NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Elçin Əliyev: Aksiya çərçivəsində 3,5 hektar sahədə 2200 ağac əkilib

...

Bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev “Şərq qapısı”na açıqlamasında  bildirib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunun məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə, 1 milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Layihənin icrasının tərkib hissəsi olaraq ötən il memorandumun iştirakçıları, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvlətlər Nazirliyinin dəstəyi ilə Kəngərli rayonu ərazisində 10 hektar ərazidə 10000-dən çox ağacın əkilməsi və ərazidə suvarma sistemlərinin quraşdırılması təmin edilmişdir. 
Elçin Əliyev əlavə etdi: "Prosesin davamı olaraq cari ildə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Zəfər bayramının 5 illik yubileyi ərəfəsində adı çəkilən qurumların dəstəyi və iştirakı ilə Pircuvar meşəsi ərazisində 3,5 hektar ərazidə 2200 ədəd ağac əkilməsini həyata keçiririk. Aksiyada muxtar respublikamızda fəaliyyət göstərən bütün bank və sığorta filiallarının nümayəndələri iştirak edirlər.
Reallaşdırdığımız ağacəkmə aksiyası muxtar respublikada geniş vüsət almış yaşıllaşdırma tədbirlərinə bir töhfədir. Aksiyanın Zəfər bayramının 5 illik yubileyi ərəfəsinə təsadüf etməsi isə özlüyündə xüsusi önəm daşıyır.
Fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm", – deyə o qeyd edib.

Nəşr edilib : 04.11.2025 20:17