NAXÇIVAN :

30 Noyabr 2024, Şənbə

Ələsgər adını tarixə ən gözəl şəkildə yazdırdı

...

Ələsgər Zakir oğlu Əsgərov 

(12.05.1997-19.09.2023)

Bütün analar kimi mənim üçün də övlad itkisini sözlə ifadə etmək çox ağırdır, çətindir. Ancaq  şəhidliyin müqəddəs ölüm olduğunu düşünəndə qismən yüngülləşirəm. Rahatlıq, təsəlli tapıram. Eyni zamanda bütün şəhid valideynləri kimi qürurluyam. Fəxr edirəm Ələsgərimlə. 
Ələsgər iki bacının bir qardaşı idi. Bacılarından 11 il sonra dünyaya gəlmişdi. Ailəmizə sevinc, xoşbəxtlik gətirmişdi. O, doğulan gün sevincimizin həddi-hüdudu yoxuydu. Kiçik yaşlarından çox mehriban, qayğıkeş idi. Səliqə-sahmana ciddi fikir verərdi. Həmyaşıdları arasında da xətir-hörmət qazanmışdı. Orta təhsilini Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə aldı. Məktəbdə oxuyanda müəllimləri hər zaman razılıq edirdi. Hazırcavab idi. Dərslərinə böyük həvəslə hazırlaşırdı. Heç vaxt ondan narazılıq eşitmədik. Orta məktəbi yaxşı bitirdi. Ali təhsil aldı. Ancaq öz ixtisası üzrə işləmədi. Uşaqlıq arzusunun dalınca getdi. Polis oldu.

2020-ci ildə qazandığımız qələbə hər birimizə böyük sevinc gətirdi. Elə Ələsgərin də dilindən düşməzdi ordumuzun zəfəri. 2023-cü ilin avqust ayının sonunda xidməti fəaliyyəti ilə əlaqədar Şuşaya yollanmışdı. Ancaq məndən gizlətmişdi. Zəng edirdim, cavab vermirdi. Nigaran qalmışdım. Sonra Şuşadan şəkillər çəkdirib atdı ki, ana, narahat olma. Hər şey yaxşıdır, burada xidmətimi aparıram. Torpaqlarımız azad olunsa da, yenə də içimdə qorxuyla yaşayırdım. Erməni təxribatlarına görə narahat idim. Tale elə gətirdi ki, ölkəmizin suverenliyinin təmin olunmasında övladımın da payı oldu. Ötən ilin sentyabr ayında aparılan antiterror əməliyyatlarında Ələsgər də iştirak etdi. Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid oldu. 
Evimizin hər küncü, bucağı Ələsgərli xatirələrlə doludur. Bu gün bütün şəhid ailələri kimi dövlətimiz bizə də qayğı ilə yanaşır. O, indi təkcə mənim deyil, bütün Azərbaycan xalqının övladıdır. Qəhrəman polisdir. Adını tarixə ən gözəl şəkildə yazdırdı. Ələsgərin heç vaxt unudulmayacaq adı-sanı vardır. Ölkə başçısının Sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. Qəhrəmanlığını göstərən bu yadigarı, bir də gözəl xatirələri daim bizimlə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Nəşr edilib : 30.11.2024 14:58