Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Burada ruhu yaşadan təkcə insanlar deyil, yaddaşdır, ənənədir, kökdür
“Bu evlərin yüz ildən çox yaşı var. Biz onları qoruyuruq ki, tariximiz itməsin” – kənddə bizi qarşılayan Musa Şirəliyev evləri göstərərək sözə başlayır. Bu kəndin girişində insanı daha çox cəlb edir qədim evlər. Sarımtıl rəngə çalan palçıq divarlar, yazın ilk yağışından sonra torpaq qoxusu verən damlar, tarixlə birgə möhkəmlənmiş quruluş. Bu kənddə evlərin əksəriyyəti palçıqdan tikilib, sanki torpağın özündən boylanır. Qapılar köhnə, pəncərələri geniş, şüşələri qırıqdır. Yaxınlaşdıqca içəridə böyük həyatların yaşandığını hiss etdirir bu evlər insana. Köhnə, palçıqlı dar küçələrdən keçərkən ayaq səsləri belə ehtiyatla səslənir, sanki bu sükutu pozmaqdan çəkinirsən.
Köhnə məscid və yaxınlığında inşa edilən yeni məscid bu qədim diyarın mədəni irsinin ayrılmaz hissəsidir. Maxta kəndində həyat müasirliklə tarix arasında bir körpü kimidir. Bir tərəfdə qədim ənənələr yaşadılır, digər tərəfdə isə gənclər yeni həyata uyğunlaşmağa çalışır. Nə olsa da, kənd öz ruhunu qoruyub saxlayır. Burada hər daş, hər küçə, hər ev keçmişin bir xatirəsini yaşadır özündə.
Kəndin yaşlı sakinlərindən olan Musa müəllimlə söhbət edərkən zaman anlayışı tamam dəyişir. Onun danışdığı xatirələr, gördüyü günlər, eşitdiyi hekayələr bu kəndin tarixini, bəlkə də, kitablardan daha canlı şəkildə təqdim edir. O deyir ki, bu torpaq çox şey görüb, amma ən əsası, bu kənd heç vaxt ruhunu itirməyib. Maxtada inşa edilən evlər bir ustalığın nümunəsidir. Palçıq, daş və su qarışığından hazırlanmış bu köhnə tikililər yayda sərin, qışda isti olur. Bu isə təbiətlə harmoniyada qurulmuş həyatın ən ağıllı formasıdır. Daha dəqiq desək, burada insan təbiəti dəyişdirmir, onunla uyğunlaşmağa çalışır.
Kənd sakini Qurban müəllim isə evlərə, sadəcə, “ev” demir. Onlar üçün bu divarlar həm də xatirələrdir. Burada böyüyən uşaqlar, keçirilən bayramlar, edilən dualar, yaşanan sevinclər, kədərlər bu palçıq divarlara hopub. Hər çatlaq, hər iz bir hekayə danışır: “Bu palçıq evləri bizim babalarımız tikib, biz də qoruyuruq. Çünki bu bizim kökümüzdür. Bu kəndi fərqli edən onun nə geniş yollarıdır, nə də müasir binaları. Onu tanıdan, yaddaqalan edən palçıqdan tikilmiş qədim evləridir. Bu evlər, sadəcə, yaşayış yeri deyil, keçmişin nəfəsini bu günə daşıyan canlı abidələrdir”. Onun titrək səsindəki qürur və məsuliyyət hissi bu kəndin niyə hələ də yaşadığını izah edir. Deyir ki, kəndin dar, palçıqlı küçələri ilk baxışdan sadə görünsə də, əslində, dərin bir məna daşıyır: “Bu yollar illər boyu insanların gediş-gəlişinə şahidlik edib, sevincə də, kədərə də bələd olub. Yağışlı havalarda palçığa bürünən bu küçələr kənd həyatının səmimiyyətini özündə əks etdirir”.
