DİN Ordubadda səyyar xidmət göstərəcək
08:39 16.02.2026
0
0
0
NAXÇIVAN :
16 Fevral 2026, Bazar ertəsi
Naxçıvanda iki nəfərin ölümünə səbəb olan dəm qazından zəhərlənmə hadisəsi bir daha bu təhlükənin nə qədər ciddi və həyati risk daşıdığını gündəmə gətirir. Təəssüf ki, bu cür hallara, xüsusilə qış mövsümündə daha tez-tez rast gəlinir və bir çox hallarda ehtiyatsızlıq və məlumatsızlıq səbəbindən ağır nəticələrə yol açır. Vətəndaşların təhlükəsizliyinin təmin olunması, dəm qazı zəhərlənmələrinin qarşısının alınmasının mümkün yolları və bu kimi hadisələr zamanı düzgün davranış qaydaları barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov ilə həmsöhbət olduq.
Müsahibə zamanı mütəxəssis bildirdi ki, qış aylarında təbii qaza olan tələbat daha da artır və bir çox hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmur. Biz də nazirlik olaraq bu istiqamətdə ictimaiyyət arasında daha geniş maarifləndirici, profilaktik tədbirlər həyata keçiririk: "Qış aylarında bu “səssiz ölüm” anlayışı daha çox geniş yayılır. Bunun da səbəbi yaşayış evlərində qeyri-standart qaz cihazlarından istifadə olunması, cihazlar istifadə olunan məkanlarda havalandırmanın düzgün getməməsi, tüstü boruları və bacalarının vaxtaşırı təmizlənməməsi, ən əsası isə cihazların mütəxəssis yoxlamasından keçirilməməsi nəticəsində dəm qazından zəhərlənmə hadisələrinin baş verməsinə gətirib çıxarır. Mənzildə dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və boruların çıxışı tutulmamalıdır. Tüstü borularının çölə çıxış hissəsi xüsusi qoruyucu başlıqlarla təmin edilməlidir. Bu ona görə vacibdir ki, əsən güclü külək səbəbindən dəm qazı evə dolmasın və quşlar həmin tüstü borusunda yuva qurmasın. Tüstü boruları ayda 1 dəfə, tüstü bacaları və havalandırma kanalları isə hər 2 aydan bir təmizlənməli, onların sazlığı yoxlanılmalıdır".
Müsahibimin sözlərinə görə, dəm qazından zəhərlənmə hadisələrinin böyük əksəriyyəti qazla işləyən suqızdırıcıların hamam, vanna otaqlarında, qapalı məkanlarda quraşdırılması nəticəsində də baş verir: "Son 5 ilin statistikası da bunu təsdiqləyir. Mənzil daxilində hava təchizatının, eyni zamanda ventilyasiya sisteminin işlək vəziyyətdə olması ən vacib şərtlərdən biridir. Ona görə də müntəzəm olaraq vətəndaşlara müraciət edirik ki, həmin sahələrdə mütəxəssis fikirlərinə diqqət yetirsinlər. Hamam, vanna otaqlarında, ümumiyyətlə, qaz sobaları, suqızdırıcılar qəti quraşdırılmamalıdır. Hamam, vanna otaqlarında təbii və məcburi ventilyasiya sistemləri olmalı, nəfəslik açıq saxlanılmalı, qapı bayır tərəfə açılmalı və qapının aşağı hissələrində xüsusi nəfəslik olmalıdır. Məkanlarda dəm qazı detektorlarının quraşdırılması da effektiv profilaktik vasitədir. Belə cihazlar qazsızmasını erkən mərhələdə aşkar edir və xəbərdarlıq siqnalı verir.
Dəm qazından qorunmaq üçün hər kəs bu barədə məlumatlı olmalı, davranış və təhlükəsizlik qaydalarını mükəmməl bilməli və onlara ciddi şəkildə əməl etməlidir".
Mirtaleh müəllim qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib, hazırda bir sıra zəruri tədbirlər də davam etdirilir: "İlk növbədə, idarə, müəssisə, təşkilatlarda, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, kənd mərkəzlərində seminarlar və maarifləndirici tədbirlər keçirilir. Məqsəd qış mövsümü dövründə baş verə biləcək hadisələrə hazırlıq və onların qarşısının alınması üçün görüləcək tədbirləri müəyyən etməkdir. Bundan əlavə, aidiyyəti qurumlar tərəfindən inzibati və ictimai yaşayış binalarının qızdırılması üçün nəzərdə tutulmuş qazanxanalarda, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məqsədilə baxışlar və monitorinqlər keçirilib. Qazanxanalarda işləyən mövsümü işçilər təlimatlandırılıb. Qeyd etmək lazımdır ki, müəssisə və təşkilatların zirzəmisində yerləşən qazanxanaların köçürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Onu da qeyd etmək istəyirik ki, 2023-2027-ci illər üçün qəbul olunmuş Dövlət Proqramına əsasən Təhsil Nazirliyinin balansında olan uşaq bağçalarında, eləcə də digər təhsil müəssisələrində bu proses davamlı şəkildə həyata keçirilir. Zirzəmidə yerləşən qazanxanalar çıxarılaraq təhlükəsiz şəraitdə yeni və müasir istilik sistemləri ilə əvəzlənir".
