Sankt-Peterburq qubernatoru Azərbaycanın Baş Konsu...
15:19 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Son illər respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönmədən davam etdirilməsi, hər iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva “Şərq qapısı”na açıqlamasında bildirdi ki, respublikamız beynəlxalq miqyaslı idman tədbirlərinin, müxtəlif siyasi, iqtisadi, humanitar-mədəni forumların təşkilində və keçirilməsində fəal iştirak etməklə, sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə sadiqliyini, eləcə də tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini sübuta yetirir. İlk növbədə, Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etmək üçün siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınır.
Bu cür tədbirlərin ölkəmizdə təşkilinin dövlətimiz üçün bir çox müsbət nəticəsi mövcuddur. Bu nəticələrdən biri bütün dünyanın diqqətinin Azərbaycana, eyni zamanda Azərbaycan həqiqətlərinə yönəlməsidir. Ölkəmiz ev sahibliyi etdiyi tədbirlər fonunda öz həqiqətlərini də dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq aləmdəki nüfuzunu sürətlə artırır. Bu tədbirlər beynəlxalq miqyasda siyasi-iqtisadi təşəbbüslərin Azərbaycanın əlində cəmləşməsinə, ölkəmizin yeni ideya və təşəbbüslərin “ixrac mərkəzi”nə çevrilməsinə səbəb olur.
İlahə xanımın sözlərinə görə, ölkəmizin bu möhtəbər tədbirə— COP29-a ev sahibliyi etməsi ölkəmizin ekoloji müstəvidə yürütdüyü effektiv siyasət, bu sahədə əldə etdiyi böyük uğurudur. Məhz bu uğurlar Azərbaycanın belə bir konfrans üçün ən uyğun yer olduğunu göstərir.
Müasir dünyamızda ekoloji vəziyyətin son bir neçə on ildə sürətlə pisləşməsi bütün planetdə ciddi çətinliklərin meydana çıxmasına, bəşəriyyətin sabahının sual altına düşməsinə səbəb olub. Torpaq örtüyü və su hövzələrinin çirklənməsi, havanın zəhərlənməsi, yaşıllıqların məhvi sağlam yaşam şərtlərinin kəskin pisləşməsinə səbəb olub. İqlim faktorundakı bu dəyişikliklər özünü sadəcə insan yaşayan ərazilərdə deyil, həm də uzaq Antarktidada, Arktikanın ən uzaq nöqtələrində də aydın büruzə verir. Belə olan halda bəşəriyyətin mövcud durumu birlikdə müzakirə etməsi, bu vəziyyətdən birlikdə çıxış yolları axtarması olduqca vacibdir. Bu baxımdan dünya liderlərinin məhz Azərbaycanda toplanması olduqca qürurvericidir.
Müsahibimiz açıqlamasında bildirdi ki, Azərbaycan son 10 ildə ekologiya sahəsində bütün dünyaya nümunə olacaq aydın proqram və prinsipial mövqe ortaya qoyub ki, bunlardan da biri yaşıllıqların artırılması, səhralaşma prosesinin qarşısının alınması, meşələrin bərpası və genişləndirilməsi ilə bağlıdır. Bundan başqa, minlərlə ağacdan ibarət nəhəng park və xiyabanların salınması, şəhərətrafı ərazilərdə olduğu kimi, şəhər daxilində də yaşıllıqların genişləndirilməsi dövlətimizin ekoloji siyasətinin tərkib hissəsidir. Hansı ki, biz bunu işğaldan azad edilən ərazilərin tismalında daha aydın müşahidə edirik.
