Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin köklərə malik tarixi mədəni əlaqələri, etnik birliyi son illərdə siyasi müstəvidə də özünü ən bariz şəkildə göstərir, müxtəlif beynəlxalq tədbirlərdə ölkələr vahid geosiyasi məkan kimi çıxış edirlər. Bu xüsusda dillərin yaxınlığı, xalqlar arasında qarşılıqlı hörmətin mövcudluğu Özbəkistanla münasibətlərimizin daha da sıxlığını şərtləndirir. Azərbaycan ilə Özbəkistan arasında milli-mənəvi bağların möhkəmliyini Türk Dövlətlər Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər platformalar da təsdiqləyir. Son iki ildə dövlət başçısı cənab İlham Əliyevin beş, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə il yarımda dörd dəfə qarşılıqlı səfərləri siyasi baxışların kəsişməsindən, iqtisadi əməkdaşlığın güclü perspektivindən də xəbər verir. Azərbaycan liderinin avqustun 22-də dost ölkəyə növbəti dövlət səfəri bu baxımdan daha böyük əhəmiyyətə malik addımların atılması ilə nəticələnərək yaxın gələcəkdə regionun geosiyasi mənzərəsinin daha yaxşı yöndə dəyişəcəyinə əminlik yaratdı...
Prezidentin tarixi Özbəkistan səfəri çərçivəsində keçirilən Daşkənd görüşləri çoxtərəfli münasibətlərimizin bütün spektrinin ətraflı müzakirəsi, əsas istiqamətlər üzrə məruzələrin dinlənilməsi, böyük iqtisadi perspektivlər vəd edən sənədlərin imzalanması ilə yadda qaldı. Bu səfər, hər şeydən əvvəl, böyük imkanlarımızın olduğu ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlıqlarımıza daha geniş qapılar açdı fikrini qətiyyətlə deyə bilərik. Prezidentlər siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, sahələr, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə bağlı razılığa gəldilər. Ən önəmlisi isə Azərbaycanın ortaya qoyduğu siyasi iradə sayəsində Türkiyə və Rusiyadan sonra növbəti ölkə ilə də siyasi müttəfiqlik körpüləri quruldu. Lakin əvvəlki ikisindən fərqli olaraq Özbəkistanla bu müttəfiqliyə bəyanatla deyil, daha da irəli gedilərək müqavilə ilə imza atıldı.
Dünya praktikasına baxsaq görərik ki, bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 illik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan Prezidentinin apardığı uğurlu diplomatiyanın təqdiredici reallığıdır ki, cəmi 2 il əvvəl 2022-ci ildə Özbəkistana dövlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də bu mütərəqqi addımın atılmasında başlıca amil kimi, ölkələri, xalqları bir araya gətirmək üçün siyasi iradənin mövcudluğunu diqqətə çəkdi. Azərbaycan lideri isə müttəfiqlik münasibətləri haqqında müqavilənin iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd olduğunu vurğuladı. Sitat: “Bu gün imzalanan sənədlərin, ilk növbədə, müttəfiqlik münasibətlərinə dair Müqavilənin əhəmiyyətini bir daha qeyd etmək istərdim. Bu, Azərbaycanda həmin qəbildən olan üçüncü sənəddir. İndiyə qədər – bizə yaxın olan iki ölkə ilə 2021-ci və 2022-ci illərdə müttəfiqlik münasibətlərinə və ya müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamələr imzalamışıq. İndiki halda söhbət müqavilədən gedir, yəni dünyada bu sənəddən daha yüksəyi yoxdur. Həm də bu, çox qısa müddət ərzində bizim birgə fəaliyyətimizin nəticəsidir”.
