Sentyabrın hava proqnozu açıqlanıb: Bəzi yerlərdə ...
12:04 31.08.2026
0
0
0
NAXÇIVAN :
31 Avqust 2026, Bazar ertəsi
Bəzən bir rəqəm illərlə çəkilən zəhmətin, gecə-gündüz davam edən hazırlığın və böyük bir arzunun ifadəsinə çevrilir. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev üçün 690,6 bal məhz belə bir nəticədir. O, qəbul imtahanlarında yüksək nəticə göstərərək Naxçıvan Muxtar Respublikası üzrə birinci olub.
Bu münasibətlə Elsun Əliyevin yaşadığı ünvana gedib, onun və ailə üzvlərinin sevinc və təəssüratlarını öyrəndik. Söhbət zamanı məlum oldu ki, bu uğurun arxasında illərlə davam edən zəhmət, məqsədyönlü hazırlıq, ailə dəstəyi və müəllim əməyi dayanır. Elsun Əliyev buraxılış imtahanında 293,6, qəbul imtahanının ikinci mərhələsində isə 397 olmaqla, ümumilikdə, IV qurup üzrə 690,6 bal toplayıb. Əldə etdiyi nəticədən böyük sevinc və qürur hissi keçirdiyini bildirən Elsun Əliyev bu nailiyyətinin uzunmüddətli zəhmətinin və qarşısına qoyduğu məqsədin nəticəsi olduğunu deyib: “Bu nəticəyə görə çox sevincli və qürurluyam. Yüksək bal toplamağım məktəb illərindən etibarən davamlı şəkildə göstərdiyim səylərin və qarşıma qoyduğum məqsədə doğru inamla irəliləməyimin nəticəsidir. Orta məktəb dövründə RFM, RFO, AMO, SASMO kimi müxtəlif olimpiadalarda bir sıra nailiyyətlər əldə etmişəm. Bununla yanaşı, onlayn platformalarda erudit kimi iştirak edib, müxtəlif yarışlarda uğur qazanaraq birinci yerlərə layiq görülmüşəm. Düşünürəm ki, bütün bu təcrübələr və qazandığım uğurlar da qəbul imtahanında yüksək nəticə göstərməyimdə mühüm rol oynayıb".
"Uşaqlıqdan arzum həkim olmaqdır. İnsanlara kömək etmək, onların sağlamlığı uğrunda çalışmaq mənim üçün çox dəyərli və məsuliyyətli peşədir. Buna görə də gələcəyimi tibb sahəsində görürəm. İxtisas olaraq da Azərbaycan Tibb Universitetinin Tibb ixtisasını seçmişəm və həmin ixtisasa qəbul olmuşam.
Bu uğurun əldə olunmasında valideynlərimin və müəllimlərimin böyük əməyi var. Onlar hər zaman mənə inanıb və dəstək olublar. Buna görə də hər birinə öz dərin minnətdarlığımı bildirirəm”, – deyə Elsun əlavə edib.
O imtahana hazırlaşan gələcək abituriyentlərə tövsiyə olaraq bildirib ki, qarşılarına məqsəd qoysunlar, vaxtlarını düzgün planlaşdırsınlar və heç vaxt çətinliklərdən qorxmasınlar. Unutmasınlar ki, uğur təsadüf deyil, davamlı zəhmətin nəticəsidir.
Elsunun bu uğurunda ailəsinin də böyük payı var. Anası Samirə Əliyeva oğlunun əldə etdiyi nəticənin onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirib: “Bu il övladım Elsun qəbul imtahanında 690,6 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə birinci oldu. Bu gün bir valideyn olaraq həm sevincli, həm də qürurluyam. Bu sevinc hissini mənə yaşatdığı üçün oğlum Elsuna, onun üzərində əməyi olan bütün müəllimlərinə təşəkkürümü bildirirəm.
Hazırda iki övladım da ali təhsilli mütəxəssisdir və həkim kimi çalışırlar. Elsunun da məqsədi onların yolunu davam etdirməkdir. Düşünürəm ki, ata və ana üçün bundan böyük xoşbəxtlik yoxdur. Bir valideyn olaraq dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıya görə də öz dərin minnətdarlığımı bildirirəm”.
Elsunun babası, ziyalı Sabir Quliyev isə nəvəsinin uğurundan danışarkən Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladıb. O qeyd edib ki, hər hansı bir millətin tərəqqisi, ilk növbədə, təhsillə bağlıdır.
Uzun illər pedaqoq kimi çalışan Sabir Quliyev müəllim əməyinin əhəmiyyətindən danışaraq bu barədə yazılmış misraları da xatırladıb:
“Öyrətmək eşqiylə çəkdiyi zəhmət
Bağlıdır tükənməz iradəsinə.
Müəllimin şagirdə verdiyi qiymət
Yüz illər keçsə də, dəyişməz yenə”.
Özü də 45 ilə yaxın orta məktəbdə müəllim işlədiyini bildirən Sabir Quliyev nəvələrinin uğurundan qürur duyduğunu deyib: “Mən nəvələrimlə fəxr edirəm. Hər üçü də həkimlik peşəsini özləri üçün seçiblər. Mən bu yolda onlara uğurlar arzulayıram. Arzu edirəm ki, onlar gələcəkdə savadlı bir həkim kimi müstəqil dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət etsinlər. Bununla yanaşı, bu uğurun əldə olunmasında əməyi olan, gecə-gündüz öz biliklərini əsirgəmədən nəvələrimi öyrədən bütün müəllim kollektivinə öz təşəkkürümü bildirirəm”.
690,6 ballıq nəticə Elsun Əliyev üçün bir mərhələnin uğurlu sonu, yeni və daha böyük hədəflərin başlanğıcıdır. Qarşıda onu Azərbaycan Tibb Universitetində uzun və məsuliyyətli təhsil yolu gözləyir. Uşaqlıq arzusunu peşəyə çevirmək istəyən Elsun gələcəkdə savadlı, vicdanlı və insanlara fayda verən həkim olmağı qarşısına məqsəd qoyub. Bir məzunun qazandığı bu uğur yalnız bir ailənin sevincinə çevrilməyib. Elsun Əliyevin nəticəsi məqsədə inamın, davamlı zəhmətin və müəllim əməyinin uğura aparan əsas amillər olduğunu bir daha göstərir. Çünki böyük arzuların arxasında səbir, zəhmət və inam dayandıqda nəticə də böyük olur.
Nail ƏSGƏROV
Digər xəbərlər