NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Ədəbiyyat xəzinəmizin əbədi sözə çevrilən böyük qələm sahibi

...

105 yaşlı Xalq yazçımız Hüseyn İbrahimova ithafən…

Yorulmaz ədəbi fəaliyyəti ilə yaddaşlarda qalan Xalq yazıçımız Hüseyn İbrahimov ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatına sanballı əsərlər bəxş etmiş, 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povestlə məhsuldar yazıçı kimi hörmət qazanmışdır. Hüseyn İbrahimov 1919-cu ildə Cəlil Məmmədquluzadənin “sahibi-mənsəb və ziyalılar vətəni” adlandırdığı, ədəbiyyat, mətbuat və incəsənətimizə qüdrətli simalar bəxş etmiş Araz çayı sahilində yerləşən Şahtaxtı kəndində dünyaya gəlmişdi. Qədim Şahtaxtı kəndində keçirdiyi acılı-şirinli günlər, yazıçının uşaqlıq yaddaşına həkk olunmuş zəngin həyat hadisələri onun əsas həyat məktəbi olmaqla bərabər, həm də gələcək yaradıcılıq yoluna yön vermiş, ona gələcəyin istedadlı yazıçısı kimi yeni cığırlar açmışdı… 
Hüseyn İbrahimov 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, təhsil aldığı illərdən başlayaraq yaradıcılıqla məşğul olmuşdu. Elə ilk qələm təcrübələri də bu dövrlərdə meydana çıxmışdı. Təhsilini bitirdikdən sonra Şərur rayonunun Sədərək kənd orta məktəbinə təyinat alması (1940), burada keçən qısamüddətli pedaqoji fəaliyyət dövrü isə istedadlı yazıçının Şahtaxtı məktəbinin şagirdi ikən başlanan, texnikumda genişlənən müşahidələrinin dərinləşməsinə və zənginləşməsinə şərait yaratmışdı. Əvvəlcə Noraşen rayonundakı (indiki Şərur rayonu), daha sonra isə Naxçıvan Muxtar Respublikasındakı (1943-1947) Gənclər Təşkilatına rəhbərlik etməsi gənc Hüseyn İbrahimovun müxtəlif təbəqədən olan insanların həyatına daha yaxından bələdliyinə yol açmışdı. 
Görkəmli yazıçının tərcümeyi-halına nəzər saldıqda ilk olaraq onun məhsuldar fəaliyyəti diqqətimizi cəlb edir. Belə ki, Hüseyn İbrahimov hələ gənclik illərindən “Şərq qapısı” qəzetinin redaktor müavini (1947-1949) və Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri (1949-1954) vəzifələrində işləmiş, ardınca “Şərq qapısı”ının baş redaktoru təyin edilmişdir. Qeyd etmək yerinə düşər ki, yazıçının 1961-1965-ci illər, yəni “Şərq qapısı” qəzetindəki redaktorluq fəaliyyəti, gərgin və fədakar işi təkcə mətbuatın inkişafı ilə bağlı olmamış, bu müddət həm də onun cavan yazıçı kimi həyatın dərin qatlarını, ictimai münasibətlərin kəskinliyini, xarakterlərin daxili mürəkkəbliyini və incəliklərini öyrənməsinə geniş şərait yaratmışdı.
Yazıçının həyatında, tərcümeyi-halında, taleyində dövlət idarəçiliyi sahəsindəki fəaliyyəti xüsusi yer tutur. Təsadüfi deyildir ki, o, bir çox qələm dostlarından fərqli olaraq XX əsr Azərbaycan ədəbi-ictimai fikri tarixində dövlətçilik fəaliyyəti ilə yazıçılıq işini məharətlə uzlaşdırmağı bacaran sənətkarlardan biri kimi tanınır. Hüseyn İbrahimovun Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər qrupunun rəhbəri (1960-1961), Təbliğat və Təşviqat şöbəsinin müdiri (1965-1970), Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1970-1975) vəzifələrindəki fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri (1963-1970) kimi məsul dövlət işində təmsil olunması həm də onu özünəməxsus ictimai baxışlara malik olan peşəkar siyasi düşüncəli ziyalı, o cümlədən ictimai həyatla həmahəng fəaliyyət göstərən yazıçı səviyyəsinə çatdırmışdır. Görkəmli ədibin siyasi fəaliyyəti onun yaradıcılıq manerasına da təsir göstərmiş, romanlarında, povest və hekayələrindəki bir çox qəhrəmanlar bu dünyanın – ictimai-siyasi həyatın real obrazlarından birbaşa ədəbi həyata gətirilmişdir. 
