Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şair...
14:22 01.08.2026
0
0
0
NAXÇIVAN :
01 Avqust 2026, Şənbə
Dil bir xalqın düşüncəsinin, yaddaşının və mənəvi dünyasının ifadəsidir. Əlifba isə həmin düşüncəni yazıya çevirən vasitədir. Bu iki anlayış bir-biri ilə sıx bağlı olsa da, eyni məna daşımır. Dil öz daxili inkişaf qanunları ilə yaşayır, zənginləşir və nəsildən-nəslə ötürülür. Əlifba isə tarixi, siyasi və ictimai proseslərin təsiri ilə dəyişə bilir. Azərbaycan xalqının tarixində bunun ən bariz nümunəsini görürük. Əsrlərboyu dilimiz öz varlığını qoruyub saxlayıb, lakin onu ifadə edən yazı sistemi bir neçə dəfə dəyişib. Bu dəyişikliklər yalnız hərflərin deyil, həm də təhsilin, milli yaddaşın, mədəni irsin və dil şüurunun taleyinə təsir göstərib.
Azərbaycan xalqı tarixboyu ərəb, latın və kiril qrafikalarından istifadə edib. Hər bir əlifba müəyyən tarixi dövrün tələblərini və siyasi reallıqlarını əks etdirib. Uzun əsrlər istifadə olunan ərəb qrafikası Azərbaycanı İslam və Şərq mədəniyyətinin ayrılmaz hissəsinə çevirmiş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi klassiklərin zəngin irsini bu günə qədər yaşatmışdır. Lakin Azərbaycan dilinin fonetik xüsusiyyətləri ərəb qrafikasında tam əks olunmurdu. Xüsusilə sait səslərin yazıda dəqiq göstərilməməsi oxumağı və yazmağı çətinləşdirirdi.
XIX əsrdə böyük maarifçi Mirzə Fətəli Axundzadə bu problemi ilk elmi şəkildə əsaslandıran ziyalılardan biri oldu. O hazırladığı əlifba layihələrində yazının sadələşdirilməsini xalqın maariflənməsi və elmi inkişafı üçün vacib hesab edirdi. Axundzadənin təklifləri həmin dövrdə həyata keçirilməsə də, onun ideyaları sonrakı əlifba islahatlarının əsasını qoydu.
1922-ci ildə Azərbaycanda Yeni Türk Əlifbası Komitəsinin yaradılması ilə latın qrafikasına keçid prosesi başladı. 1929-cu ildən latın əlifbası rəsmi yazı sistemi kimi tətbiq edildi. Bu dəyişiklik Azərbaycan dilinin səslərinin daha dəqiq ifadə olunmasına imkan yaratdı. Oxumaq və yazmaq asanlaşdı, yeni dərsliklər hazırlandı, nəşriyyat işi canlandı, savadlanma prosesinə müsbət təsir göstərildi. Əlifba dəyişikliyi bu baxımdan dilimizin inkişafına mühüm töhfə verdi.
Lakin 1939-cu ildə Azərbaycan əlifbasının kiril qrafikasına keçirilməsi haqqında qərar qəbul edildi və 1940-cı ildən yeni əlifbanın tətbiqinə başlanıldı. Bu dəyişiklik daha çox siyasi məqsədlərdən irəli gəlirdi. Onun nəticələri isə yalnız yazı sistemi ilə məhdudlaşmadı. Bir neçə onillik ərzində formalaşmış latın qrafikalı nəşrlər yeni nəsil üçün əlçatmaz oldu. Ondan əvvəlki ərəb qrafikalı zəngin irs isə daha da uzaqlaşdı. Beləliklə, eyni xalqın müxtəlif nəsilləri fərqli əlifbalarda yazılmış kitabları oxumaqda çətinlik çəkməyə başladı.
Əlifba dəyişikliklərinin dilimizə ən böyük təsirlərindən biri də milli-mədəni varisliyin zəifləməsi oldu. Əgər bir gənc Füzulinin əsərlərini orijinal qrafikada oxuya bilmirsə, yaxud 1920-ci illərin qəzet və jurnallarını mütəxəssis köməyi olmadan anlaya bilmirsə, bu, yalnız yazı fərqi deyil, həm də mədəni yaddaşın qırılması deməkdir. Bu baxımdan, əlifba dəyişikliyi dilin özünü dəyişdirməsə də, onun tarixi irsinin mənimsənilməsinə təsir göstərmişdir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan milli dəyərlərinə yenidən qovuşdu. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi haqqında qanun qəbul edildi. 2001-ci ildə isə Prezident Heydər Əliyevin imzaladığı fərmanla latın qrafikasına keçid tam təmin olundu və 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu qərar təkcə yazı sisteminin dəyişməsi deyil, milli yaddaşa, müstəqil dövlətçilik ənənələrinə və dünya ilə inteqrasiyaya doğru atılmış mühüm addım idi.
Bu gün isə əlifbamız tamamilə fərqli bir çağırışla üz-üzədir. Əgər ötən əsrdə əlifba siyasi qərarlarla dəyişirdisə, indi yazı mədəniyyətinə rəqəmsal mühit təsir göstərir. Sosial şəbəkələrdə və elektron yazışmalarda Azərbaycan əlifbasına məxsus bəzi hərflərin yerinə başqa işarələrdən istifadə edilməsi, xarici sözlərin ehtiyac olmadan işlədilməsi və orfoqrafiya qaydalarına laqeyd münasibət yazılı nitqin keyfiyyətinə təsir edir. Texnologiya inkişaf etdikcə ana dilinə münasibət də inkişaf etməlidir. Çünki rəqəmsal dövrdə dilin qorunması artıq yalnız kitab səhifələrində deyil, telefon ekranlarında, sosial media paylaşımlarında və gündəlik yazışmalarda başlayır.
Bu gün klassik irsin latın qrafikası ilə yenidən nəşr olunması, elektron kitabxanaların yaradılması və Azərbaycan dilinin rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi əlifba tariximizin yaratdığı boşluqları aradan qaldırmağa xidmət edir. Bu işlər keçmişlə gələcək arasında qırılmış bağların yenidən möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bizə bir həqiqəti xatırladır: əlifba dəyişə bilər, lakin dil xalqın ruhu kimi yaşayır. Bununla belə, dilin sağlam inkişafı üçün sabit və mükəmməl yazı sistemi, düzgün yazı mədəniyyəti və ana dilinə məsuliyyətli münasibət vacibdir. Əlifbamızın keçdiyi mürəkkəb yol göstərir ki, hərflər yalnız sözləri deyil, bütöv bir xalqın tarixini də daşıyır. Bu tarixi qorumaq isə hər birimizin ortaq məsuliyyətidir.
Səmayə RƏSULOVA
Digər xəbərlər