NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Cinayət Məcəlləsində yeni maddə: Azərbaycan ətraf mühitin müdafiəsində qətiyyətli addım atır

...

Müasir dünya qlobal ekoloji problemlərin öhdəsindən gəlmək üçün yeni yollar axtarır. Ətraf mühitin qorunması məsələsi tək bir ölkənin deyil, bütün bəşəriyyətin əsas vəzifələrindən biri hesab edilir. Bu baxımdan ekosid cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə daxil edilməsini ölkəmizin ekologiyanı qorumaq üçün atdığı ciddi addımlardan biri kimi qiymətləndirmək olar

Ekosid Cinayət Məcəlləsində yeni anlayış kimi, ekologiyaya ciddi ziyan vurulmasını, bitki və heyvanlar aləminin kütləvi məhv edilməsini, atmosferin, su və torpaq ehtiyatlarının zəhərlənməsini ifadə edir. Bu əməllər ekoloji fəlakətə səbəb olduqda, yaxud onun yaranması üçün real təhlükə yaratdıqda məsuliyyətə cəlb edilməni nəzərdə tutur.

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş qanunla Cinayət Məcəlləsinə yeni 104-1-ci maddə əlavə olunub. Bu maddə ekosid əməllərini qəsdən törədən şəxslərin 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Bu qanun dəyişikliyi Azərbaycanın ekoloji siyasətini daha möhkəm və sistemli şəkildə qurduğunu özündə ehtiva edir. Ekosid əməlləri, adətən, irimiqyaslı sənaye layihələri, qeyri-qanuni meşə qırımı, torpaqların məhv edilməsi kimi hadisələrdə özünü göstərir. Qanunda əlavə edilmiş cəza mexanizmi bu cür əməllərin törədilməsinin qarşısını almaq üçün çox vacib addımdır.

Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi ekoloji cinayətlər bu sahədə beynəlxalq diqqətin artırılmasını tələb edir. İşğal illərində Azərbaycanın meşə ehtiyatlarına, su mənbələrinə və torpaq örtüyünə vurulan ciddi ziyan ekosid əməllərinin nümunəsidir. Qeyri-qanuni meşə qırımları, çayların kirlənməsi, torpaqların kimyəvi maddələrlə zəhərlənməsi kimi cinayətlər ekosistemin uzunmüddətli məhvinə səbəb olmuşdur.

Xüsusilə Qarabağ ərazisində çayların məqsədli şəkildə çirkləndirilməsi və təbiət ehtiyatlarının qeyri-qanuni istismarı regional ekoloji fəlakətə gətirib çıxarmışdır. Ermənistanın bu əməlləri təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün ciddi təhlükə yaradır.

Bundan əlavə, işğal dövründə Zəngilan və Qubadlı rayonlarındakı meşələrin məhv edilməsi və mineral ehtiyatların talan edilməsi ekoloji cinayətlərin miqyasını daha da artırır.

Ekosid cinayətinin Azərbaycan qanunvericiliyində tanınmasını ölkənin ekoloji dayanaqlılıq siyasətinə yeni məna qatmaqla, təbiətə və bəşəriyyətin gələcəyinə öhdəlik hissinin göstəricisi kimi də qiymətləndirmək olar. Ərtaf mühitə edilən zərərlərin cəzasız qalmaması təmin edilərək daha yaşıl və təmiz bir gələcəyin qurulmasına şərait yaradılacaq. Ermənistanın törətdiyi ekoloji cinayətlər isə bu mübarizənin beynəlxalq aspektinin daha vacib olduğunu göstərir. Azərbaycanın hüquqi çərçivəsi və beynəlxalq səyləri bu cinayətlərin nəticələrinin aradan qaldırılması və ədalətin təmin edilməsi üçün əsas rol oynayacaq.

Əziz QASIMOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.11.2024 15:18