Böyük tarixi-siyasi əhəmiyyəti ilə yanaşı, ağır iqtisadi çəkisi ilə seçilən, yeni əməkdaşlıq perspektivlərinin vədini verən Daşkənd görüşünün bu tərəflərinə toxunmadan öncə Özbəkistanın Azərbaycan üçün nə qədər önəmli rola malik olduğuna da diqqəti çəkmək istərdik. Qardaş ölkə Türkiyəylə əlaqələrimizdə olduğu kimi, bu qədim türk kökənli dövlətlə də münasibətlərimizdə “Dost dar gündə tanınar” tandemi mühüm amildir fikrini əmin şəkildə irəli sürə bilərik. Belə ki, Özbəkistanın 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətləri qurmaması, bu illər ərzində Ermənistanda səfirliyini açmaması, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verməməsi Azərbaycana olan dost sevgisinin, qardaş hörmətinin əlaməti kimi dəyərlidir, qiymətlidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qoşunlarının bölgəyə yerləşdirilməsi ilə bağlı çağırış edəndə ilk etiraz edən dövlətlərdən biri olan Özbəkistan müharibədən sonra Azərbaycanın azad olunan torpaqlarda apardığı quruculuq strategiyasına da töhfələr verir. Ötən il avqustun 23-də açılışı olan, Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəbin tikilməsi, həmçinin Özbəkistanın sərmayəsi ilə yaxın gələcəkdə Xankəndidə minə qədər yeni iş yerinin açılmasını vəd edən tikiş fabrikinin inşasının nəzərdə tutulması da məhz qardaş dəstəyinin göstəriciləridir...
Gələn il diplomatik münasibətlərinin 30 illiyi qeyd ediləcək Azərbaycan və Özbəkistan arasında mövcud iqtisadi əməkdaşlıq əlaqələri barədə onu xüsusi vurğulamaq olar ki, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Belə ki, dövriyyənin həcmi 2019-cu ildə 81,9 milyon dollar olmuşdusa da, 2022-ci ilə qədər 183,3 milyon dollara çataraq, təxminən, 124 faiz artım göstərib. 2023-cü ildə mövcud sahədə dövriyyə 232 milyon dollar təşkil edib. Cari ilin yanvar-iyul aylarında isə həmin göstərici 118 milyon dolları ötüb. Yaxın gələcəkdə hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyib. Əməkdaşlığın inkişafında əsas faktor kimi, sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı, xidmət sahələri üzrə əlaqələr çıxış edir ki, bu və digər sahələrə dair Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə, o cümlədən 62 müştərək müəssisə, respublikamızda isə dost ölkənin 70 şirkəti fəaliyyət göstərir. Bu baxımdan avqustun 23-də Daşkənddə hər iki ölkənin aid təşkilatları arasında imzalanan elm, təhsil, mədəniyyət, turizm, ədliyyə, daxili işlər və digər sahələri əhatə edən saziş və protokollar arasında ən mühümlərindən biri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”dır ki, (“Yol xəritəsi”) bu sayədə həmin şirkətlər üçün sözügedən sahələr üzrə yeni irimiqyaslı layihələrin icrasına geniş imkanlar açılacaq.
Prezidentlərin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirildi ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçirilməyə hazırdır. Həmin layihələr arasında Yevlax rayonunda tekstil klasterinin, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması ilə yanaşı, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisinin də yer alması ölkəmiz üçün Böyük Qayıdış proqramının icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Daşkənd görüşündə mətbuata bəyanatı zamanı ölkə başçısı da bu məqama toxunaraq Özbəkistanın atdığı addımı qardaşlıq və dostluq rəmzi kimi dəyərləndirdi: “Bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.
Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistan səfəri, Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlərdən gəlinən nəticə budur ki, bu sayədə indiyədək reallaşdırılan layihələrin nə dərəcədə önəmli olduğu isbat edilməklə yeni layihələrin icrası, qarşıdan gələn dövr ərzində iqtisadi, ticarət və sərmayə əlaqələrinin daha da güclənməsi üçün fundamental baza yaradıldı. Ən əsas rəğbətolunası amil isə odur ki, bir sıra dövlətlərin 10-15 ilə əldə etdiyi nailiyyətə Azərbaycan və Özbəkistan əsl siyasi iradə, qətiyyətli mövqe göstərməklə cəmi 2-3 il ərzində çataraq müttəfiq respublikalara çevrildilər. Ölkə Prezidenti cənab İlham Əliyevin Daşkənd görüşünün nəticələrinə dair mətbuata bəyan etdiyi kimi: “Biz bu gün Daşkənddə, həqiqətən də, münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Nail ƏSGƏROV
Digər xəbərlər