İşığın və şüşənin sehrli harmoniyası – vitraj sənə...
09:38 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
20 sentyabr 2024-cü ildə özünün müstəsna dərəcədə əhəmiyyətinə görə xalqımızın tarixinə “Əsrin müqaviləsi” adı ilə düşmüş hadisədən bizi 30 illik bir dövr ayırır.
Məlumdur ki, Azərbaycan bir müstəqil ölkə kimi ilk addımlarını atmağa başladığı zamanda ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi çox böyük tarixi zərurət idi. Məhz belə bir çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin əsasları Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində formalaşdırılırdı. Hələ o vaxtlar Ulu Öndər söyləyirdi ki, iqtisadiyyatı möhkəm olmayan ölkənin, iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi müstəqilliyindən danışmaq olmaz. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmış, çox mühüm iqtisadi və siyasi islahatlar həyata keçirilməyə başlanmışdı. Heç şübhəsiz onların içərisində ən mühümü və çox böyük tarixi əhəmiyyət kəsb edəni 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Belə ki, Ulu Öndər yaxşı bilirdi ki, neft strategiyasını düzgün qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasi və iqtisadi vəzifələri həyata keçirmək mümkün olmayacaq, O da bəlli idi ki, böyük miqdarda sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş miqyasda istismar etmək mümkün deyildir. Məhz bu səbəbdən həmin dövrdə Azərbaycana sərmayə axınına nail olmaq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ idi. Bununla belə, həmin dövr ölkəmizdə qeyri-sabit vəziyyətin mövcud olması, vətandaş müharibəsi təhlükəsinin başımızın üstünü alması, total böhranın hökm sürməsi, mənfur qonşularımız və onların havadarlarının sünü şəkildə yaratdığı "Dağlıq Qarabağ" münaqişəsi ilə bağlı yaranmış problemlərin üst-üstə yığılmasə, eləcə də şimal və cənub qonşularımızın neft kontraktlarının imzalanmasına ciddi-cəhdlə mane olmağa çalışmaları Azərbaycanı dünyada çox riskli bir dövlət kimi tanıtmışdı.
Belə bir vəziyyətdə xarici investorların ölkəyə dəvət edilməsi və buna müsbət cavab alınması möcüzə kimi görünürdü. Lakin Ulu Öndərin fövqalədə bacarığı bu möcüzəni reallığa çevirdi. Sözsüz ki, bu hadisə Heydər Əliyev siyasətinin çox böyük uğuru idi. Şübhə yoxdur ki, dünyanın nəhəhg neft şirkətlərinin Azərbaycana dəvət edilməsi onlar üçün lazimi şərait yaradılmadan, qoyulacaq investisyaların qorunacağına dair etibarlı təminat verilmədən, o cümlədən qanunvericilik sahəsində lazimi addımlar atılmadan mümkün düyildi. Və bütün bu sadalananların öhdəsindən Ulu Öndər Heydər Əliyev layiqincə gələ bildi. Sösüz ki, onun şəxsi nüfuzu, hələ sovet dövründən dünyanın söz sahibi olan ölkələrində qüdrətli bir dövlət xadimi kimi tanınması bu işdə çox mühüm amillərdən biri olmuşdur. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də yenicə müstəqillik əldə etmiş respublikamız üçün çox böyük tarixi əhəmiyyət kəsb edən bir hadisə - “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın Xəzər Sektorunda yerləşən “Azəri”, “Çıraq”, “ Günəşli” ( AÇG) neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu müqavilə dünyada məhşur olan bir çox neft şirkətləri –“BP” (Böyük Britanya), ”Amoko” (ABŞ), “Lukoil” (RF), ”Statoil”(Norveç), “Türkişh Petrolium” (Türkiyə), “Unokal” (ABŞ), “İtochuco” (Yaponiya), “Ramco” (B.Britaniya), “Delta” (S.Ərəbistanı), “Penzoil” (ABŞ) və “Exon” (ABŞ) şirkətləri ilə Azərbaycan Dövlət Neft şirkəti( ARDNŞ) arasında imzalanmışdır.
