NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Ən müqəddəs və uca zirvə

...

Fuad Nazim oğlu Əlizadə 

(05.07.1994-07.11.2020)

Fuadın ilk olmağı bacarması məktəb vaxtlarından, parta arxasından başlayıb. Mən onu görürdüm. Bir ana kimi hiss edirdim. Birinci sinifdə oxuyarkən birinci partanı heç bir uşaqla bölüşmədi. 5 qiymətlərlə oxudu. Nümunəvi şagird oldu. Müəllimləri həmişə ondan razılıq edirdilər. Sinif yoldaşlarına qarşı da mehriban idi. Geridə qalan uşaqlara kömək edəndə sevinirdi. O da yadımdan çıxmır ki, əsgər görəndə çox diqqətlə baxırdı. Düşünürdüm ki, yəqin, uşaq həvəsidir. 8-ci sinfi bitirdikdən sonra hərbi liseyə sənəd verdi. Bir neçə gün sonra imtahan oldu. Qəbul edildiyini eşidəndə sevincindən bilmirdi ki, nə etsin.

Müharibə başlamazdan əvvəl hey deyirdi ki, ana, sənin bizi məktəbə apardığın vaxtları unuda bilmirəm. Hər dəfə məzuniyyətə gələndə də eyni qaydada təkrarlayırdı o sözləri. 
2011-ci ildə liseyi də nümunəvi kursant kimi bitirib, akademiyaya daxil oldu. Leytenant rütbəsi ilə həmin akademiyanı bitirdi. 2015-ci ildən Toğana qəsəbəsinə hərbi qulluğa göndərildi... 
Fuadgil ilk olaraq Murovdağda Buzluq adlandırılan mövqedən başlayıblar müharibəyə. Daha sonra Cəbrayıl, Qubadlı, Laçın, Füzulidə də olublar. Döyüş yoldaşlarına deyirdi ki, mən nə vaxt geri çəkilsəm, siz də çəkilərsiniz. Hər zaman öndə gedirmiş. 
2016-cı il Aprel döyüşlərində şəhid olan döyüş yoldaşlarının ölümü ilə barışa bilmirdi. Deyirdi ki, onlar mənimlə sağ-salamat döyüşə getdi, amma biz onların bir hissəsi ilə geri qayıda bildik. 44 günlük Vətən müharibəsində ürəyində qəribə bir hiss var idi. Deyirdim ki, Aprel döyüşlərində sənə heç nə olmadı, buradan da sağ qayıdarsan. Məni qəhrəman ana adlandırırdı. Mən o adın ağırlığını daşıya bilməzdim. Deyirdim ki, qoy elə mən Fəridin, Fuadın anası olaraq qalım… 
Müharibə zamanı tez-tez əlaqə saxlaya bilmirdik. Ehtiyat edirdik. Noyabrın 3-ü zəng etdi. Son döyüşlər gedən müddət idi. Deyirdi ki, mənə zəng vurmayın. İmkan olanda özüm zəng edəcəyəm. 23 gün biz onunla əlaqə saxlaya bilmədik. Bir neçə yerə müraciət etdik. Ancaq məlumat ala bilmədik… Demək, Laçın və Qubadlı istiqamətində bir neçə kəndi azad edib dayanıblar. Fikirləşiblər ki, postlarda az erməni qalıb. Döyüşə yenidən girən vaxt mühasirəyə düşüblər. Komandiri deyir ki, həmin vaxt 15 nəfər Fuadla birgə şəhid olub…
Ruhları şad olsun! Allah bütün şəhid analarına səbir versin!
 

Nəşr edilib : 25.09.2024 12:04