Akademik İsa Həbibbəyli Hüseyn İbrahimovun 90 illik yubileyinə həsr etdiyi “Şəxsiyyətin və sənətin vəhdəti” adlı məqaləsində yazır: “Hüseyn İbrahimovun həyatı həmişə Yazıçılar Birliyi ilə üzvi surətdə bağlı olmuşdur. O, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi (1980-1997) vəzifəsində çalışdığı illərdə o, regionda milli ədəbiyyatın inkişaf etdirilməsi, yeni yazıçılar nəslinin formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Hüseyn İbrahimovun Naxçıvan Yazıçılar Birliyinin sədri kimi (1997-2010) fəaliyyəti də müstəqillik dövründə Naxçıvanda yeni ədəbi mühitin canlandırılmasına xidmət edir. Azərbaycan Yazıçılarının əllinci illərdən sonra keçirilmiş bütün qurultay və plenumlarının iştirakçısı olan Hüseyn İbrahimov həmişə ədəbiyyatın milliliyi, xəlqiliyi, həyatiliyi, təbiiliyi uğrunda mübarizə hərəkatında, sadə kənd adamları və ziyalılarının obrazlarının ön mövqeyə çıxarılmasında fəal görünmüşdür”.
Yaradıcılığa keçmiş sovet hakimiyyətinin tüğyan etdiyi bir dövrdə “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri ilə qədəm qoyan Hüseyn İbrahimovun gənclik illəri çox çətin dövrlərə təsadüf etmişdi. Bir tərəfdən amansız Stalin repressiyalarının başlaması, Azərbaycan ziyalılarının kütləvi şəkildə həbsə, sürgünə, hətta ölümə məhkum edilməsi, digər tərəfdən də İkinci Dünya müharibəsinin alovlanması onun kimi bir çox ziya sahiblərimizin həyatını alt-üst etmişdi. Soydaşlarımızı öz ata-baba yurdundan didərgin etdirən, qələm sahiblərimizə olmazın əzab-əziyyətlər yaşadan sovet hakimiyyəti bütün sahələrdə olduğu kimi, ədəbi müstəvidə də senzura tətbiq edir, ideologiyanı təbliğ etməyən əsərlərə qadağalar qoyur, görkəmli yazıçılarımızı isə, necə deyərlər, qara siyahıya salırdı. Belə bir zamanda öz qələmin, öz ruhun, düşüncən və ideyan ilə yazıb-yaratmaq çox çətin, hətta mümkünsüz iş kimi görünürdü. Lakin həqiqəti olduğu kimi, analiz etmək bacarığına, prosesləri qabaqcadan təhlil etmək səriştəsinə sahib olan bir neçə yazıçımız bütün bu ideoloji burulğanlardan kənarda yaradıcı fəaliyyət göstərməyə, sözün həqiqi mənasında, siyasətin ağır buxovları ilə mübarizə aparmağa çalışırdı. Həmin yazıçılar sırasında Hüseyn İbrahimovun da adı çəkilir; ona görə ki, yazıçının “Günəş doğan yerdə” romanını nəzərə almasaq, yaradıcılığının 40 ildən artıq dövrünü əhatə edən sovet hakimiyyətinin heç bir əlamətdar hadisəsi, tarixi günü və ya siyasi şəxsiyyəti haqqında onun bədii əsəri yoxdur. 
Görkəmli yazıçının yaradıcılıq duyumundan danışarkən mütləq şəkildə qeyd etmək lazımdır ki, Hüseyn İbrahimovun romançılıq istedadı bütün müsbət keyfiyyətləri ilə özünəməxsusluq qazanmışdır. Bəli, Hüseyn İbrahimov qələmini fərqləndirən başlıca səbəb əsərlərinin real həyatdan götürülməsi idi. Bununla yanaşı, görkəmli yazıçı əsərlərində, xüsusən də hekayələrində haqqında danışdığı coğrafi mühitin, ərazinin, o cümlədən qəhrəmanların koloritini yarada bilirdi. Yəni Hüseyn İbrahimov qələmi ilə tanış olanlar sanki Naxçıvanı, bu qədim yurd yerinin hər bir qarşını addım-addım gəzir, insanların həyatı, dünyagörüşü, onların dostluğu, düşmənçiliyi, bir sözlə, bütün müsbət və mənfi keyfiyyətləri ilə tanış olurdular. Yazıçının bədii irsinə daxil olan “Şirin xatirə”, “Qumralın məktubları”, “Təmiz adam”, “Kənd həsrəti”, “Arxayın Məmməd”, “Madam Heruta”, “Qadın nəfəsi”, “Vicdan səsi”, “Köhnə onluq”, “Aləmzər” əsərləri Azərbaycan ədəbiyyatının zərif, şümşad boynuna taxılan inci boyunbağının dənələri kimi bu gün də parlayaraq ədəbiyyatımıza yeni ayaq açan nasirlərə “nədən yazaq?” və “necə yazaq?” sualının ən təbii, gözəl cavabıdır. 
