NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Ən qatı ümidsizlik içində belə təsəlli olmaq…

...

O hər uçuşa olduğu kimi, bu uçuşa da eyni sevgi və məsuliyyətlə hazırlaşıb, sakit, inamlı addımlarla təyyarəyə doğru irəliləyirdi. Üzündəki təbəssüm onun peşəsinin bir parçası idi. Bu təbəssüm təkcə nəzakət xatirinə deyildi, həm də onun peşəsinə vurğunluğunun, sevgisinin simasında əks olunan rəmzi idi. Hər uçuş bir başqa hekayə, bir başqa xatirə idi onun üçün. Bəzən sevinc dolu, bəzən həyəcanlı, bəzən gərgin… Amma budəfəki yolçuluq digərlərindən daha fərqliydi. Çünki bu yolçuluq onu sonsuzluğa aparırdı. O sonsuzluq ki bu gün onu hər bir azərbaycanlının qəlbində əbədi məşələ çevirdi. Bəli, həmin qəhrəman qadın gülümsəyərək sərnişinlərə “Xoş uçuşlar” arzulayan Hökumə Əliyeva idi. 
Səma sanki onun can evi, tükənməz eşqi idi. O, sərnişinlərlə ünsiyyəti, onlara yardım əli uzatmağı çox sevirdi. Təyyarənin içində bir rahatlıq yaratmaq, sərnişinlərin yolçuluğunun xoş təəssüratlarla yadda qalması onun təkcə vəzifə borcu yox, eyni zamanda insani duyğularının təcəssümü idi. Titrək səsi qulağımızdan getməyən, ölümə meydan oxuyan mübariz Azərbaycan xanımı Hökumə Əliyeva və ekipaj üzvlərinin Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarənin qəzaya uğraması zamanı yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində sərnişinlərin bir qismi xilas edildi. Bu şücaət onlara qəhrəmanlıq adı qazandırdı. Hökumə Əliyeva da bu adla Azərbaycanın 3-cü qadın Milli Qəhrəmanı oldu. 
Ölümə gedən yolda hər şeyin yaxşı olacağına inanmaq və inandırmaq. Ən qatı ümidsizlik içində belə təsəlli olmaq... O, əsl Azərbaycan qadınına yaraşanı etdi. Nə qədər zərif olsa da, bir o qədər güclü və əzmkar olan bu xanım son dəfə müqəddəs məslək məkanından – buludların üzərindən öz sərnişinlərinə xitab etdi. Bir az sonra sonsuz səma yerlə qovuşdu. Sonuncu dəfə buludlar üzərində hökm ona məxsus idi. Titrək səsli mübariz Azərbaycan qadını yaxşı bilirdi ki, bu onun sonuncu təlimatıdır.  
25 dekabr 2024-cü il... Dünya aviasiyası məhz bu tarixdə təyyarə bələdçisi Hökumə Əliyevanın simasında daha bir rəmzə malik oldu. Bu, Azərbaycan qadınının iradə, dözüm, cəsarət və mübarizə rəmzi idi. Səma qədər sevgisini layiqincə ifadə etmək üçün sonsuza qədər mübarizə aparan titrək səsli, mərd ürəkli bu xanımı hər dəfə təyyarə ilə səfər etdikdə çox güman ki, gözümüz axtaracaq. Gördüyümüz hər bələdçini ona bənzədəcəyik. Bir də başımızı səmaya qaldırıb baxanda “Hər şey yaxşı olacaq”, – deməyini əsla unutmayacağıq.
…Biz bu qəzadan sonra bir şeyi daha dərindən dərk etdik. Səma yolçuluğumuzun hamarlığını məhz onlara borcluyuq. Budur Azərbaycan qadınının dəyanəti… Dözümlü, mübariz, andından dönməyən Azərbaycan qadını! Onun qarşısını heç nə ala bilməz. Hətta ölüm qorxusu belə… 

Gülcamal TAHİROVA

Nəşr edilib : 08.03.2025 10:25