NAXÇIVAN :

18 Aprel 2025, Cümə

FHN “Duzdağ Estate" Məhdud Məsuliyyətli Cəmiyyətində yanğın-taktiki təlim keçirib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən “Duzdağ Estate" Məhdud Məsuliyyətli Cəmiyyətində “Kütləvi insan cəmləşən mehmanxana və otellərdə ehtimal olunan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda  yanğın-taktiki təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, təlimin keçirilməsində məqsəd oteldə baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə otel personalının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən otelin işçi heyətinə baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilkin zəruri addımlar barədə maarifləndirici məlumatlar verilib, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.

Təlimin praktiki hissəsində isə otel personalı yanğınsöndürən və xilasedicilərlə birgə oteldə şərti olaraq baş verən “yanğını” qısa müddətdə “söndürüb”, “zərərçəkmişlərinin” təxliyəsini həyata keçiriblər.

Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 11.04.2025 16:59