NAXÇIVAN :

12 Iyun 2025, Cümə axşamı

Əli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub

...

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Özbəkistanın Baş naziri Abdulla Aripovla Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın hökümət başçısına “TEXNOPARK” barədə məlumat verilib. Qeyd olunub ki, “TEXNOPARK” MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. “TEXNOPARK” yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. “TEXNOPARK” MMC-nin sahəsi 103 hektardan artıqdır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə Özbəkistana rəsmi səfəri zamanı “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub.

Baş nazir Əli Əsədov burada istehsal olunan sənaye, texniki, elektron, inşaat və məişət məhsullarına baxıb.

Bildirilib ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan “TEXNOPARK” MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir.

“TEXNOPARK” MMC-də 20 sənaye istiqaməti birləşib. Burada həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.

Nəşr edilib : 11.06.2025 13:36