fikir vasitə oldu, məqsəd isə görünmədən dəyişdi. “Maarifləndiririk” deyə-deyə kitablar yazdılar, qəzetlər çıxardılar, lakin sözün özü bizdən uzaqlaşdı.  Və nəticədə, Tolstoyun dediyi kimi, hər kəs öz ideyasına aşiq, başqasının düşüncəsinə isə düşmən kəsildi.

Amma o bir cümlə yenə də bütün bu xaosun içində açar kimi dayanır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı”. Həmrəylik – təkəbbürdən, eqodan, mənəm-mənəmlikdən imtina edərək bir ümumi “biz”in yaranmasıdır. Filologiya, ədəbiyyat, maarifçilik, bunların hər biri məhz bu “biz” məfhumuna möhtacdır. Əgər filoloqlar bir-birini boğmağa yox, anlamağa çalışsa, əgər yazıçılar bir-birinə qarşı deyil, bir ideyanın fərqli səsləri kimi yanaşsa, əgər oxucu da, sadəcə, tərif üçün deyil, gerçək anlam üçün kitaba yaxınlaşsa, onda bəli, Tolstoyun gəldiyi fikrin nəticəsi, həqiqətən, gözəl olardı.

Deməli, ideyaların özündən daha çox ona yanaşma tərzimiz dəyərlidir. Və bəzən ən doğru fikirlər belə yalnız həmrəylik göstərilmədikdə məhv olur, içi boşalır. Əsl maarifçilik isə birlikdə baş verir. Fikrin yeganə müdafiəçisi səmimiyyət və birgə əməkdir.

Biz keçmişdən gəlib, gələcəyə gedirik; sözlə, sədaqətlə, səssiz, amma əbədi bir səslə. Zaman dəyişir, texnologiya inkişaf edir. Amma söz hələ də insanın ilk və son sığınacağı olaraq qalır. Gələcəyin filoloqları, bəlkə də, dil modelləri ilə müqayisələr aparacaq, amma yenə də onların qəlbində bir köhnə dəftərin iyini sevən ürək döyünəcək. Onlar yenə də bir şeirin ritmini, bir romanın ideyasını, bir hekayənin sirrini oxumağa çalışacaqlar.  

Filologiya bir az keçmiş, bir az gələcək, amma tam mənası ilə bu gündür. Bu gün, çünki söz bu andadır. Dünən, çünki dil kökə bağlıdır. Sabah, çünki söz yaşadıqca insan yaşayacaq. Filoloq isə bu zamanların hamısını öz qəlbində daşıyan şəxsdir. Bəzən bir lüğətin səhifəsində, bəzən unudulmuş bir əlyazmada, bəzən bir uşaq şeirində gizlənir onun izi.

Bu gün, 25 mayda, əgər sənin qəlbində sözə qarşı bir sevgi varsa, əgər sətirlərin içində itməkdən qorxmursansa, əgər bir dili sevirsənsə, deməli, sən də bir filoloqsan. Sən də bu böyük düşüncə yolunun yolçususan. Və unutma: sözə xidmət etmək heç zaman köhnəlməyəcək bir məbəddə ibadət etməkdir.


Fərasət BABAZADƏ
Naxçıvan Dövlət Universitetinin

Filologiya ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 25.05.2025 10:30