Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb...
23:21 18.01.2026
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2026, Bazar
Tarixin qəhrəman Naxçıvanı
Naxçıvan tarixinin səhifələrini vərəqlədikcə məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı keçmişini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki Naxçıvan tarixboyu türk-İslam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və bu şanlı missiya bu gün də davam etməkdədir.
Qərblə Şərqi birləşdirən Böyük İpək Yolunun dayanacaq yeri, tarixboyu fatehlərin, qüdrətli dövlətlərin siyasi maraqlarının kəsişdiyi qədim türk diyarında 1918-20-ci illərdə iki güclü xarici gücün – ABŞ və İngiltərənin general-qubernatorluğu fəaliyyət göstərib. Bu o dövr olub ki, Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyərək Naxçıvana da sahib çıxmaq istəyiblər. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin şimalda bolşeviklərin, cənubda ermənilərin hərbi təcavüzündən ehtiyatlanaraq barışdırıcı siyasət yeritməsi, qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməsi də “böyük Ermənistan” ideyasını hansı yolla olursa-olsun, gerçəkləşdirmək istəyən daşnakların əl-qolunu daha da açmışdı. Belə ağır və məşəqqətli dövrdə də ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi fədakarlıq edərək Azərbaycandan ayrılmayıb. Türkiyə dövlətinin köməyi ilə naxçıvanlılar həm döyüş, həm də siyasi meydanda öz sözünü deyib.
Naxçıvan haqq davasını 1921-ci ildə imzalanmış iki beynəlxalq sənədlə – Moskva və Qars müqavilələri ilə qazanıb. Həmin dövrdə qardaş respublika çətin vəziyyətdə olsa belə Mustafa Kamal Atatürk Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. Mustafa Kamal Atatürk “Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan Türk dünyasının qapısıdır, onu qorumaq lazımdır…” – deyir və çətinliklərə baxmayaraq, Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərir. Məhz həmin türk hərbçilərinin köməyi ilə Andranikin rəhbərlik etdiyi daşnaklar Naxçıvandan qovulur.
105 ildən sonra Egey dənizindən Türküstana
70 il sovet əsarətində qalan Naxçıvan Türk dünyasının qapısına vurulan böyük bir zənciri xatırladırdı. Bu zəncirin sökülməsi ilə xalqımızın başı üstündəki qara buludlar da dağıldı. Amma SSRİ-nin dağılması nəticəsində yaranmış hərc-mərclikdən istifadə edən məkrli düşmənlərimiz yenə öz çirkin əməllərini işə saldılar. Vaxtilə Zəngəzuru işğal edənlər indi də Naxçıvana girişməyə cəhd etdilər. Amma naxçıvanlılar yenə mətanətini itirmədi. Həmin illərdə muxtar respublika ağır sınaqlar, məhrumiyyətlər qarşısında qalsa da, Heydər Əliyev kimi dünya siyasətinin böyük korifeyi Naxçıvanda yaşayırdı və muxtar respublikaya rəhbərlik edirdi. Məhz Heydər Əliyev amili bölgəni labüd fəlakətdən xilas etdi, Naxçıvan qorundu.
Birinci Qarabağ müharibəsi nəticəsində Naxçıvan blokadaya alınaraq ana Vətənindən ayrı düşsə də, gözdəniraq, könüldən uzaq olmadı, blokada şəraitində inkişaf etdi, yaşadı. Həm də düşmənin gözləri önündə. Gündüzlər günəşin, gecələr qəlbimizi nura qərq edən Vətən sevgisinin işığında torpağımızı qoruduq. Vətən savaşında Naxçıvanın ər igidləri Qarabağa üz tutub, şəhidlik şərbəti içib, bayrağımızı Şuşaya, Zəngilana sancıb kiçik torpağa gələn yolları daha da yaxınlaşdırdılar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış Birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Vətən müharibəsindəki qələbədən sonra çoxtərəfli əməkdaşlıq platformasını irəli sürməsi və hətta Ermənistanın da bu platformada yer almasının mümkünlüyü də Azərbaycanın xoş niyyətindən irəli gəlir. Bu dəhliz həm bizim, həm də qonşu dövlətlər üçün çox önəmlidir. Bu yol Türkiyə ilə Türk dünyası arasında fasiləsiz quru nəqliyyatını təmin edəcək. Türkiyə və Türk dünyası indi kəsintisiz bağlanacaq.
İrəvanın “ev tapşırığı” Zəngəzur dəhlizi və onun yeni adı
Avqustun 8-də Vaşinqton görüşündə tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Əsas diqqətçəkən elementlərdən biri də nəqliyyat dəhlizinə – Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. ABŞ-nin təşəbbüsü ilə dəhliz beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi.
Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər. Dünyanın gözü qarşısında ən güclü dövlətin prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılması üçün bu yolun açılmasının vacibliyindən danışanda qalib ölkənin qalib sərkərdəsinin üzündəki məmnunluğu görən hər bir azərbaycanlı qürur duydu. Döyüş meydanında qazanılan qələbəni diplomatik masada – dünyanın mərkəzində qalibiyyətlə tamamlayan məğrur sərkərdə duruşu idi cənab Prezidentin duruşu.
Ağ evin açarının cənab İlham Əliyevə təqdim edilməsi isə daha da qürurverici məqam idi. Bu Naxçıvana gedən yolların bağlı qapılarının da açarı sayıla bilər. Bu açar təkcə Naxçıvanın yox, 105 ildir ki, İpək Yoluna, Turanın qapısına vurulan paslı qıfılları da açacaq. Tranzit yolun açılması təkcə Cənubi Qafqazın deyil, daha böyük bir coğrafiyanın taleyini dəyişəcək.
Yerin xəritəsində kiçik bir nöqtə kimi görünən Naxçıvan Türk dünyasına qucaq açacaq. 1920-ci ildə qapıları bağlanan İpək Yolu 105 ildən sonra vaxtilə Naxçıvanı ermənilərə peşkəş verməyə gələn, amma buna nail ola bilməyən ABŞ-nin əli ilə açılacaq. Bu dəhlizin açılmasına mane olmaq istəyənlər isə əbədi olaraq susacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər