NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Fəxr edirəm ki, mən Elbrus kimi qəhrəmanın anasıyam

...

Elbrus Səmrəddin oğlu Əhmədov 

(09.05.1988-30.11.2021)

Elbrusun arzusu hərbçi olmaq, Vətənin keşiyində dayanmaq idi. Ona görə öz istəyi ilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdu. Kursant vaxtı evimizə xoş sədası gəlirdi. İdmana da güclü maraq göstərirdi. Cüssəli idi. Qardaşları ilə güləşər, onlarla vaxt keçirməyi xoşlayardı. Atası ilə çox yaxın dost idilər. Həmişə ondan məsləhət alardı. Atası da Elbrusun fikirlərini həmişə dəstəkləyirdi. Müharibədə Elbrus helikopterlə qəhrəman kimi iştirak etdi. Döyüş yoldaşları ilə çox mehriban idi. 

33 yaşı tamam olacaqdı. Evə gəlmişdi. Susqun idi. Soruşdum ki, oğlum, niyə beləsən? Dedi ki, ay ana, qoy ürəyimdəki ürəyimdə qalsın. Məni narahat etməmək üçün yenə susdu. Təkid etdim ki, oğul, dərdi deyəndə adam yüngülləşir. Dedi ki, ana, səni narahat etmək istəmirəm. Ana, helikopterimin qanını Xəzər yusa bitirə bilməz. O cür ki, qəhrəman şəhidlər, yaralı igidlər daşıdım. 

Gördükləri, yaşadıqları, təbii ki, ona pis təsir edirdi. Müharibənin ağrı-acısının içində olaraq orada gördüklərini unuda bilmirdi. Deyirdi ki, kaş mən də şəhid olaydım. Deyirdim ki, ay oğul, sənə qurban olum, Allah səni üç körpə balana bağışlayıb. Deyirdi ki, ana, şəhidlik bir zirvədir. Bu zirvə hər kəsə qismət olmur. 
Özünə ancaq bu zirvəni arzulayırdı. Demək ki, balamın qismətində şəhid olmaq varmış. Şəhid olanda iş yoldaşları təsəlli verirdilər ki, ana, narahat olma. Elbrusun öz arzusu idi. Arzusuna çatdı. Hamımızın da ürəyindədir.
Bu gün onun 3 yadigar balası yaşayır. Bir qızı və iki oğlu qəhrəman atalarının adına layiq böyüyürlər. Bu gün fəxrlə deyirəm ki, mən 
Elbrus kimi qəhrəmanın anasıyam. Qəhrəman balalarımızın canı, qanı bahasına işğalda olan torpaqlarımızı azad etdik. İgid oğullarımızın ürəklərində olan qisas hissi müharibədə onların döyüş əzminə çevrildi. Adları ilə Vətənimizin adına “Zəfər” sözünü yazdılar. Bu gün hər birimiz qürur, iftixar hissi keçiririk. Əminik ki, gələcək nəsillər də bu cür yüksək vətənpərvərlik ruhunda böyüyəcəklər. Allah xalqımıza bir daha müharibə yaşatmasın. Bayrağımız daim uca zirvələrdə dalğalansın. Elbrus kimi oğulların da ruhu şad olsun.

Nəşr edilib : 15.12.2024 17:31