NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Xoş gəldin, on bir ayın sultanı Ramazan!

...

Ramazan ayı İslam mədəniyyətində və dini baxımdan xüsusi yer tutan, həm fərdi, həm də ictimai həyatın formalaşmasına ciddi təsir göstərən müqəddəs aylardan biridir. Ramazan Hicri təqviminin aylarından doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. 2026-cı il fevralın 19-da başlanacaq Ramazan ayı müsəlmanlar üçün yalnız ibadət dövrü deyil, eyni zamanda əxlaqi dəyərlərin möhkəmləndirilməsi, sosial həmrəyliyin gücləndirilməsi və mənəvi özünüdərkin dərinləşməsi baxımından mühüm hesab edilir.

Ramazan ayının əsas dini mahiyyəti “Qurani-Kərim”in məhz bu ayda nazil olması ilə bağlıdır. Bu fakt Ramazan ayına xüsusi dəyər qazandırır. Oruc ibadəti İslamın əsas beş şərtindən biridir. Bu ayda 29-30 gün boyunca sübh azanından məğrib azanına qədər yemək, içmək və nəfsi arzular məhdudlaşdırılır, həmçinin xeyirxahlıq, səbir və ibadət ön plana çıxır.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Orucun vaxt çərçivəsi, şərtləri, pozulma halları və istisnaları dini hüququn mühüm mövzularından hesab olunur. Bu baxımdan, Ramazan yalnız mənəvi deyil, həm də hüquqi-dini qaydaların yerinə yetirildiyi aydır.

Fəlsəfi aspektdən oruc insanın nəfs üzərində hakimiyyətini təmin edən etik mexanizm kimi çıxış edir. Aclıq və susuzluq vasitəsilə insan maddi asılılıqlardan müvəqqəti olaraq uzaqlaşır və öz daxili aləminə yönəlir. Bu proses insanın iradə gücünü möhkəmləndirir, məsuliyyət hissini artırır və özünüidarə bacarığını inkişaf etdirir. Etik baxımdan Ramazan insanı yalnız zahiri davranışlarına deyil, daxili niyyətlərinə də nəzarət etməyə təşviq edir ki, bu da əxlaq fəlsəfəsində niyyət-əməl vəhdəti kimi dəyərləndirilir.

Ramazan ayının mühüm funksiyalarından biri onun sosial ədalət və bərabərlik ideyalarını gücləndirməsidir. Oruc tutan insan aclıq hissi vasitəsilə cəmiyyətdə sosial cəhətdən zəif təbəqələrin vəziyyətini daha dərindən dərk edir. Bu anlayış sədəqə, fitrə və xeyriyyə fəaliyyətlərinin artmasına səbəb olur.

Ramazan cəmiyyətin sosial strukturuna da təsir göstərir. İftar süfrələri ailə institutunun möhkəmlənməsinə, nəsillərarası münasibətlərin güclənməsinə və ictimai ünsiyyətin artmasına şərait yaradır. İnsanlar arasında tolerantlıq, qarşılıqlı hörmət və bağışlama meyilləri güclənir.

Ramazan ayı böyük bir fürsət və mərtəbədir. Xoşbəxt insanlar o kəslərdir ki, bu ayın ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, həmçinin bu ayın ibadətləri və orucu sayəsində özlərinin mənəvi və maddi problemlərini həll edirlər.

Ramazan ayı insan həyatında dərin iz buraxan, onu həm ruhən, həm də əxlaqi baxımdan yetişdirən müqəddəs bir zamandır. O, insanı səbrə, şükür etməyə, mərhəmətli olmağa və paylaşmağa çağırır. 2026-cı il Ramazan ayı da hər bir müsəlman üçün öz daxili aləmini saflaşdırmaq, Allaha yaxınlaşmaq və daha kamil bir insan olmaq yolunda qiymətli bir fürsət kimi dəyərləndirilə bilər.

Turan MƏMMƏDLİ

Nəşr edilib : 18.02.2026 17:50