Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Divarlarından minlərlə zəhərli quyruğun boylandığı, hər anında ölümcül səssizlik asılan bir məkandayıq. Hər tərəfə xüsusi şüşə və plastik qablar düzülüb, içərisində isə hərəkətsiz dayanan, lakin hər an hücuma hazır olan yüzlərlə əqrəb var. Bura Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Azərbaycanın yeganə əqrəb fermasıdır. Ferma adi bir təsərrüfat deyil; burada səhv etmək şansınız yoxdur. Kənardan sadə bir heyvandarlıq obyekti kimi görünsə də, daxildə tibbi biologiyanın ən son standartları tətbiq olunan məkandır bura.
Əqrəb ferması anlayışı ilk baxışda paradoksal görünə bilər. Ənənəvi heyvandarlıq sənayesi insanı süd, ət və ya digər məhsullarla təmin etmək üçün yaradıldığı halda əqrəb fermasının yeganə məqsədi mikrolitrlərlə ölçülən təhlükəli bir mayeni – zəhəri əldə etməkdir. Ümumiyyətlə, bəşəriyyət əsrlərboyu təbiəti 2 qütbə ayırıb: faydalı və zərərli olanlar. Əqrəblər həmişə bu ikinci qütbün, daha dəqiq desək, qorxu və qaçışın simvolu olublar. Lakin müasir elm və biotexnologiyanın inkişafı bu qədim “ənənəni”, deyimi kökündən dəyişib. Bu gün insanlıq qorxduğu canlıları məhv etmək əvəzinə, onların zəhərini gələcəyin şəfasına çevirmək üçün xüsusi fermalar qururlar. Naxçıvanda fəaliyyət göstərən əqrəb ferması da məhz bu təfəkkür inqilabının ən bariz nümunəsidir.
Qorxulu kabusların deyil, tibb elminin ən maraqlı sahələrindən birinin – əqrəb fermasının qapılarını açırıq. Fermaya daxil olarkən bizi kənd təsərrüfatı qoxusu deyil, kəskin bir steril mühit qarşılayır. Elə qapıda mütəxəssis Bayram Babayevlə söhbətləşirik. Deyir ki, fermadakı əqrəblər idxal olunmayıb: “Hamısı Naxçıvanın yerli təbiətindən, xüsusi dağlıq və quraq ərazilərindən toplanıb. Onlar yerli iqlimə tam uyğundur, lakin qapalı mühitdə müəyyən qədər kaprizləri olur. Ümumiyyətlə, əqrəblər isti və qaranlıq mühitləri sevirlər. Fermada ilin fəslindən asılı olmayaraq, temperatur sabit şəkildə, yəni 26 dərəcə səviyyəsində saxlanılır. İşıqlandırma minimuma endirilib, çünki əqrəblər gecə heyvanlarıdır və kəskin işıq onlarda güclü stres yaradır. Stres isə birbaşa zəhərin keyfiyyətini aşağı salır. Bu da bəzən heyvanın ölümünə səbəb ola bilər”.
Mütəxəssislə söhbətimiz zamanı öyrənirik ki, bu canlılar olduqca “tələbkar”dırlar. Onların bəslənməsi fermanın ən maraqlı və zəhmət tələb edən hissəsidir. Əqrəblər “ölü qida” qəbul etmirlər. Bu səbəbdən fermada bir bölmə var ki, onlar üçün xüsusi olaraq burada un qurdları yetişdirilir: “Əqrəblər təkliyi sevir, onları eyni qaba qoysanız, bir-birlərini yeyə bilərlər. Ona görə də hər birinin, belə deyək, öz fərdi “mənzili” var. Bala əqrəblər isə inkişafları üçün təbiətə buraxılır”.
Əqrəb fermalarındakı iş prosesi insanın təbiətlə olan münasibətindəki səbri və həssaslığı da simvolizə edir. Qaranlıq otaqlarda, ciddi temperatur nəzarəti altında saxlanılan canlıların hər birinə fərdi yanaşma tələb olunur. Mikroskopik dəqiqliklə həyata keçirilən sağım prosesi həm işçinin, həm də canlının həyatını riskə atmayacaq bir peşəkarlıqla idarə olunur: “Fermada zəhər istehsalı fasiləsiz zəncirvari prosesdir. Hər bir əqrəb qrupundan 15-17 gündən bir zəhər sağımı həyata keçirilir. Bu müddət əqrəbin zəhər vəzilərinin yenidən tam dolması və zəhərin tibbi konsentrasiyasını bərpa etməsi üçün mütləqdir. Bir əqrəbdən bir dəfəyə cəmi 0,1-0,5 milliqram zəhər almaq mümkündür. Yəni bir qram zəhər toplamaq üçün 350-400 əqrəbi sağmaq lazımdır”.
Reportajımızın ən gərgin anı zəhər sağım prosesidir. Xüsusi qoruyucu geyimdə olan mütəxəssislər sağılacaq əqrəbləri ehtiyatla götürürlər. Proses addım-addım belə icra olunur: Əqrəblər xüsusi alətlə quyruq hissəsindən tutulur. Zəhərin ifraz olunması üçün çox kiçikölçülü, heyvana zərər verməyən zəif elektrik cərəyanı vasitəsilə zəhər vəzlərinin daralması təmin edilir. Bu zaman əqrəb quyruğundakı iynədən şüşə qaba şəffaf zəhər damcıldadır. Maye zəhər dərhal laboratoriya şəraitində dondurulur və zəhər toz (kristal) halına gətirilir. Bu vəziyyətdə zəhər öz zülal strukturunu illərlə qoruya bilir. Proses tamamilə əl əməyinə əsaslanır və kiçik bir diqqətsizlik işçinin sancılması ilə nəticələnə bilər. Sağım prosesindən sonra əqrəblər yenidən qidalandırılır və bədənlərində zəhərin yenidən bərpa olunması üçün bir neçə həftə dincəlməyə buraxılırlar.
Müasir tibb kəşf edib ki, əqrəb zəhərinin tərkibindəki peptidlər insan bədənindəki sağlam hüceyrələrə toxunmadan, yalnız xərçəng hüceyrələrini hədəf almaq gücünə malikdir. Bundan əlavə, həmin zəhərdən güclü ağrıkəsicilərin və immun sistemini tənzimləyən preparatların istehsalında istifadə olunur.
Fermadan ayrılarkən anlayırsan ki, bəşəriyyət üçün vahiməli, təhlükəli görünən bu canlılar, əslində, minlərlə insanın həyatını xilas edən bir şəfa mənbəyidir. Sadəcə, doğru idarə olunduqda qorxunu elmə və sağlamlığa çevirmək mümkündür.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər