NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Culfada COP29-la bağlı xüsusi qərargah yaradılıb

...

2024-cü il 11-22 noyabr tarixlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının, "Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəEtmə Birliyi" publik hüquqi şəxsin, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin, "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yerli qurumlarının rəhbərlərindən ibarət xüsusi qərargah yaradılıb. Həmçinin rayon ərazisində yarana biləcək çatışmazlıqların operativ şəkildə aradan qaldırılması üçün icra hakimiyyətində, inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə, xidmət təşkilatlarında “qaynar xətt” və fasiləsiz növbətçilik sistemi təşkil edilib.

 "Şərq qapısı" xəbər verir ki, bu gün Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara xanım Hüseynovanın iştirakı ilə qərargahın iclası keçirilib. Sara xanım bütün vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi istiqamətində və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Nəşr edilib : 04.11.2024 18:57