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı vurğulayıb ki, nazirlik əhalinin qışa hazırlığının təmin olunması və maarifləndirilməsi istiqamətində işlər hazırda davam etdirilir. Bildirmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli Qərarına əsasən qaz paylayıcısı tərəfindən hər bir mülkiyyətdə, xüsusən yaşayış mənzillərində qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində mütləq qaydada müayinələr keçirilməlidir.
Müsahibimiz qeyd edib ki, hamam otaqlarında, eləcə də zirzəmidə qaz cihazlarının quraşdırılması və qaz xətlərinin çəkilişi qanunla qadağan edilmişdir: "Təəssüf ki, bəzi vətəndaşlar bu qaydalardan xəbərsiz ola bilirlər. Mətbəxlərdə, açıq balkonlarda və ya digər uyğun məkanlarda belə cihazlardan istifadə edilə bilər, lakin mütləq havalandırma sistemləri təmin olunmalıdır. Son baş verən hadisələr göstərir ki, dəm qazı zəhərlənmələrinin əsas səbəbi məlumatsızlıq, təhlükəsizlik qaydalarına əməl olunmaması və fərdi məsuliyyətsizlikdir".
Mirtaleh Seyidov ötən il dəm qazı ilə bağlı ölüm hadisələrinin baş verməsi haqqında məlumat verərək bildirib ki, yola saldığımız ötən ildə 4 ölüm faktı qeydə alınıb: "2026-cı ilin ilk 16 günü ərzində də artıq bir faciəvi hadisə baş verib. Ötən gün Naxçıvan şəhərində baş verən hadisə bir daha onu göstərir ki, hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi əməl etməli, qazdan istifadə zamanı diqqətli olmalı və maarifləndirici tədbirlərdən faydalanmalıdır. Belə halların qarşısını almaq üçün hər bir evdə məişət qaz cihazının quraşdırılması mütləq qaydada ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, bu cihazlar ildə ən azı iki-üç dəfə texniki baxışdan keçirilməlidir. Bu hər bir vətəndaşın fərdi məsuliyyətidir və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır.
Qış mövsümündə isə pəncərələr və nəfəsliklər bağlı olur, otaqlarda hava təchizatı zəifləyir, oksigen azlığı yaranır, natamam yanma baş verir və nəticədə, dəm qazı zəhərlənmə riskini artırır. Buna görə də yaşayış evlərində, ümumiyyətlə, qaz cihazları istifadə olunan məkanlarda qış aylarında havalandırmanın mütləq təmin olunması tövsiyə olunur.
Ev şəraitində qaz cihazlarına daim diqqət yetirilməlidir. İçəridə yaranan dəm qazını görmək və vaxtında müəyyən etmək çətindir, çünki dəm qazı rəngsiz və iysizdir. Hər bir insan dəm qazından zəhərlənmənin əlamətlərini və profilaktikasını, həmçinin zəhərlənmiş insana ilkin yardım göstərmə qaydalarını bilməlidir. Çox vaxt insanlar hadisə zamanı təşvişə və panikaya düşür və nəticədə, düzgün ilkin tibbi yardım göstərilmədiyi üçün ölümlə nəticələnən hadisə baş verir".
Əlavə olaraq müsahibimiz qeyd etdi ki, qaz cihazlarının və xətlərinin vəziyyətinə nəzarət çox önəmlidir. Hazırda bu işlər qaz istismarı xidməti tərəfindən həyata keçirilir. Onlar evlərdə müayinə və profilaktik baxışları icra edir. Lakin hər bir vətəndaşın özünün də məsuliyyəti vardır. Dəm qazı zəhərlənməsinin qarşısını almaq və hadisə baş verdikdə ilkin yardım göstərmək vacibdir. Nazirlik tərəfindən qış aylarında təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, qaz cihazlarının düzgün istifadə qaydaları, dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat vasitələri hazırlanmışdır. Hazırlanmış təbliğat vasitələri bütün keçirilən tədbirlərdə vətəndaşlara təqdim olunur. Həmçinin əhalinin maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrindən geniş istifadə edilir. Hazırda tərəfimizdən təhsil müəssisələrində, səhiyyə və mədəniyyət ocaqlarında, həmçinin digər müəssisə və təşkilatlarda silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Məqsədimiz odur ki, cəmiyyətin hər bir üzvü bu məsələlər barədə məlumatlı olsun. Özünü və ailə üzvlərini bu görünməz səssiz ölüm təhlükəsindən xilas etsin.
Vətəndaşlara müraciətimiz budur ki, qaz cihazları və ümumiyyətlə, qaz təsərrüfatı ilə bağlı hər hansı bir təhlükə ilə üzləşdikdə dərhal Naxçıvan Qaz İstismar Xidmətinin “104” qəza xidmətinə və ya Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilməlidir.
Unutmayın ki, təhlükəsizliyimiz öz əlimizdədir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər