Azərbaycan və İran Xarici İşlər nazirlikləri arası...
22:31 16.04.2025
0
0
0
NAXÇIVAN :
17 Aprel 2025, Cümə axşamı
İnsanların həyat və sağlamlığını təhlükə ilə üz-üzə qoymaq yolverilməzdir
Naxçıvanda əhalinin qida təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi olaraq ictimai-iaşə obyektlərində dövlət nəzarəti, təftiş, reyd və monitorinqlər aparılır, nöqsanlar aşkarlanaraq qanunvericiliyə uyğun tədbirlər görülür. Bir neçə gün öncə dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılan zaman 48 dönərxanada monitorinq keçirilib və bir çoxunda nöqsanlar aşkar edilməsi xəbəri hər birimizdə təəssüf hissi doğurdu.
Maraqlıdır, uşaqdan-böyüyə hər kəsin gündəlik olaraq bu ünvanlardan əldə etdiyi həmin qidaların keyfiyyətinə necə əmin ola bilərik? Sualımızı Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucova yönləndirdik. O bildirdi ki, qida zəhərlənmələri bütün fəsillərdə baş verə bilər: “Lakin yazda və yayda havanın isti olması ilə əlaqədar bu hallara tez-tez rast gəlinir. Bu səbəbdən ilin isti vaxtlarında, xüsusilə də yayda bəzi qida məhsullarına daha diqqətlə yanaşılmalı, qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Aşkarlanmış nöqsanlar sanitar gigiyenik qaydalara əməl olunmaması, temperatur rejiminə riayət edilməməsi, istifadəyə yararsız qidaların istifadəsi və bu kimi digər hallardan ibarətdir. Məlumat üçün bildirmək istəyirəm ki, 17 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi kollegiyasının qərarı ilə “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” təsdiq edilmişdir. Qaydalarda həm çiy dönər emalına dair, həm də dönərin termiki emalı və dövriyyəsinə dair tələblər öz əksini tapmışdır. Qaydalara əsasən satış zamanı bişmiş dönərin temperaturu 65 °C-dən aşağı olmamalı, bişmiş dönərin hazırlandığı andan etibarən istehlak müddəti ən çoxu 1 saat olmalı, çiy dönərin termiki emalı üçün təhlükəsizlik tədbirlərinə tam əməl edilməklə elektrik avadanlığı, təbii qaz və ya hazır ağac kömüründən istifadə edilməlidir. Bişmiş dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez, ketçup və digər souslar soyuq rejimdə (+4°C) saxlanılmalı, bişmiş dönər istehlakçıya təqdim edilən zaman çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara (pula, ödəniş kartına, kassa aparatına, post terminala və sair) toxunmamalıdır. İstehlakçılar üz tutduqları dönərxanalarda yuxarıda sadalananlarla yanaşı, buradakı təmizliyə, dönərin orqonoleptik görünüşünə diqqət etsələr, arzuolunmaz hadisələrdən özlərini qorumuş olarlar. Bu onların istehlakçı hüquqlarıdır”.
Qurum rəsmisi qeyd edib ki, hər hansı məhsulun keyfiyyəti ilə əlaqədar əsaslı şübhələri varsa, bununla bağlı agentliyə məlumat vermələri xahiş olunur. “Sözü gedən nöqsanlar aşkar edildikdən sonra hansı tədbirlər görülüb?” sualına cavab olaraq Orxan Orucov vurğuladı ki, agentlik tərəfindən muxtar respublikada fəaliyyət göstərən bütün dönərxanalarda daha öncə də dövlət nəzarəti tədbirləri aparılmış, aşkarlanmış çatışmazlıqlarla bağlı müvafiq göstərişlər verilmişdir: “Təəssüflər olsun ki, hələ də bir sıra dönərxanalarda buraxılmış ciddi nöqsanlar nəticəsində kütləvi qida zəhərlənmələri baş verir. Hadisə baş vermiş dönərxanalarda qanunvericiliyə uyğun olaraq yoxlamalar həyata keçirilərək müvafiq tədbirlər görülmüş, nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətinə icazə verilmişdir”.
“Bu kimi monitorinqlər mütəmadi olaraq hər ay aparılır”, – deyən Orxan Orucov qida zəhərlənməsi baş vermiş dönərxanalarda cari ilin birinci rübü ərzində monitorinqlərin aparıldığını da vurğulayıb: “Elə nüanslar var ki, onu monitorinqlər zamanı müəyyən etmək çətin olur. Məsələn, günün sonunda istifadə zamanı artıq qalan bişmiş dönərin növbəti gün istehlakçıya təzə bişmiş dönərlə qarışdırılaraq təqdim olunması kimi xoşagəlməz hallar baş verir. Məhz bayram günlərində aparılan monitorinqlərdə də bir neçə dönərxanada eyni mənzərənin şahidi olduq”.
Son zamanlar baş vermiş qida zəhərlənmələri hadisələrinin artması ilə əlaqədar olaraq ictimai iaşə obyektləri öz işlərini qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun təşkil etməli, istehlakçılar isə rastlaşdıqları hər hansı xoşagəlməz hal olduqda agentliyin əlaqə nömrəsinə və ya elektron poçt ünvanına məlumat verməlidir.
Bülbül QULİYEVA
Digər xəbərlər