NAXÇIVAN :

12 Iyul 2026, Bazar

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilib

...

İyulun 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirib.
"Şərq qapısı" xəbər verir ki, imtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0,5 balla qiymətləndirilib, keçid balı isə 55 olub.
Naxçıvan Muxtar Respublikası üzrə imtahanda iştirak edən 104 namizəddən 52 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqdan sonra topladıqları balla tanış olmaq imkanı əldə ediblər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 09:00-dan 18:00-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları bölməsinə (Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər.
 Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə söhbətə buraxılacaqlar.

Nəşr edilib : 12.07.2026 14:17