İlahə xanım qeyd etdi ki, hələ 2020-ci ilin sonunda – Vətən müharibəsi bitər-bitməz Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ekologiyanın yaxşılaşması, təbiətin bərpası istiqamətində mühüm addımlar atmağa başlamışdır. Sonrakı dönəmlərdə bu proses işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi ilə paralel şəkildə həyata keçirilmişdir və bu gün də eyni qaydada davam edir. Nəticədə, azad olunmuş torpaqlarımızda yüz minlərlə ağac əkilmiş, ermənilər tərəfindən məhv edilən meşələrin bərpası istiqamətində irimiqyaslı işlər görülmüşdür. Laçın, Füzuli və digər rayonlarımızda nəhəng parklar, istirahət mərkəzləri salınmışdır ki, onların hər birində minlərlə ağac və kol əkilmişdir. Bütün bunlar Azərbaycanın ekologiyanın yaxşılaşmasına necə böyük önəm verdiyini göstərir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan biri isə ekoloji baxımdan təmiz enerji mənbələrindən istifadə ilə bağlıdır. Məlum olduğu kimi, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “yaşıl enerji zonası” elan edilib. Burada enerji istehsalında bərpa olunan enerji növlərindən istifadə edilir ki, bu da təbiətin çirklənməsinin qarşısını alır, ekologiyanı qorumağa imkan verir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinə dair qərarı həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirilir.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gələcək 70-80 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır. 30 il işğal altında olan torpaqlarımızda Ermənistan böyük ziyan vurub. COP29-da bu zərərin aradan qaldırılması üçün imkanlar yaranacaq və Qarabağdakı ekoterroru bura gələn beynəlxalq təşkilatın nümayəndələrinə məlumat vermək imkanımız olacaq.
COP 29 konfransı zamanı Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edəcək. Hesab edilir ki, COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. Həmçinin Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, "yaşıl enerji"nin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. Bu həm də gələcək illərdə turizmin inkişafına da güclü təkan verəcək.
Müsahibimiz açıqlamasında deyir ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl və qətiyyətli mövqeyini, həmçinin "yaşıl enerji"yə keçidlə bağlı göstərilən səyləri ifadə etməklə yanaşı, həm də həyatın bütün sahələrində yüksək standartların təşviq və tətbiq edilməsinə öz töhfəsini verəcək. Məlum olduğu kimi, müasir dünyada bir-biri ilə zəncirvari əlaqədə olmayan, bir-birini tamamlamayan və həmçinin qarşılıqlı əlaqədə olmayan heç bir istiqamət yoxdur. Əgər iqlim dəyişiklikləri iqtisadiyyatdan, maliyyə sabitliyindən başlamış fundamental insan hüquqlarının kompleks şəkildə qorunmasına öz təsirini göstərirsə, o zaman bütün bu proseslərinin ana xəttini təşkil edən siyasi aspektləri də əhatə edir. Məhz bu baxımdan COP29-un ölkəmizdə keçirilməsinin və Azərbaycanın bütün bəşəriyyət həyati önəm kəsb edən mövzuların müzakirə edildiyi bir platformaya çevrilməsinin həm də böyük siyasi əhəmiyyəti var.
Sonda müsahibimiz qeyd etdi ki, COP29 Azərbaycanın humanitar problemlərin, mədəniyyətlərarası dialoq və digər bu kimi önəmli məsələlərin müzakirə olunduğu vahid məkan statusunu daha da möhkəmləndirəcək və bununla da ölkəmizin qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən, humanizm prinsiplərinin təşviqini həyata keçirən bir dövlət olaraq fəaliyyət dairəsi daha da böyüyəcək.
Konfrans çərçivəsində qonaqlar Azərbaycan mədəniyyəti, zəngin tarixmizlə tanış olmaq fürsəti əldə edəcək, Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan doğma Qarabağın, Şuşanın tarixi-mədəniyyəti ilə də tanış olacaqlar. Gələcəkdə də bu ənənə davam etdirilməli, beynəlxalq tədbirlərlə əlaqədar ölkəmizə səfər edən qonaqların işğaldan azad edilən ərazilərə səfərləri təşkil olunmalıdır. Bu, erməni yalanlarına qarşı effektiv mübarizə olmaqla yanaşı, həm də Azərbaycan həqiqətlərinin təbiği baxımından faydalıdır.
Bülbül QULİYEVA
Digər xəbərlər