Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusun...
11:07 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Ötən il aparılan antiterror əməliyyatı zamanı şəhidlik zirəvəsinə ucalan baş leytenant Elçin İbrahimlinin həyat yoldaşı Ceyran şəhidin son arzusunu yerinə yetirərək Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olub. Onunla Tibb fakültəsində həmsöhbət olduq.
Ceyran bildirdi ki, uşaqlıqdan həkim olmaq xəyalı ilə yaşayıb. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisasına qəbul olsa da, həkim olmaq arzusunu qəlbində həmişə saxlayıb. Təhsilini tamamlayıb ixtisası üzrə işlədiyi illərdə həmkəndlisi Elçinlə ailə həyatı qurub. Onunla birlikdə xidməti vəzifələrini yerinə yetirdiyi bölgələrdə yaşayıb. Şəhid xanımı onu da qeyd edir ki, həyat yoldaşının da arzusu onun həkim olmağı imiş. Buna görə də tez-tez ali məktəblərə qəbul imtahanına girməsini istəyirmiş. Müsahibim əlavə edir: "Tale bizi bir araya gətirdi, 3 il xoşbəxt bir həyat sürdük. Onunla hər anım ömürlük xatirəmdir. Hərbçilərin necə çətin bir həyat yaşadığını bilə-bilə ailə qurmuşdum onunla. Gecəsi- gündüzü olmayan, hər anı həyəcan dolu bir həyat yaşadım Elçinlə. Vətən müharibəsində nişanlı idik, müharibədən sonra ailə həyatı qurub Tərtər və Naftalan rayonuna, sonra isə Goranboya getdik. Elçinin xidmət yeri dəyişdikcə həyatımız da dəyişirdi. Vətən müharibəsindən sonrakı "Qisas əməliyyatı"nda da iştirak etdi. Son tapşırığı oldu Ağdərə yüksəkliyinin alınması. Son dəfə gedəndə də anamı tək qoyma, məni və arzularımızı unutma dedi. Həmin gün - onun Azərbaycan Bayrağına bələnib gəldiyi gün söz verdim ona ki, son arzularını yerinə yetirəcəyəm. Aynurə anamın dəstəyi ilə özümdə güc tapıb imtahanlara hazırlaşdım. Qəbul imtahanında yüksək nəticə göstərib Tibb fakültəsinə qəbul oldum. Həmin gün Elçinə şad xəbəri vermək üçün məzarı başına getdim. Əbədi yoldaşıma onun arzusunu yerinə yetirdiyimi dedim. Bilirəm ki, onun ruhu şaddır. Çünki canından çox sevdiyi Vətəni azaddır və mən bu Vətənin sakinlərinə şəfa vermək üçün ən müqəddəs peşəyə, həkimlik peşəsinə yiyələnmək üçün ilk addımımı atıram."
Digər xəbərlər