Bu hadisə sözün əsl mənasında Heydər Əliyev neft strategiyasınının böyük təntənəsi idi. “Əsrin müqaviləsi” həm də ona görə tarixi hadisə sayılmalıdır ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq artmış, ölkəmiz özünü dünyada etibarlı tərafdaş kimi tanıda bilmişdir ki, bu da sonrakı mərhələlərdə çox vacib idi. “Əsrin müqviləsi“ imzalanmaqla Azərbaycanda nəhəng neft siyasətinə başlanmış və bu iş Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
“Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999-cu il) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Doğrudur, bu məqsədlə Sovet dövründən qalan neft kəmərlərindən (Bakı –Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və yenidənqurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də. Lakin Ulu Öndər gözəl bildirdi ki, Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yarada bilərdi. Buna görə də, neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Bu problemin həlli də Heydər Əliyevin neft strategiyasının ən mühüm tərkib hissələrindən biri idi. Şükürlər olsun ki, çoxsaylı, həm də çox ciddi maneələrə baxmayaraq sonda ulu öndərin bu ideyası da reallığa qovuşdu.
Təsadüfi deyil ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisi və onun istifadəyə verilməsi, elə “Əsrin müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə sayılır. Möhtərəm prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, BTC-nın tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyası vəziyyətə baxmayaraq xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları isə öz dəstəyini göstərdilər. Bununla da neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı. Bu gün artıq üç istiqamətdən nəql edilən neftimiz (BTC əsas istiqamət olmaqla) dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.
BTC-nin reallaşması Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin və bununla həm də siyasi müstəqilliyyinin məhəkdaşına çevrilərək azad iqtisadi mexanizimlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək, ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynamışdır. Sonrakı mərhələlərdə xarici investisiyaların, ən müasir avadanlıq və texnologiyaların, o cümlədən idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək kefiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi, dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Neftdən gələn gəlirlərin sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni-yeni iş yerlərinin açılması mümkün olmuşdur.
Ölkəmizdə ilbəil artan büdcə gəlirləri sosial sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətili mənbəyə çevrilmişdir. Təhsilə və səhiyyəyə, ordu quruculuğuna, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir. Son illər Azərbaycanın təkcə müdafiə sahəsinə ayırdığı büdcə xərcləri təcavüzkar Ermənistanın bütün xərclərindən yüksək olur. Digər tərəfdən, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında da “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin təməli də Ulu Öndərin neft strategiyası ilə qoyulmuşdu. “Əsrin müqaviləsi” həm də Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi, özünə qaytardı. O, Azərbaycanın bu gününü yaratdı, gələcəyini müəyyən etdi. Həm müasirlərimiz, həm də gələcək nəsillər üçün Neft Fondunu formalaşdırdı.
Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq işləri də məhz “Əsrin müqaviləsi”nin imzalanması, Ulu Öndərin neft strategiyasının reallaşması sayəsində mümkün olmuşdu.
Qeyd etmək lazımdır ki, bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı da sürətlə gedir və buna təkan verən də məhz neft siyasəti, neft strategiyası olmuşdur. Onu da qeyd etmək vacibdir ki, “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtı ilə – 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur müqavilənin sürətlə icra olunmasına xidmət göstərdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (sovet dövründə) dərin özüllər zavodunu tikdirməsəydi, müqavilənin icrası çox yubana bilərdi. Həmin dövrdə ulu öndərin Bakıda neft avadanlıqları zavodunu, neftayırma və neft emalı zavodlarını tikdirməsi neftlə zəngin yataqların istismarını ləngidərək gələcək nəsillərə saxlaması da müqavilənin imzalanmasına təkan verən amillərdən sayılmalıdır.
Beləliklə, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qazandığı bütün uğurlarda Ulu Öndər Heydər Əliyev siyasi kursunun və onun tərkib hissəsi olan neft strategiyasının əvəzedilməz rolu olmuşdur. Bu strategiya beynalxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amildir. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitələrinə çevrilərək ölkəmizin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda, eləcə də digər bölgələrdə enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordor.
Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi, iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri tutumlu layihələri həyata keçirə bilməsi, büdcə gəlirlərini ildən-ilə əhəmiyyətli dərəcədə artıra bilməsi, müdafiə qüdrətini artırması və İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə çalması və sair Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Sonralar respublikamızda qaz əsrinin başlanması, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı mühüm rol da Ulu Öndərin neft strategiyası reallaşmadan mümkün olmazdı. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.
Tofiq ƏLİYEV
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təbii Ehtiyatlar İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor
Digər xəbərlər