NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Erkən təhsil gələcəyin uğurlu təməlidir

...

Beynəlxalq elmi tədqiqatlar göstərir ki, erkən yaşlarda keyfiyyətli təhsil insan inkişafının kritik mərhələsidir. Beş yaşınadək uşaqlarda baş verən sürətli neyrobioloji inkişaf prosesləri nəticəsində yetkin beynin təxminən 90%-i və əsas koqnitiv funksiyaların əksəriyyəti formalaşır. Bu fakt məktəbəqədər təhsilin əhəmiyyətini vurğulayır və onun uşaq inkişafındakı fundamental rolunu təsdiqləyir.

Beynəlxalq Oxu Qabiliyyətinin İnkişafı Tədqiqatı (PIRLS) və Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) kimi nüfuzlu qiymətləndirmə sistemlərinin hesabatları da göstərir ki, şagirdlərin akademik nailiyyətlərinə təsir edən mühüm faktorlardan biri və bəlkə də birincisi məktəbəqədər təhsilə cəlb olunma səviyyəsidir. Bu kontekstdə, Azərbaycanda cari vəziyyət diqqət çəkir. Düzdür, hazırda ölkəmizdə uşaqların təxminən 35%-i məktəbəqədər təhsilə cəlb olunub.

Bir çox ailələr, xüsusən də iqtisadi cəhətdən əlverişsiz icmalarda olanlar, coğrafi maneələr və əlverişli variantların olmaması səbəbindən məktəbəqədər təhsil müəssisələrinə daxil olmaqda çətinlik çəkirlər. Erkən təhsilə çıxışı olmayan, təcrid olunmuş ailələrdən olan uşaqlar ibtidai məktəbə əlverişsiz şəraitdə başlama riski ilə üzləşirlər ki, bu da onların akademik səyahətləri boyu davam edən potensial nailiyyət boşluqlarına gətirib çıxarır. Etibarlı və əlçatan məktəbəqədər təhsil seçimlərinin olmaması valideynlərin, xüsusən işləyən anaların üzərinə yük qoyur, onlar uşağa qulluq etmək öhdəlikləri və məşğulluq arasında seçim etməlidirlər ki, bu da ailənin gəlirinə və iqtisadi sabitliyə təsir göstərir. Erkən uşaqlıq dövründə təhsil imkanlarının olmaması isə uşaqların potensialını məhdudlaşdırır, yoxsulluq dövrlərini davam etdirməklə cəmiyyətin inkişafına mane olur. Bir sözlə, keyfiyyətli məktəbəqədər təhsilin olmaması uşaqların formal məktəbə hazırlığına, onların gələcək təhsil və karyera perspektivlərinə təsir edən uzunmüddətli nəticələrə səbəb olur.

Qlobal təcrübədə məktəbəqədər təhsilin səmərəli təşkili üçün müxtəlif innovativ modellər tətbiq olunur. Bu modellərdən biri də icma əsaslı məktəbəqədər təhsil qruplarıdır ki, 2018-ci ildən etibarən Azərbaycanda da uğurla həyata keçirilməkdədir. Bu proqram çərçivəsində indiyədək ölkə üzrə 16 mindən çox 3-4 yaşlı uşaq bu qruplara cəlb olunaraq erkən təhsil imkanlarından faydalanmışdır. Erkən təhsil almadan birbaşa beşyaşlılar və birincilər sırasına qoşulan uşaqların gələcəkdə, təhsil müddətində üzləşdiyi çətinlikləri, təhsil almaqda çətinlik çəkdiklərini öz təcrübəmdə, dərs dediyim uşaqların nümunəsində dəfələrlə müşahidə etmişəm.

Məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqların təhsil müddəti boyunca dərsi qavraması, aktivliyi, çalışqanlığı bu mərhələni keçməyən uşaqlardan hər zaman yüksək olmuş, ali məktəblərə qəbul göstəricilərində də onlar hər zaman üstünlük təşkil etmişlər. Təəssüflər olsun ki, çalışdığım Naxçıvan şəhər Ə.Sultanlı adına 10 nömrəli tam orta məktəbin yerləşdiyi ərazidə də bağça və ya digər məktəbəqədər təhsil müəssisəsi yox idi. Nəticədə həmin ərazidən məktəbimizə qəbul etdiyimiz birincilər çox zəif, hazırlıqsız olurdular ki, bu da məni bir müəllim olaraq hədsiz dərəcədə narahat edirdi. Məktəbimizin müasir tələblərə cavab verəcək standartlar əsasında tikilməsi, kifayət qədər boş sinif otaqlarının, digər zəruri avadanlıqların olması bu məktəbdə də icma əsaslı məktəbəqədər qruplarının açılmasına imkan verirdi.

Elə buna görə də 2023-2024-cü tədris ilində “Erkən təhsil – gələcəyin uğurlu təməlidir” adlı qrant layihə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən qrant müsabiqəsində iştirak etdim və qaliblər sırasına düşdüm. Məktəbimizin imkanlarından istifadə etməklə yaratdığımız 2 icma əsaslı məktəbəqədər qrupda bu gün 40-dan artıq uşaq gələcəyə, ən azından məktəb həyatına hazırlaşır. Məktəbimizdə yaradılan icma əsaslı məktəbəqədər qrup artıq iki ildir ki, gələcəyimiz olan uşaqların erkən təhsil almasına dəstək olur. Həyata keçirdiyimiz layihə çərçivəsində pedaqoji təcrübə artıq bu gün Naxçıvan Muxtar Respublikasının bir neçə qabaqcıl məktəbində də tətbiq edilir. Ötən il muxtar respublikamızda qonaq olan Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev də məktəbimizdə olarkən bu layihə ilə yaxından tanış olmuş, gördüyümüz işləri təqdir etmişdir.

Rəhbəri olduğum “Erkən Təhsil – gələcəyin uğurlu təməlidir” layihəsi 3-5 yaşlı uşaqlar üçün keyfiyyətli erkən təhsilə məhdud çıxışın aktual probleminin həllinə yönəlmiş transformativ təhsil layihəsidir. Xüsusilə təcrid olunmuş icmalar arasında məktəbəqədər təhsilə qeyri-bərabər çıxış problemi həm fərdi inkişafa, həm də ictimai tərəqqiyə təsir edən geniş nəticələrə malikdir və bu problemin həllinə kömək etmək layihəmizin əsas məqsədlərindəndir. Layihəmiz həm də icma əsaslı təhsilin, məktəb infrastrukturunun və məktəb rəhbərliyinin güclü tərəflərini birləşdirərək, “Erkən Təhsil – gələcəyin uğurlu təməlidir” şüarı altında cəmiyyətimizin ən gənc üzvlərinin akademik və sosial cəhətdən inkişaf etməsi üçün onları lazım olan bilik və bacarıqlarla gücləndirmək məqsədi daşıyır. Bu layihə məktəbəqədər yaşlı uşaqların ən vacib ehtiyaclarına xidmət etməklə yanaşı, Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi üçün möhkəm zəmin yaradır.

Vüsalə QƏNBƏROVA

Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin

 tədris işləri üzrə direktor müavini,

“Erkən təhsil – gələcəyin  uğurlu təməlidir” qrant layihəsinin rəhbəri

Nəşr edilib : 21.02.2025 10:21