Yazıçının “Bahar yağışı”, “Günəş doğan yerdə”, “Əsrin onda biri”, “Böhtan” romanlarında epik təsvirin genişliyi, çoxşaxəliliyi, mövzunun dərinlik və əhatəliliyi, millilik və xəlqilik, tarixilik və müasirlik ön mövqeyə çəkilmişdir. Bu əsərlər yalnız həcminə görə deyil, qaldırdığı problemin dəyərinə, siqlətinə, insan talelərinin çoxsaylı süxurlarından bir neçə qatı açıb sökə bilməsinə, zəngin surətlər aləminə görə, sözün bütün mənalarında, sanballı əsərlərdir. Hələ ali təhsil aldığım illərdə – ikinci kursda oxuyarkən sevə-sevə mütaliyə etdiyim böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş “Əsrin onda biri” romanı isə sənətkarın taleyini, zaman və şəxsiyyət problemlərini bacarıqla əks etdirməsi baxımından olduqca dəyərli əsərdir.  
Əsası Mirzə Cəlillə yaradılan Azərbaycan satirik nəsrinin ənənələrindən yaradıcılıqla faydalanan Hüseyn İbrahimov müasir həyatda klassik novella qəhrəmanları ilə qarşılaşarkən “Sənə min rəhmət, Mirzə Cəlil”, yaxud “Heyif, Mirzə Cəlil sağ deyil” kimi yerinə düşən, cəlbedici epiqrafların gur işığı altında ənənəvi gülüş obyektinin müasir vəziyyətini bacarıqla açıb göstərə bilmişdi. Müəllifin təqdimatında Cəlil Məmmədquluzadənin məşhur Usta Zeynalına bənzəyən Arxayın Məmməd, Mirzə Qurbanqulunun əziz xələfi olan Əvəz Məmişoviç obrazları özlərini inkişafla ayaqlaşmayan adət və əməlləri ilə bir daha gülüş hədəfinə çevirmiş, öz xarakterləri, dünyagörüşləri və həyata baxışları ilə oxucuda maraq oyatmışlar. Bununla yanaşı, Hüseyn İbrahimov qələminə daxil olan “Arxayın Məmməd”, “Day lazım olmadı”, “Yeddinci meyit”, “Zırrama”, “Müdirin naziri”, “Barıt”, “Nərd”, “Eyvazovun salamı”, “Yersiz vahimə”, “Çaybaz Nəcəf”, “Menzurka” satirik novella janrının tələblərinə tam cavab verən uğurlu bədii nümunələrdir.
Uzun illər Azərbaycan ədəbi mühitində, o cümlədən Naxçıvanımızın ictimai-sosial, mədəni həyatında xidmətlər göstərmiş Hüseyn İbrahimov yaradıcılığı dövlətimizin diqqətindən kənarda qalmamış, onun 90, 100 illik yubileyləri ölkə səviyyəsində qeyd olunmuş, 1998-ci ildə Ulu Öndərin müvafiq Fərmanı ilə ona “Xalq yazıçısı” fəxri adı verilmişdir. Yazıçının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 18 may tarixində Sərəncam imzalamış, bu Sərəncam dövlətimizin ədəbiyyat adamlarına davamlı qayğının ifadəsi kimi dəyərləndirilmişdir. 
Azərbaycan ədəbiyyatının alnıaçıq yazıçısı, ədəbi sözə, imzaya çevrilən Xalq yazıçımız Hüseyn 
İbrahimovun xatirəsinə böyük hörmət və ehtiram hissi ilə…

Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 21.09.2024 11:15