Maxta kəndinin adının mənasına gəlincə, sakinlər deyir ki, bəzi tədqiqatçılara görə, kəndin adının bir neçə fərqli mənası var. Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla, iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilir. “Tağ/taq/” isə tağ, qol, hissə mənası verir. Oykonim isə “mahdeh” sözünun təhrif olunmuş formasıdır. Kəndin adını fars dilində mah (qala, düşərgə) və deh (kənd) sözləri ilə bağlayıb “qala kənd”, yaxud düşərgə qədim yaşayış yerində yaranmış kənd kimi izah edirlər. Maxta (makta) türk dillərində isə “üzərində kəlam yazılmış lövhə” mənasında işlədilir. Fikirlərə görə, bunlar arasında ən çox yayılmış isə “paxta” (pambıq) sözüdür ki, zamanla bu söz “maxta” sözü ilə əvəzlənib.
Adından da göründüyü kimi, insan bu kəndin hər döngəsində bir az da keçmişə yaxınlaşır, hər addımda müasir dünyanın səs-küyündən uzaqlaşır. Əsrlərin səsini bu günə daşıyan, köhnə evləri ilə yaddaqalan Maxtanın mərkəzində yerləşən qədim məscid isə sanki bu kəndin ürəyidir. Burada insanlar yalnız ibadət etmir, həm də görüşür, söhbət edir, xatirələrini bölüşür. Məsciddən ucalan azan səsi isə bu kəndin ruhudur: sakit, davamlı və dəyişməz.
Musa Şirəliyev deyir ki, bu ruhu yaşadan təkcə insanlar deyil, həm də yaddaşdır, ənənədir, kökdür. Bu kənd keçmişin bir parçası olsa da, eyni zamanda gələcəyə saxlanmalı bir mirasdır: “Bu məscid 1861-ci ildə inşa edilib. 1928-ci ildə isə buranı anbar ediblər. Lakin kənd sakinləri haradan gəldiklərini, hansı kökə bağlı olduqlarını unutmayıb, məscidi dağıntılardan qoruyaraq onu sonradan təmir ediblər. Bura təkcə ibadət yeri deyil, həm də tarix kitabının canlı səhifəsidir”.
Dağətəyi ərazidə, Araz çayının sol sahilində yerləşən Maxta kəndi İlk Tunc dövrünə aid yaşayış yeridir. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olan, əkin sahələri, qərb tərəfdən kanalla məhdudlaşan bu yaşayış məskəni bir vaxtlar cənub-qərb hissəsindən çəkilən dəmir yolu vasitəsilə dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb. 74 yaşlı Musa kişi deyir ki, yerli sakinlərin etirazından sonra dəmir yolu digər tərəfdən çəkilib və I Kültəpə (və ya I Maxta Kültəpəsi) tarixi abidəsi qorunaraq saxlanılıb. Abidə isə ilk dəfə 1985-ci ildə qeydə alınıb və 1988-1989-cu illərdə burada aparılan arxeoloji qazıntılar nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşından hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunub. Həmçinin kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə daşdan tikilmiş qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilib. Abidə e.ə. III minilliyə aid edilir. Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin orta mərhələsinə aiddir.
Maxta sakitliyi, təmiz havası və zəhmətkeş insanları ilə seçilən dağətəyi kənddir həm də. Sakinlər günə təsərrüfat işləri ilə başlayır. Kimisi mal-qaranı sahələrə aparır, kimisi isə əkin sahələrində çalışır. Bu kənddə zəhmət həyatın ayrılmaz hissəsidir, həyat sakit və təmkinli keçir. Burada hər şey təbiətlə uyğunlaşaraq davam edir. İnsanlar bir-birinə daha yaxın, daha doğmadır. Qapılar açıq, ürəklər isə daha genişdir. İnsanları gördükcə anlayırsan: müasirlik təkcə asfalt yoldan ibarət deyil, ən möhkəm iradə elə torpaqdan, insanın zəhmətindən yaranır. Elə ən dərin tarix də palçıq divarların içində gizlənir. O palçıq divarlar illərin izini içərisində daşıyaraq bu kəndin neçə-neçə nəsillərə şahidlik etdiyini, zamanın dayandığını, insanın öz köklərinə qayıtdığını, həyatın sadəliyində dərin məna tapdığı bir yeri göstərir. Kənddən ayrılarkən yalnız bir hiss insanda qalır: bəzən irəli getmək üçün geriyə, daha dəqiq desək, köklərə baxmaq lazımdır.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər