NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

...

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstandan ümumilikdə 3170 əcnəbi çıxarılıb. Bu göstərici ötən illə müqayisədə 2,5 dəfə (2025-ci ildə cəmi 1311 nəfər), 2024-cü illə müqayisədə isə 9 dəfə (363 nəfər) çoxdur. Hesabat dövründə Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi statistikasında deyilir.

Bildirilib ki, artım Gürcüstanda miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqələndirir. Qanunvericilikdəki dəyişikliklər qanuni qalma müddətini aşan, müvafiq viza və ya yaşayış icazəsi olmayan, eləcə də işləmək üçün tələb olunan icazəni almayan əcnəbilərin ölkədən çıxarılması mexanizmlərini sərtləşdirib.

DİN-in statistikasına əsasən, 9 ayda Gürcüstandan ən çox Türkiyə vətəndaşı deportasiya olunub - 791 nəfər. Siyahıda 2-ci yerdə Hindistan (306 nəfər), sonrakı pillələrdə Türkmənistan (274 nəfər), Rusiya (254 nəfər), İran (180 nəfər) qərarlaşıb. Siyahıda Çin, Pakistan, Misir və Özbəkistan vətəndaşları da var.

Beləliklə, ilk onluğa daxil olan ölkələrin vətəndaşları Gürcüstandan deportasiya edilənlərin ümumi sayının 74 faizindən çoxunu təşkil edib.

Nəşr edilib : 06.11.2026 14:11