İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Hər yeni kitab həmişə mənə böyük sevinc bəxş edib. Həftə əvvəli bu sevinci yenidən yaşadım. Öncə qəzetimizlə sıx əməkdaşlıq edən, ictimaiyyətin hüquqi maariflənməsini vəzifə və vətəndaşlıq borcu sayan, hazırda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi vəzifəsində işləyən baş ədliyyə müşaviri, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş, “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmiş Faiq Səfərovu “Ədalətin təntənəsi” adlı ikinci kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.
Kitab haqqında danışmazdan əvvəl bu dəyərli nəşrin annotasiyasını oxuculara təqdim edirəm: “Kitabda cəmiyyətin inkişafının müxtəlif mərhələlərində yaşayaraq fəaliyyət göstərmiş filosoflar, hüquqşünaslar, sosioloqlar və müxtəlif sahələrdə fəaliyyət göstərən elm, incəsənət xadimləri, o cümlədən dinşünas alimlər, həmçinin dövlət xadimlərinin fikirlərinə əsaslanmaqla “ədalət” anlayışına müxtəlif aspektlərdən yanaşılaraq onun mahiyyəti, forma va məzmunu, dövlətin və cəmiyyətin, habelə ayrı-ayrı şəxslərin həyatında rolu danılmaz faktlarla geniş ictimaiyyətə çatdırılır. Kitabdan hüquq təhsili verən ali məktəb tələbələri, magistrları, aspirantlar, doktorantlar, hüquq-mühaizə organlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana bilərlər”.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən oğullarının, o cümlədən “Naxçıvan batalyonu” şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kitab Ulu Öndər Heydər Əliyevin sözləri ilə açılır: “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”.
Müəllif qələmə aldığı bütün yazılarında (yeri gəlmişkən, onu da qeyd edim ki, bu yazıların hamısı “Şərq qapısı” və ölkəmizin müxtəlif mətbuat orqanlarında işıq üzü görmüş və yüksək dəyərləndirilmişdir) bu qənaətin doğruluğunu sübuta çatdıra bilmişdir. Bunu “Ön söz” müəllifi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent, prokurorluğun fəxri işçisi Malik Səlimov da təsdiq edir: “Ulu Öndər Heydər Əliyevin ümumbəşəri dəyərlərə söykənən “Qoy ədalət zəfər çalsın” kimi qiymətli kəlamı müasir cəmiyyətdə ədalət anlayışının mahiyyəti və məzmunu daha dolğun və geniş şəkildə özündə əks etdirir. Onun fikrincə, cəmiyyət iki şeydən sarsıla bilər – günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Bir sıra müsbət məziyyətləri ilə diqqətçəkən “Ədalətin təntənəsi”ndəki eyniadlı yazıda müəllif ədalət prinsipinə fəlsəfi baxımdan yanaşaraq yazır ki, tarixboyu ədalət haqqında irəli sürülən bütün mülahizələrdə kainatın tam ədalətli bir nizam və bu nizamın pozulması ilə sistemin məhvə məhkumluğunun qaçılmaz olduğu qeyd edilir.
Unutmaq olmaz ki, fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur. Qətiyyətli adamların sevinc hissi süst, ətalətli “Mənə dəxli yoxdur” mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq malını oğurlayanlara heç zaman nəsib ola bilməz. Ona görə də kimə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Görkəmli dövlət xadimi Heydər Əliyev də qeyd edirdi ki, insanların mənəvi yetkinliyi özünə, düzgün ictimai mühitə və dövlət rəhbərinə inamı nə qədər yüksək olarsa, cəmiyyət də bir o qədər sürətlə inkişaf edər: “Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanların inamını qırır”.
Müəllif Ulu Öndərin siyasətini böyük ehtiram və sevgi ilə, yeni mərhələdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin sözləri ilə fikrini ümumiləşdirir: “...Hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir və hamı qanun qarşısında öz məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır”.
