NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

...

“Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u, yenilməz Azərbaycan Ordusunun dünyaya səs salan şanlı Zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Vətən müharibəsindəki qələbəmiz bir daha göstərdi ki, birlik və həmrəylik, iradə və əzmkarlıq Qələbəyə aparan yeganə yoldur. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir. 27 sentyabr tarixi nəinki Azərbayca­na, o cümlədən Cənubi Qafqaz regionu­na sülh müjdəsinə əsas yaradan tarixdir. Buna görə qanından-canından keçmiş Vətən övladlarını məhz bu gün anı­rıq. Onlar yaşadığımız regionun sülh təmi­natçılarıdır, sülh və ədalət yolunda gənc həyatlarını qurban vermiş əsl fədakarlar, qəhrəmanlardır.” 

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva bildirib.

Deputat deyib: “Azərbaycanın müzəffər Ordusunun şücaəti, fədakarlığı, peşəkarlığı sayəsində məğlubiyyətini etiraf edib kapitulyasiya aktını imzalamağa məcbur qalan Ermənistan Azərbaycanın təkbaşına hərbi gücünü gördü. Üçtərəfli müqavilənin şərtlərindən biri də, Kəlbəcərin, Ağdamın və Laçının döyüş əməliyyatı aparılmadan Azərbaycana qaytarılması idi. Ermənilər Kəlbəcərin qaytarılmasını yubatmaqla bu bəndin yerinə yetirilməsini uzatmağa çalışsa da, yalnız əlavə on gün qazana bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

“Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu , Şuşada, Cıdır düzündə 30 ildən sonra Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Füzuli  və Laçın Beynəlxalq Aeroportunun istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşası  Qarabağı əsl cənnət məkanına çevirməkdədir.”- deyə Gülxarə Tarverdiyeva əlavə edib.

Nəşr edilib : 24.09.2025 13:57