Azərbaycan ilə Pakistan arasında məhkəmə-hüquq sah...
11:11 22.07.2026
0
0
0
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Zamanın yaddaş qatlarını vərəqləyərək keçdiyim yola baxıram. Mən adi bir kağız parçası, mürəkkəb izlərindən ibarət mətbuat orqanı deyiləm. Mən Naxçıvanın döyünən ürəyi, tarixin canlı şahidi, min bir sınaqdan keçmiş ulu səsiyəm. 1921-ci il noyabrın 9-da ilk dəfə oxucularımın görüşünə gələndə içimdə böyük bir ümid, gələcəyə inam vardı. O zaman “Cavanlar həyatı” qoymuşdular. Gənc idim, qaynar idim, yeniliyin və gələcəyin sorağında idim. Yolum hamar olmadı. Zamanın sərt rüzgarları məni müxtəlif adların axarına saldı. Həmin ilin dekabrından bir müddət “Füqəra səsi” oldum, məzlumların, zəhmətkeşlərin haqq səsini dünyaya çatdırdım. Sonralar ulu Şərqin dünyaya açılan pəncərəsinə çevrildim, nurlu sabahlara boylanan baxışı oldum. Mənə “Şərq qapısı” dedilər. Dönəmlər dəyişdi, sovet illərində “Sovet Naxçıvanı” kimi addımladım. Amma ruhumdakı milli kimlik, doğma səs heç vaxt itmədi. Nəhayət, 1989-cu ildə yenidən öz əzəli adıma – ruhuma ən yaxın olan o müqəddəs “Şərq qapısı” adına qovuşdum.
Ötən əsrin yetmişinci illərində artıq mən bütöv bir xalqın tribunasına çevrilmişdim. 1969-cu ildən sonra həyatımda yeni bir yüksəliş mərhələsi başlandı. Mənə göstərilən diqqət və qayğı sayəsində gündəlik, böyük formatda işıq üzü görməyə başladım. Səhifələrim xalqımın milli-mənəvi dəyərləri, qədim mədəniyyəti və şanlı tarixi ilə zənginləşdi, hər sətrimdə milli özünüdərk duyğusu daha da gücləndi.
1990-cı illərin əvvəlləri mənim üçün ən böyük sınaq, həm də şərəf dövrü oldu. Azərbaycanın üzərini qara buludlar alanda, müstəqillik ideyaları ürəklərdə alovlandığı günlərdə mən də meydanda idim. Ümummilli Liderimiz Heydər Əliyevin Moskvadan doğma Naxçıvana qayıdışı mənim də taleyimdə yeni bir səhifə açdı. Həmin çətin illərdə ölkənin yüzlərlə mətbuat orqanı içərisində ilk olaraq səsimi ucaltdım. Vətənin düşdüyü bəlalardan yeganə xilas yolunu böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında gördüm və bunu qorxmadan, cəsarətlə bütün dünyaya bəyan etdim. Muxtar respublikanın taleyin ümidinə buraxıldığı, informasiya blokadasına salındığı o ağır günlərdə həqiqətin səsinə çevrildim, bu blokadanın yarılmasında üzərimə düşən missiyanı məsuliyyətlə yerinə yetirdim.
Böyük rəhbərin 1993-cü ildə yenidən Bakıya, ali siyasi hakimiyyətə qayıtması ilə mənim də yaralarıma məlhəm qoyuldu. Maddi-texniki bazam möhkəmləndirildi, qədim ənənələrim yeni nəfəs qazandı. Ən unudulmaz günlərimdən birini isə 2010-cu ilin iyulunda, milli mətbuatımızın 135 illiyinin qeyd olunduğu o müqəddəs gündə yaşadım. Dövlətin mənə göstərdiyi yüksək etimadın bariz nümunəsi kimi. Redaksiyam üçün müasir bina istifadəyə verildi. Mən ilk dəfə rəngli boyalarla, daha parlaq və daha zəngin tərtibatda oxucularımın görüşünə gəldim.
Bu gün mən əsrlik bir çinar kimi köklərimə bağlıyam. İndi həftədə bir dəfə oxucularımla görüşsəm də, hər nömrəmdə o qədim tarixin nəfəsi, şərəfli yolun qüruru yaşayır. Mən dünənin salnaməsi, bu günün aynası, gələcəyin bələdçisiyəm. Nə qədər ki bu torpaq var, nə qədər ki bu xalq var, mən də yaşayacağam. Çünki mən Naxçıvanın dünyaya açılan “Şərq qapısı”yam.
Elnurə CƏFƏROVA
Digər xəbərlər