Müəllif çox doğru olaraq müasir dövrümüzdə bəzi ölkələrdə ədalət prinsipinin pozulduğunu, bunun isə ağır nəticələr verdiyini diqqətə çatdırır. Qeyd edir ki, son iki əsr ərzində ermənilərin xalqımıza, dövlətimizə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərinin qarşısı məhz ədalətin gücü ilə alındı.
Adıçəkilən yazıda, əvvəldə də diqqətə çatdırdığımız kimi müəllifin ədəbi nümunələrə müraciətidir. Dahi şairimiz Nizami Gəncəvidən gətirilən misal maraqlıdır:
Dünyada fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin müjdəsi bu dünyanı şad eylər,
Ədalətin işidir: dünyanı abad eylər.
Faiq Səfərovun kitabında müxtəlif sahələrdə hüquqi-maarifləndirmənin vacibliyi həyati faktlarla oxuculara çatdırılır. “Humanizmin Heydər Əliyev zirvəsi” adlı yazı dahi rəhbərin hər birimiz üçün örnək olan həyat və fəaliyyəti boyu insan hüquq və azadlıqlarının təmin edilməsini prioritet vəzifəyə çevirməsini Ümummilli Liderin xalqına ən böyük xidmət kimi dəyərləndirən müəllif Ulu Öndərin ölkəmizdə ölüm cəzasının ləğv edilməsini, dahi siyasət xadiminin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunmasını dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılmasını bugünkü inkişafının təməli sayır. Və qeyd edir ki, Ümummilli Liderin Azərbaycanda ölüm hökmünün ləğvi humanizmin Heydər Əliyev zirvəsidir və bu addım ölkəmizin Avropa məkanına inteqrasiyası baxımından yüksək əhəmiyyət daşıyır.
Yeni nəşrin oxunaqlığını təmin edən digər bir məziyyət müəllifin bədii əsərlərdə ədalət axtarışına münasibətdir. Bu baxımdan, “Hüseyn Cavid yaradıcılığında ədalət axtarışı” adlı yazı mütləq vurğulanmalıdır.
Yaşadığımız 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli müvafiq Sərəncamı ilə bağlı yazı isə bir sıra məsələlərə bir hüquqşünas baxışının ifadəsidir.
Yeni nəşrdə xalqımızın ən dəyərli nailiyyətləri olan müstəqillik və suverenlik, Konstitusiyada təsbit olunmuş şəxsi hüquq və azadlıqlarımız, təbiət və onun qorunmasına “həyəcan təbilinin çalınması”, ərazi aliliyi prinsipi, soyqırımı, çar Rusiyası tərəfindən ermənilərin Naxçıvanda yerləşdirilməsi, valideyn-övlad münasibətlərin və digər məsələlər hüquqi nöqteyi-nəzərdən işıqlandırılıb.
Söhbətimin əvvəlində qeyd etdim ki, Faiq Səfərovun imzasına tez-tez mətbuat orqanlarında rast gəlirik. Bu baxımdan, onun “Media haqqında qanunvericilik mühüm vəzifələr müəyyənləşdirir” adlı yazısı da təbiidir. Müəllif yazır: “... media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər”. Bu yazının mətbuat orqanlarında çalışan gənc jurnalistlər, həmçinin adları çəkilən aidiyyəti ünvanlar üçün maraqlı olacağına inanırıq.
Yeri gəlmişkən, onu da xüsusi vurğulayım ki, Faiq Səfərov Naxçıvan teleradiosunda “Qanunçuluq” proqramının aparıcısıdır. 2011-ci ildən başlayaraq bu veriliş tamaşaçılara təqdim edilir. Kitabda bu barədə də məlumat verilib.
Son olaraq onu da deyim ki, Faiq Səfərov həm də şair kimi tanıyıram; onun bir neçə şeirinin ilk oxucusu olmuşam. İnanıram ki, adıçəkilən kitabda müəllifin gözəl şairimiz M.Araza həsr etdiyi “Ölüm-yüksəliş” şeiri də oxucular tərəfindən maraqla qarşılanacaq.
Muxtar MƏMMƏDOV
Digər xəbərlər