NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Düşmənin bağrına od salan qəhrəman

...

“Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar gününə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapır. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki o mərtəbəyə yüksəldim…”

Hansı duyğularla, hisslərlə, hansı vəziyyətdə, hansı şəraitdə qəhrəmanın ürəyindən süzülüb gələn bu sözlər həkk olunmuşdu ağ vərəqə. Bəlkə də, ailəsi ilə keçirdiyi xoş günlərin xəyalına dalarkən göz yaşları içərisində yazırdı bu məktubu. Bəlkə də, əksinə, planladığı qisas vaxtının tez çatmasını səbirsizliklə gözləyərkən qələmə almışdı bu kəlmələri. Axı hələ körpəlikdən xalqımızın başına gətirilən minlərlə faciəni duyub, Vətənimizin necə ağrılı-acılı günlərdən keçdiyini bilirdi Mübariz. Axı o, igid qanı daşıyırdı. Əsl Azərbaycan kişisinə aid olan bütün xüsusiyyətlərin hər biri cəmləşmişdi gənc Mübarizdə. Qəhrəman, cəsur, qorxmaz, qeyrətli, mərd oğul idi Mübariz. Bəs kim idi qəhrəmanlığı ilə təkcə Azərbaycana deyil, bütün dünyaya səs salan, düşmənin bağrına od basıb Vətəni uğrunda canından keçən Mübariz?

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olan Mübariz 2005-ci ildə orada orta təhsilini başa vurmuşdu. Həmin il həqiqi hərbi xidmətə çağırılan Vətən oğlu əsgəri xidmətini Daxili Qoşunların  “N” hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmiş və xidməti 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdu. Bir müddət mülki işlərdə işləyən Mübariz 2009-cu ilin avqust ayında yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir rütbəsində könüllü xidmətə başlamışdı.

2010-cu ilin iyun ayı idi. Bütün televiziya kanallarından, sosial şəbəkələrdən Mübarizin gecə ikən necə düşmənlə təkbaşına döyüşdüyünün, neçə-neçə erməni əsgərini məhv etdiyinin, lakin sonda igid oğlumuzun qəhrəmancasına şəhid olduğunun xəbərini aldıq. Qəlbimiz sürətlə döyünməyə başladı və qeyri-ixtiyari qürur hissi bürüdü hər yanımızı. Çünki hər kəs bu şücaəti göstərə bilməzdi. Bunu yalnız və yalnız Azərbaycanın pəhləvan qamətli mərd oğlu edə bilərdi. Bir boz qurd minlərlə tülkü xislətli düşmənin canına od salmışdı. Çox üzüldük, çünki cəmi iyirmi iki bahar yaşamışdı baharı çox sevən Mübariz. Amma onun amalına çatdığını, arzusuna yetdiyini düşünəndə, az da olsa, ürəyimiz sərinlik tapır. Ona qoyulan adı sonunacan doğrultmuşdu Mübariz. Bəli, Vətən oğlu bir gecədə öz qəhrəmanlığı ilə dastan yazmışdı. Filmlərə, kitablara mövzu olan qəhrəmanlıq dastanı. Onun cansız bədəni belə xain düşməninin canına elə qorxu salmışdı ki, əl-qolunu bağlamaqdan çəkinməmişdilər.

Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərdə qalan qəhrəmanımızın nəşi uzun danışıqlardan sonra Vətəninə gətirilmiş və 6 noyabrda uğruna can verdiyi doğma Azərbaycan torpağında dəfn olunmuşdur. Bu gün o İkinci Fəxri Xiyabanda uyuyur. Ruhu şaddır. Çünki artıq Azərbaycanımız bütövdür, minlərlə insanımızın qanı bahasına qaytarılan torpaqlarımıza yenidən həyat bəxş olunub və elə Mübarizin igidliklə həlak olduğu yerdə bu gün dalğalanan Azərbaycan Bayrağı düşmənə gözdağıdır.

Bu gün Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan minlərlə oğul böyüyür Azərbaycanımızda. Hər biri də adını daşıdığı qəhrəmanın igidlik dastanını nümunə götürərək böyüyür və belə igid, mərd oğullarımız olduqca bu Vətən daim yaşayacaq, bayrağımız hər zaman ən yüksək zirvələrdə dalğalanacaq. Ruhun şad olsun, qəhrəman Vətən oğlu!

                                     Türkanə ƏSƏDOVA

Nəşr edilib : 07.02.2025 12:29