NAXÇIVAN :

24 Avqust 2026, Bazar ertəsi

Daşkənd dialoqu: strateji müttəfiqliyin iqtisadi və regional ölçüləri

...

Avqustun 23-də Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası iki ölkə arasında münasibətlərin artıq konkret layihələr və qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini bir daha nümayiş etdirdi. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən iclasda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız mövcud əlaqələrin qorunub saxlanılması ilə məhdudlaşmır, yeni iqtisadi və geosiyasi imkanların formalaşdırılmasına istiqamətlənir. Xüsusilə investisiya, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və Qarabağın bərpası istiqamətlərində həyata keçirilən layihələr münasibətlərin praktiki məzmununu daha da gücləndirir. Bu baxımdan, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu xüsusi əhəmiyyət daşıyır. Fondun 500 milyon dollarlıq potensialının artıq 160 milyon dollarlıq hissəsinin müəyyənləşdirilməsi qarşıdakı dövrdə yeni layihələrin maliyyələşdirilməsi üçün ciddi imkanlar yaradır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkənin nəzərdə tutduğu layihələrin ümumi investisiya portfeli fondun ilkin həcmindən əhəmiyyətli dərəcədə çoxdur: “Mənə məruzə ediblər ki, 500 milyon dollardan, təxminən, 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur. Lakin bizim nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır”.

İqtisadi tərəfdaşlığın digər mühüm istiqaməti sənaye kooperasiyasıdır. Özbəkistanın avtomobil sənayesində formalaşdırdığı təcrübənin Azərbaycana ötürülməsi artıq konkret nəticələr verir. Hacıqabulda ikinci avtomobil zavodunun tikintisi və burada 80 milyon dollardan çox investisiyanın nəzərdə tutulması iki ölkənin sənaye imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir. Bu cür layihələr yalnız istehsalın artırılmasına deyil, yeni iş yerlərinin yaradılmasına, texnologiya və təcrübə mübadiləsinin genişləndirilməsinə də xidmət edir.

Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq isə iki ölkənin coğrafi mövqeyinin yaratdığı imkanları daha geniş regional layihələrlə əlaqələndirir. Özbəkistanın Azərbaycan ərazisindən keçən yüklərinin artması Orta Dəhlizin əhəmiyyətinin yüksəldiyini göstərir. Azərbaycan bu baxımdan Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit qovşaqlarından biri kimi çıxış edir. Bu perspektivdə Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolu xüsusi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Azərbaycanın əsas hissəsində bu layihə üzrə işlərin gələn il başa çatacağını vurğulayıb, Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb: “Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün, sadəcə, məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur”.

İclasda vurğulanan digər mühüm məqam Azərbaycan-Özbəkistan münasibətlərində qarşılıqlı siyasi dəstəyin xüsusi yer tutmasıdır. Hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, Azərbaycanın Cənubi Qafqazda sülh gündəliyinə Özbəkistanın verdiyi siyasi dəstək, eləcə də Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv kimi iştirakına Daşkəndin verdiyi töhfə münasibətlərin strateji xarakterini təsdiqləyən mühüm amillərdəndir.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində Özbəkistanın xüsusi rolu var. Eyni zamanda Azərbaycan da Orta Dəhliz, nəqliyyat-kommunikasiya layihələri, enerji və ticarət imkanları vasitəsilə Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışında mühüm tərəfdaş kimi çıxış edir. Bu baxımdan, Bakı ilə Daşkənd arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional inteqrasiya proseslərinin mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə, Azərbaycan və Özbəkistan arasında münasibətlər siyasi iradə, qarşılıqlı etimad və konkret iqtisadi layihələr üzərində daha da möhkəmlənir. İnvestisiya fondunun fəaliyyəti, sənaye kooperasiyası, Qarabağın bərpasına dəstək, tranzit daşımalarının artırılması, Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolu layihələri bu tərəfdaşlığın real nəticələrini nümayiş etdirir. Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın 3-cü iclası göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri artıq ənənəvi dostluq münasibətlərindən daha geniş məzmun kəsb edir. Qarşılıqlı investisiyalar, nəqliyyat bağlantıları, istehsal layihələri və regional əməkdaşlıq perspektivləri iki ölkəni strateji tərəfdaşlıq müstəvisində daha da yaxınlaşdıran əsas amillərdir. Qarşıdakı dövrdə yeni layihələrin həyata keçirilməsi ilə bu münasibətlərin həm Azərbaycan və Özbəkistanın iqtisadi inkişafına, həm də bütövlükdə Türk dünyasının iqtisadi və siyasi gücünün artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.08.2026 18:16