NAXÇIVAN :

17 Noyabr 2026, Çərşənbə axşamı

Dost sözü

...

Həyat vəfasızdır deyirlər. Haçansa payız ruzigarı əsir və qarşısına çıxan hər şeyi süpürüb aparır. 
 Əcəl gözlənilməzdir deyirlər. Qaşla-gözün arasındadır, görə bilmirik. Haradasa qaranlıq düşür və ömrün nurunu zülmətlərə qərq edir. 
 Dünya gəlimli-gedimlidir. Ulu Dədə Qorqudumuz da bu öyüdlə Oğuz övladlarına dərs verirdi. "Torpaq almamış, yer gizlətməmiş kamınızı alın, yaxşı ad qoyun",–deyə. 
 Əcəl xəbəri də özü kimi gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir. O ki qala Muxtar Məmmədov kimi əziz bir dostun!
 Bu gün – 2026-cı il noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasından gələn acı xəbər qəfil küləklərin pəncərəyə çırpıldığı kimi ayrılığın, itkinliyin tül pərdələrini üzümüzə çırpdı. Dünyaya gələn bir gün getməlidir, Süleymana qalmayan dünyadı, bu doğru. Amma 15 gün idi ki, doğmaları, əzizləri,  dostları onun sağalıb ayağa qalxmasını intizarla gözləyirdilər. Amma... amma ötən gecə başlayan aramsız yağış məşum bir xəbər kimi qara buludlardan çiləndi, göz yaşı çatmaz deyə Muxtarın əzizlərinin, doğmalarının, dostlarının yanaqlarında göz yaşı olmaq üçün. Heç özü də inanmazdı ki, onu həyatın dolanbaclarında, döngə və dolaylarında gözləyən ölüm mələyi məhz bu gün, bu yağmurlu havada onu öz qanadlarına alıb aparacaq. Sabaha ümidləri olan çağda, hələ neçə-neçə arzusunun tezliklə çin olacağına inandığı vaxtda, həyatın gözəlliklərindən hələ doyunca kam almadığı bir vaxtda... O  nə olur-olsun, şövqlə yaşamaq, başqalarını da buna ruhlandırmaq eşqi, bütün problemlərə və çətinliklərə baxmayaraq, həyatdan zövq almaq istedadı olan az-az adamlardan idi. Hər kəs kimi, şübhəsiz, onun da qayğıları, problemləri, çətinlikləri vardı. Amma o qayğılar, o problemlər, o çətinliklər  onun baxışlarındakı, çöhrəsindəki işığı, qəlbindəki səmimiyyəti qətiyyən azaltmazdı. Əksinə, o işıqdan ünsiyyətdə olduğu hər kəsə, bütün dostlara pay düşərdi, onlarda sabahın daha yaxşı olacağına sonsuz ümidlər yaradardı. Onu tanıyanlar, xüsusilə də biz dostları ürəyi həyat eşqi ilə döyünən dostcanlı, istiqanlı bir simsarımızı, əziz adamımızı itirdik. Yəqin ki, hələ uzun illər bizim hər birimizin gözlərimiz dost məclislərində Muxtarı axtaracaq, ən mübhəm söhbətlərimizdə onun xatirəsini yad edəcəyik. Allahdan əziz dostumuza rəhmət diləyir, ailəsinə, yaxınlarına və doğmalarına başsağlığı veririk.
Ruhu şad olsun!

Hüseyn ƏSGƏROV

Nəşr edilib : 16.11.2026 20:38