Piyada və sürücülərin nəzərinə: görünüş məsafəsi m...
10:34 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyəti olan şəxslər təltif edilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Tibbi statistika və informatika sektorunun müdiri vəzifəsində çalışan Kəmalə Həsənova da yer alır.
1967-ci ildə Şərur rayonunun Ələkli kəndində anadan olan Kəmalə Həsənova uşaqlıq arzularının ardınca gedərək 1986-cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub. 1992-ci ildə ali təhsilini uğurla başa vurub, internatura mərhələsini keçdikdən sonra fəaliyyətə başlayıb. Kəngərli rayonunun Qıvraq kənd sahə xəstəxanasında çalışmağa başlayan Kəmalə xanım burada 4 il ərzində uşaqların sağlamlığının keşiyində dayanıb. 2001-ci ildən Ana və Uşaq Reabilitasiya Mərkəzində sahə pediatrı kimi fəaliyyətini davam etdirib.
Kəmalə xanımın fəaliyyətində yeni və daha məsuliyyətli bir mərhələ 2004-cü il dekabrın 1-dən başlayıb. Həmin tarixdən Səhiyyə Nazirliyində dövlət qulluqçusu kimi fəaliyyətə başlayan Kəmalə xanım artıq 21 ildir ki, dövlət qulluqçusu kimi məsuliyyətlə fəaliyyət göstərir. Sahəsində göstərdiyi yüksək xidmətlərə görə Kəmalə xanımın əməyi dövlətimiz tərəfindən hər zaman qiymətləndirilib və o, 2017-ci ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
Bu il isə onun uzunillik səmərəli fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə daha bir yüksək mükafata – “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Bu xoş xəbəri eşidəndə keçirdiyi hissləri bizimlə bölüşən Kəmalə Həsənova sevincini və minnətdarlığını bu sözlərlə ifadə etdi: “Dövlət təltifinə layiq görüldüyümü eşidəndə, təbii ki, hər bir vətəndaş və dövlət qulluqçusu kimi mən də böyük fərəh və qürur hissi keçirtdim. Əməyimizə verilən bu yüksək qiymət işimizə olan bağlılığımızı daha da artırır. Bizləri bu medala layiq gördüyünə, göstərdiyi daimi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.
Digər xəbərlər