Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşo...
23:40 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Bu günlərdə dünyanın müxtəlif yerlərindən diqqətlər Azərbaycanın paytaxt şəhərinə yönəlib. Bakıda ayrı-ayrı ölkə prezidentlərinin, baş nazirlərin, nazirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda mötəbər tədbir keçirilir. Martın 13-də işinə başlayan XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dərinməzmunlu nitqində dünya düzəninin formalaşması istiqamətində vacib tezisləri diqqətə çatdırdı, ölkəmizin beynəlxalq siyasi, iqtisadi münasibətlərə töhfələrindən, sağlam gələcək naminə həyata keçirdiyi layihələrdən danışdı, bəşəriyyəti fəlakətlərə sürükləyən rejimlərə, dairələrə qarşı sərt mesajlar ünvanladı.
Hər il təşkil edilən Qlobal Bakı Forumu barədə onu diqqətə çəkmək olar ki, forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilir, onların həlli yollarının tapılması istiqamətində fikir mübadilələri, təhlillər aparılır. Xüsusilə 2019-cu ildə Koronavirus pandemiyasına qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan dövlətinin kiçik ölkələrin tibbi yardıma əlçatanlığının artırılmasına dair ədalətli mövqe ortaya qoyması və 2020-ci ildə qazanılan tarixi zəfərdən sonra Qlobal Bakı Forumuna maraq daha da çoxalıb, iştirakçıların sayında ciddi artım müşahidə edilir.
Martın 15-dək davam edəcək XII forumda isə dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının
rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Forum çərçivəsində “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: yeni qlobal konsensusun yaradılması” mövzularında panellərin təşkili, 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatının təqdimi nəzərdə tutulub.
Azərbaycan uzun illərdir ki, dünya düzəninin nizama salınması, qlobal problemlərin həlli istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməklə, xüsusilə kiçik dövlətlərin, xalqların hüquqlarının müdafiəçisinə, haqq səsinə çevrilib. Bir az əvvəl də qeyd etdiyimiz kimi, ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə ədalətli mövqe ortaya qoyub. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının keçirilməsi və peyvənd millətçiliyi məsələsinə diqqət çəkilməsi Azərbaycanın qlobal ədalət və bərabərlik prinsiplərinə sadiqliyini bir daha sübut edib. Eyni zamanda ölkəmiz pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərə könüllü maliyyə yardımı ayıraraq qlobal həmrəylik və dəstək nümunəsi göstərib. Göstərilən bu və digər təşəbbüslərin nəticəsi olaraq, hərəkata üzv ölkələr beynəlxalq arenada Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və ölkəmizə yüksək etimad, hörmət nümayiş etdirirlər.
2020-ci ildə regional sülhə, dialoqa təhdid sayılan erməni faşizmini məğlub edəndən sonra ölkəmizin qlobal problemlərlə mübarizəsində ən önəmli nailiyyəti isə ötən ilin noyabrında keçirilən COP29 çərçivəsində oldu. Belə ki, Bakıda 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı bir araya gələrək iqlim dəyişikliklərinin təsirinin azaldılmasına dair geniş müzakirələr apardılar və ən nəhayət uzun müddətdir, həllini gözləyən məsələlərə dair qətiyyətli mövqe ortaya qoyuldu, tarixi qərarlar qəbul edildi. Başqa sözlə, həmin günədək siyasi arenada qələbə qazanan qalib, suveren ölkə kimi tanınan Azərbaycan COP29-dan sonra həm də iqlim diplomatiyasında dönüş nöqtəsinə nail olan, yaşıl dünya naminə həmrəyliyə töhfə verən məmləkət kimi şöhrət tapmağa başladı. Martın 13-də Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı COP29 çərçivəsində qazanılan uğurlara xüsusi toxundu, “Bakı sıçrayışı” adlandırılan bu konfransın mühüm irs olduğunu vurğuladı. Sitat: “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpa olunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”.
Bəli, COP29-un Azərbaycanda keçirilməsi qərarı veriləndən özünə yer tapa bilməyən Qərb dairələri, xüsusilə də Fransa diktaturası hər vəchlə konfransın işinə xələl gətirməyə çalışırdı. Ancaq 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də heç bir əngəl siyasi iradənin qarşısında davam gətirə bilmədi. Beləliklə, birillik boykot kampaniyasını 11 gün ərzində iflasa uğradan COP29-a uğurlu sədrlik etməklə Azərbaycan bu müddətdə ölkəmizə qarşı planlanan bütün təxribatların qarşısında mətinliklə dayandı, konfransı əsl məramından kənarlaşdırmağa, hədəfindən çaşdırmağa çalışan qüvvələrin bədnam niyyətlərini ürəyində qoydu. Yekunda qəbul olunan qərarlar ümumbəşəri problemin həllinə yol açmaqla Azərbaycanın hələ uzun illər COP-un tarixindəki rolunun müstəsnalığını qoruyub saxlayacağını göstərir.
Martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində dərinməzmunlu çıxışında ölkə başçımız dünya nizamını pozmağa, sülhə, dialoqa xələl gətirməyə çalışan qüvvələrə qarşı iradını bildirdi, beynəlxalq ictimaiyyətə ciddi çağırışlar etdi. Təbii ki, bu çağırışlarda Azərbaycanın uzun illər əziyyət çəkdiyi erməni vandalizmi, erməni terroru və bu terroru maliyyələşdirən, yaşadan qüvvələrin ifşası öndə gəlirdi. Prezident
İlham Əliyevin dediyi kimi: “Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq... Düzdür, bu gün Azərbaycan qarşı tərəfə barışıq əlini uzadır, bölgədə daimi sülhü dəstəkləyir, ancaq eyni zamanda da erməni faşizminə qarşı daim hazırdır”. Ali Baş Komandan dəfələrlə qəti şəkildə bildirib ki, istənilən təxribatın qarşısı vaxtında alınacaq. II Qarabağ müharibəsi, lokal xarakterli antiterror tədbirləri göstərdi ki, respublikamızın hərbi gücü bölgədə daimi sülhü təmin etmək üçün yetərlidir. Ancaq bununla kifayətlənilmir, ordumuzun arsenalının müasir silah və texnikalarla təchizatı üçün ölkələrlə hərbi əməkdaşlıq əlaqələri gücləndirilir, müqavilələr imzalanır. Ümumiyyətlə, yaşadığımız dövr dövlətlərə hərbi cəhətdən güclü olmağı diktə edir. Təqdirəlayiq haldır ki, Azərbaycan uzaqgörən siyasətçi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu prosesi uzun illərdir, həyata keçirir və nəticəsi də göz qabağındadır. Xalqımız “dəmir yumruq” ətrafında sıx birləşərək öz milli ləyaqəti uğrunda ədalət mübarizəsi aparıb, qətiyyət ortaya qoyaraq qalib gəlib, beynəlxalq hüququ bərpa edib. Günümüzün reallığıdır ki, ədalət hədiyyə edilmir, o çox hallarda hərbi güc, qətiyyət sayəsində qazanılır. Əks təqdirdə beynəlxalq hüquq işləmir, təşkilatların qərarları, qətnamələri elə kağız üzərində qalır. Necə ki Azərbaycan üçün 27 il bu belə oldu. Forumda çıxışı zamanı qalib ölkə başçısının da dediyi kimi: “Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük”.
Nail ƏSGƏROV
Digər xəbərlər