NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Əcəmi ruhunun müasir davamçısı

...

Memarlıq, sadəcə, daş, kərpic və betonun birləşməsindən ibarət deyil. O, insan ruhunun, zövqünün və düşüncəsinin təcəssümüdür. Hər bir tikili insan həyatının, cəmiyyətin inkişaf mərhələlərinin, mədəniyyətin və tarix yaddaşının sükut içində danışan şahididir. Buna görə də memarlıq həm elm, həm sənət, həm də ruh işidir.

Memar Kürşad Nəsibli ilə söhbətimizdə bu sənətin dərinliklərinə enərək Əcəmi memarlığının bugünkü Naxçıvanda necə yaşadığını, müasir texnologiyalarla tarixi ənənələrin vəhdətini və bir memarın yaradıcılıq prinsiplərini müzakirə etdik. O hesab edir ki, memarlıq şəhərin ruhunu duya bilmək və insanın rahatlığını düşünərək gözəlliyi təhlükəsizliklə birləşdirmək sənətidir.

Onun sözlərinə görə, bu gün Naxçıvanda inşa edilən bir çox müasir binalarda Əcəminin harmoniyasını, estetik zərifliyini və tarixi ruhunu görmək mümkündür: “Memarlıq məktəbində təhsil alan hər bir gənc memar Əcəminin sənət fəlsəfəsini dərindən mənimsəməli, onu həm keçmişin simvolu kimi həm də gələcəyin istiqamətvericisi kimi dərk etməlidir. Əcəmi yaradıcılığı bizə öyrədir ki, hər bir memarlıq nümunəsi həm tarixə söykənməli, həm də gələcəyə baxmalıdır”.

Onun fikrincə, müasir memarlığın əsas vəzifələrindən biri qədim sənətkarlıq dəyərlərini bu günün texnoloji imkanları ilə birləşdirməkdir: “Bu vəhdəti Naxçıvanın bir çox tikililərində görmək mümkündür. Məsələn, Dost Mərkəzi binasında Şirvanşahlar dövrünün memarlıq harmoniyasından, Naxçıvan Uşaq kitabxanasında isə Şərq üslubunun incə cizgilərindən ustalıqla istifadə olunub. Hər iki nümunə sübut edir ki, Naxçıvan memarlığı müasirliklə yanaşı, həm də milli irsin daşıdığı dəyərlərlə nəfəs alır”.

Memar Kürşad Nəsibli hesab edir ki, bu gün memarlığın inkişafında texnologiyanın rolu danılmazdır: “Süni intellekt, 3D modelləşdirmə və rəqəmsal layihələndirmə sistemləri memarlıq prosesini daha dəqiq və sürətli edib. Lakin texnologiyanın artması heç də estetik dəyərlərin arxa plana keçməsi demək deyil. Mənim fikrimcə, hər bir layihədə texnologiya ilə yanaşı, estetik gözəllik və keyfiyyət də olmalıdır. Hər bir uğurlu layihənin arxasında  yaradıcı düşüncəyə malik bir memarın imzası dayanır”.

Memar bildirir ki, layihələr hazırlanarkən şəhərin abadlıq tələblərinə, əhalinin rahatlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Müasir memarlıq nümunələrində tarixi elementlərə müraciət etmək isə bu tikililərə həm milli ruh, həm də estetik dərinlik qazandırır. “Biz layihələrimizi tərtib edərkən görünüşlə yanaşı, onun insanların gündəlik həyatına necə təsir edəcəyinə də diqqət yetiririk. Memarlıq insanın ruhuna xitab etməlidir”, – deyə Kürşad Nəsibli əlavə edir.

Müasir şəhərlərin inkişafı ilə bərabər, memarlıqda prioritetlər də dəyişir. Sürətli tikinti prosesi, urbanizasiya və texnoloji tələblər bəzən estetik görünüşü kölgədə qoyur. Kürşad Nəsibli bu tendensiyadan narahat olduğunu gizlətmir: “Məncə, şəhərin siması hündür binalarla yox, ruhu olan məkanlarla formalaşmalıdır. Bəzən praktikliyi önə çəkib, estetik dəyərləri unudurlar. Amma memarlıqda bu balans mütləq qorunmalıdır. Gözəllik və rahatlıq bir-birini tamamlamalıdır. Əgər bir bina insanda estetik zövq oyatmırsa, o tikili nə qədər funksional olsa da, ruhsuzdur”.

O, memarlığın insan həyatında həm funksional, həm də mənəvi rol oynadığını vurğulayır. “İnsan hər gün içində yaşadığı mühiti sevməli, onunla qürur duymalıdır. Bu isə yalnız o zaman mümkündür ki, layihə həm texniki cəhətdən mükəmməl, həm də sənət baxımından dəyərli olsun. Müasir memarlıqda məqsəd, sadəcə, bina ucaltmaq yox, insanın daxili harmoniyasına xidmət edən bir məkan yaratmaqdır”.

Kürşad Nəsibliyə görə, Əcəminin sənət fəlsəfəsi bu günün gəncləri üçün tükənməz bir məktəbdir. O, gənc memarların Əcəminin əsərlərindən dəqiqlik, zəriflik, estetik zövq və ən əsası milli dəyərləri öyrənə biləcəyini bildirir. “Əcəmi bizə göstərdi ki, tikilinin dəyəri onun materialı ilə yanaşı, içində daşıdığı mənadadır. O hər daşın, hər naxışın arxasına mənəviyyat və fəlsəfə yerləşdirirdi. Bu gün də memarlıqda uğur qazanmaq istəyən hər bir gənc, ilk növbədə, öz köklərinə söykənməyi bacarmalıdır”.

Əcəmi məktəbi həm memarlıq üslubu, həm də milli kimliyimizin ifadəsidir. Naxçıvanda yüksələn hər yeni bina bu irsin bir damlasını daşıyır. Gənc memarların yaradıcılığında qədim memarlıq elementlərinin qorunması, müasir tərzdə təqdim olunması bu torpağın keçmişinə olan hörmətin göstəricisidir.

Kürşad Nəsibli hesab edir ki, memarlıq həm tarix, həm elm, həm də gələcəyə yönəlmiş sənətdir. O, fikrini belə sonlandırır: “Əgər bir memar keçmişini unudarsa, gələcəyin şəhərlərini ruhsuz inşa edər. Mənim üçün memarlıq Əcəminin ruhundan gələn bir məktəbdir. Hər layihə, hər bina bu ruhun müasir dünyada davamıdır”.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 05.12.2025 14:51