NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Dəridəki ağ ləkələr nədir?

...

Bir çox insanın fərqinə varmadığı vitiliqo

Son illər daha çox insanda rast gəlinən dəri xəstəliklərindən biri də vitiliqodur. El arasında “ala” adlandırılan, tibbi dildə isə “vitiliqo” kimi tanınan bu xəstəlik əksər hallarda fiziki ağrı verməsə də, psixoloji və sosial narahatlıqlara səbəb olur. Təəssüf ki, pasiyentlər bu ləkələrdən xilas olmaq məqsədilə çox vaxt müxtəlif xalq üsullarına, evdə hazırlanan məlhəmlərə və elmi əsasları olmayan müalicə metodlarına üz tuturlar. Bu cür yanaşmalar ləkələrin genişlənməsinə, dəridə əlavə zədələnmələrə və düzgün müalicənin gecikməsinə səbəb olur.

Bəs vitiliqo ilə bağlı bilmədiklərimiz nələrdir? Müasir tibb hansı effektiv üsulları təklif edir?

Suallarımızı cavablandıran Yoluxucu Xəstəliklər Mərkəzinin Dəri-zöhrəvi xəstəliklər şöbəsinin müdiri, dermatonevroloq Xədicə həkim bildirir ki, insan dərisinin tərkibindəki melanin piqmenti təbii rəngimizi müəyyən edir. Bəzən isə bu piqmenti istehsal edən hüceyrələrin fəaliyyəti pozulur və dəridə ağ, rəngsiz ləkələr yaranır. Bu dəri xəstəliyi vitiliqodur. Xəstəlik hər yaşda müşahidə oluna bilər və autoimmun vəziyyət, genetik dəyişikliklər, stres kimi faktorlar nəticəsində yarana bilər. Ağ, parlaq ləkələr, həmçinin həmin nahiyədə qaşınma kimi əlamətlər görülə bilər. Bədənin tüklü hissələrində vitiliqo olduqda həmin nahiyədə tüklər gümüşü rəngə çevrilə bilər. Vitiliqo xəstəliyinin daxili orqan və sistemlərə heç bir zərəri olmasa da, psixoloji sıxıntıya səbəb olduğu sübut edilmişdir. Bu xəstəliyi aşkarlamaq üçün ultrabənövşəyi işıq lampasından (WOOD lampası) istifadə olunur. Vitiliqonun tam müalicəsi olmasa da, düzgün müalicə və profilaktika tətbiq edildiyi halda xəstəliyin qarşısını almaq və hətta ağ ləkələrin sağalmasını müşahidə etmək mümkündür. Müalicə üsulunun seçimi təsirlənmiş sahənin miqdarından, xəstəliyin irəliləmə sürətindən və pasiyentin yaşından asılıdır.

Dəridə melaninin bərpasını, əsasən, ultrabənövşəyi B şüaları təmin edir. Buna görə də ağ ləkələrin yayılmasının qarşısını almaq üçün UVA və UVB işıqlarından istifadə olunur. Eyni zamanda müalicədə kortikosteroid tərkibli məlhəmlər də tətbiq edilir. NB-UVB müalicəsi həm vitiliqo ocaqlarında repiqmentasiyanı sürətləndirir, həm də xəstəliyin aktiv fazada yayılmasını dayandırır. Bu baxımdan, şöbənin fizioterapiya bölməsində fototerapiya ilə müsbət nəticə əldə etdikləri pasiyentlərin çox olduğu qeyd edilir.

Bu səbəbdən dərinizdə hər hansı dəyişiklik hiss etdikdə onu adi ləkə kimi qəbul etməyin. Vaxtında atılan addım və düzgün müalicə yanaşması sağalma prosesinin yarısı deməkdir.

Səmayə RƏSULOVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika

ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 16.12.2025 16:34