NAXÇIVAN :

11 Noyabr 2026, Çərşənbə

Eyni peşəni sevən iki insan üçün iş yeri də, həyat da ortaq bir yola çevrilə bilər

...

Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimləri Tusi və Pərvin Həsənlilərin tələbəlikdən başlayan, bu gün isə həm məktəbdə, həm də ailədə davam edən hekayəsi.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu sözlərin mahiyyəti üzərində düşündükcə müəllimlik peşəsinin, yalnız bilik öyrətməkdən ibarət olmadığı aydın görünür. Müəllim şəxsiyyət formalaşdırır, vətəndaş yetişdirir, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürür. Bəzən bir müəllimin söylədiyi sadə bir cümlə illər sonra şagirdinin həyatında doğru qərarın başlanğıcına çevrilir. Elə buna görə də cəmiyyətin inkişafında müəllim əməyinin xüsusi yeri var.

Bu müqəddəs peşəyə həyatlarını birlikdə bağlayan gənc müəllim ailələri isə müəllimlik sevgisini daha fərqli yaşayırlar. Onların evində məktəb söhbətləri zənglə bitmir, sinifdə yaşananlar, evdə davam edir. Eyni peşəni bölüşən həyat yoldaşları bir-birinin həm həmkarı, həm sirdaşı, həm də ən yaxın dəstəkçisinə çevrilirlər.

Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Tusi Həsənli və Pərvin Həsənli də belə ailələrdəndir. Onların hekayəsi isə eyni məktəbdən deyil, tələbəlik illərindən başlayır. Vaxtilə Naxçıvan Dövlət Universitetində eyni qrupda təhsil alan iki gənc eyni auditoriyada tələbə kimi əyləşirdilər. Bu gün isə həmin iki tələbə eyni məktəbdə müəllim kimi çiyin-çiyinə çalışır. Bir vaxtlar qarşılarında müəllim dayanıb dərs keçirdisə, indi onların qarşısında öz şagirdləri var. Tələbəlik illərindən başlayan yol bu gün həm peşə həyatında, həm də ailə həyatında davam edir.

Tusi Həsənlinin artıq 16 illik pedaqoji təcrübəsi, Pərvin Həsənlinin isə 11 illik müəllimlik fəaliyyəti var. Bu illər ərzində məktəb onlar üçün, sadəcə, işlədikləri məkan deyil, həyatlarının ayrılmaz hissəsinə çevrilib.

“Çalışmışıq ki, şagirdlərə faydalı olaq, bildiyimiz bilikləri gələcək nəsillərə ötürək və Vətənimizə layiqli övladlar yetişdirək. Düşünürəm ki, vətənpərvərlik ruhunda gənclər yetişdirmək müəllimin ən vacib borclarından biridir. Təhsil də bununla yanaşı gəlir. Çünki təhsilli, savadlı gəncliyin Vətənimizin inkişafına öz töhfəsini verəcəyinə inanırıq”, – deyə Tusi müəllim bildirir.

Onların peşəsinə bağlılığını göstərən məqamlar sırasında bu il keçirilən sertifikasiya imtahanındakı nəticələri də xüsusi qeyd etmək olar. Tusi müəllim 60 mümkün baldan 59, Pərvin müəllim isə 57 bal toplayıb. Bu nəticə onların öz üzərlərində davamlı işləmələrini və peşəkar inkişafı önəmli hesab etdiklərini göstərir.

Tusi müəllim üçün müəllimlik sevgisinin kökləri isə daha əvvələ – ailəsinə gedib çıxır. Onun atası və bacısı da müəllimdir. Müəllim ailəsində böyüyən Tusi müəllim atasının yolunu davam etdirərək bu peşəni həyatının əsas istiqamətlərindən birinə çevirib. Bu gün isə həmin ailə ənənəsi onun və Pərvin müəllimin övladlarının böyüdüyü evdə davam edir.

“Düşünürəm ki, hər şey ailədən gəlir. Ailədə təhsilli insanların sayı çox olduqda uşaqlarda da təhsilə maraq yüksək olur. Mən də övladlarıma tövsiyə edirəm ki, təhsilli olsunlar, vətənlərinə faydalı övlad kimi yetişsinlər və bacardıqları qədər bu Vətən üçün çalışsınlar”, – deyə Tusi müəllim vurğulayır.

Pərvin müəllim üçün isə müəllimlik yolunun ən vacib tərəflərindən biri şagirdlərlə qurulan səmimi münasibətdir. O, şagirdlərinə yalnız bilik verməklə kifayətlənmir, onları daha yaxından tanımağa, düşüncələrini və maraqlarını anlamağa çalışır. Çünki onun fikrincə, müəllimlə şagird arasında qarşılıqlı səmimiyyət və etimad olduqda təlim prosesi də daha uğurlu nəticə verir.

Eyni ixtisasda təhsil alan, eyni məktəbdə çalışan Tusi və Pərvin Həsənlilər üçün müəllimlik artıq yalnız peşə deyil, həyatlarının ortaq dəyəridir. Onlar məktəbdə həmkar, evdə həyat yoldaşı, övladlarının yanında isə onların gələcəyini birlikdə düşünən valideynlərdir. Birinin məktəbdə yaşadığı uğur digərinin sevincinə, qarşılaşdığı çətinlik isə digərinin dəstəyinə çevrilir.

Bəlkə də, onların hekayəsində ən maraqlı məqam budur: vaxtilə eyni auditoriyada tələbə kimi başlayan yol bu gün eyni siniflərin qapısından keçir. Onlar indi öz şagirdlərinə yalnız Azərbaycan dilini və ədəbiyyatını öyrətmirlər. Həm də Vətəni sevməyi, təhsilin və zəhmətin dəyərini, cəmiyyət qarşısında məsuliyyət daşımağı aşılayırlar. Müəllim əməyinin ən gözəl tərəfi də elə budur – verdiyin biliyin, söylədiyin sözün və göstərdiyin yolun illər sonra başqa bir insanın həyatında izini görmək.

Tusi və Pərvin Həsənlilərin timsalında isə bu yol həm məktəbdə, həm ailədə, həm də gələcəyə olan ümidlərdə davam edir. Onların hekayəsi göstərir ki, eyni peşəni sevən iki insan üçün iş yeri də, həyat da zamanla ortaq bir yola çevrilə bilər.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 05.10.2026 15:50