NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Dünyanın COP29-dan böyük gözləntiləri var

...

Azərbaycan bu günlərdə qlobal tədbirə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə  Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bütün nəzərləri ölkəmizin üzərinə çevirib. Əslində, bu konfrans ekoloji bir tədbir olsa da, ölkəmiz üçün onun həm də böyük diplomatik əhəmiyyəti var. Burada iştirak edən 72 000 insan Azərbaycan reallıqlarını öz gözləri ilə görmək və dünyaya çatdırmaq imkanı qazanıb. Ölkəmiz dünyada gedən iqlim dəyişmələrinə biganə olmadığını əməli şəkildə göstərir. Baxmayaraq ki, dünyada gedən iqlim dəyişmələrində Azərbaycanın rolu kiçikdir, lakin özünün son illər “yaşıl enerji” sahəsindəki böyük layihələri ilə dövlətimiz bu fəsadların qarşısının almasına töhfəsini verir, sülh və yaşıl dünya naminə beynəlxalq arenada fəal rol oynayır. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2021-ci ildə 2 fevral imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncamda ölkəmizin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş 5 prioritetdən biri də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”dir. Bu prioritet yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanının reallaşdırılmasına nail olmağı qarşıya məqsəd qoymuşdur.  Bu məqsədə nail olmaq üçün artıq bir çox işlər görülmüş, həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunmuşdur. Buna görə də COP29 məhz Azərbaycanda keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın “yaşıl enerji” sahəsindəki fəaliyyətinə hörmətin göstəricisidir.

Artıq öz fəaliyyətinə uğurla başlayan COP29-da iqlim dəyişikliyinin səbəbləri və onların aradan qaldırılması istiqamətləri müzakirə olunur. İqlim dəyişiklikləri artıq həyatın hər sahəsində özünü qabarıq şəkildə büruzə verir. Qlobal istiləşmə, anomal iqlim şəraiti, təbii fəlakətlər – daşqınlar, sellər, zəlzələlər, fırtınalar, meşə yanğınları, yaşıllıqların, canlılar aləminin məhvi, su mənbələrinin azaltması həyəcan təbili çalmağın vaxtı olduğunu göstərir. Bütün bunlar dünyanın gələcəyini böyük bir təhlükə altında qoyur. Bu təhlükənin qarşısını almaq üçün ekoloji təmiz texnologiyaların tətbiqi, təkrar emal, yaşıllıqların salınması, çirklənmiş ərazilərin bərpası, alternativ enerji mənbələrindən istifadə vacibdir. Ona görə də dünya ölkələri bu qlobal tədbirdən çox şey gözləyir. Bu böyük tədbirin nəticəsi olaraq dünya ölkələri ətraf mühitin qorunması üçün birləşəcək, su ehtiyatlarının qorunması, ərzaq təhlükəsizliyi və bir çox digər qlobal problemlərin həlli yolları müəyyən ediləcək.  

Nuray ƏLİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.11.2024 16:01