NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Çillə gəlsin, xoş gəlsin

...

Fəsillər dəyişdikcə insanın ruh halı da dəyişir. Gah kədərlənir, gah üzündə təbəssüm yaranır, gah da qanad açıb uçmaq istəyir. Fəsil dəyişkənliyi məişətdə də bir çox adətlərin icrasına yol açıb.

Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.

İnsanlar yazda torpağa tapınıb, yayda da zəhmətdən əlini çəkməyib, payızda torpağın bərəkətini toplayıb, qışa hazırlığını görüb. Bağlardan yığılan qırmızıyanaq almalar, kəhrəba kimi heyvalar, qan qırmızı narlar, ta yaz açılana qədər öz gözəlliyini saxlayan qış armudu, balqabaq zirzəmilərə, ya da meyvə-tərəvəz üçün nəzərdə tutulan anbarlara yığılıb, tərəvəzlər də həmçinin. Naxçıvanda adətdəndir, qovurmasız qışı keçirmək olmaz. Qovurma bir qış tədarüküdür, ətri, ləzzəti də ki, öz yerində. Dünyagörmüş qocalar danışır ki, bundan əzələ təndirlərdə 6 pud çörək bişirərdik. Darabalara – çörək anbarına yığardıq. Qış çıxınca o çörəkdən istifadə edərdik. İndi bolluqdur deyə çörək qış üçün tədarük olunmasa da, əriştə kəsilər, dəstərdə yarma çəkilər. Çuğunduru, turpu  torpağa basdırıb təzə-tər saxlamaq ənənəsi kəndlərdə davam edər. Elə ki yarpaq tökümü başladı bu həm də təsərrüfat işlərinin yekunlaşmasına, çöldən-bayırdan əl-ayağın yığıldığına bir işarədir. Adamlar odun-ocaq tədarükünü başa çatdırır, mal-qarası üçün yem ehtiyatı yaradır. Və beləcə, qış yurdumuza qədəm qoyur. Qış əkinçilərin, necə deyərlər, ev-eşiyə  çəkildiyi dövrdür. Belə bir inam da var ki, əgər soğanın qabığı qalın olarsa, o il qış sərt gələcək, nazik olarsa, demək, qışı mülayim olacaq.

Qış xalq təqviminə əsasən dövrlərə – çillələrə bölünür. Böyük çillə, Kiçik çillə, Boz ay. Çillə əziyyətdən, məşəqqətdən çıxmaq mənasındadır. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir dövrüdür. Bu dövrə yüksək əhvalla qədəm qoymaq lazım gəlir ki, çətinliyinə sinə gərə biləsən.

Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Əfsanəyə görə, Qış adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu olub. Qış əvvəlcə Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, adamların yaşayışını görsün, işləri ilə maraqlansın. Böyük çillə altdan-üstdən bərk geyinir, ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Dekabrın iyirmisində el-obaya yetişir. İnsanlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. Böyük çillə gəlib çıxıb. Beləliklə, Böyük çillə qırx gün dağda-düzdə, kənddə-kəsəkdə özünün qar atını çapır.

Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.

Böyük çillənin ilk gecəsi qışın başlandığı gün kimi qeyd olunur və həmin gün təqvimə “Çillə bayramı” kimi düşür. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunudur. Böyük çillənin ilk gecəsində ailə üzvləri və qohumlar bir evə yığışır, ilin ən uzun gecəsini çoxlu meyvə, şirniyyat, yeməklərlə bəzənmiş süfrənin arxasında  bayram edərlər. Bunun üçün qışın soyuğuna  sinə gərən insanlar erkəndən oyanar, kimisi təndirini qalayıb dadlı-duzlu kökələr bişirər, kimisi sacın altını yandırıb qovurğa qovurar, kimisi də çillə gecəsini qarşılamaq üçün evə tələsər.

Gecənin ən maraqdoğuran məqamı  isə  çillə  qarpızının kəsilməsidir. Qarpız süfrəyə gətirilən zaman il yaxşı gəlsin deyə dualar edilər, insanlar bir-birinə xoş sözlər söylərlər. 

“Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılar. Çillə gecəsində qarpız kəsmək qışdan qorxmamağa, şaxtaya yenilməməyə işarədir. Buna görə çillədə qarpız kəsəndə deyirlər: “Ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Bu istək qışı dərdsiz, bəlasız, itkisiz başa vurmaqla bağlıdır. Çillədə qarpız kəsilir ki, qış günləri qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt hər kəs ürəyində bir niyyət tutur. Bu adətə niyyətetmə deyirlər. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar ki, bu da dörd fəsillə bağlıdır. Qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması fəsillərin əlamətləri ilə əlaqədardır. Fəslin hər sınağına hazır olan və sinə gərən insanlar, beləcə, qışın gəlişini  bayram ovqatında qarşılayarlar. Həmin gün xonçalar bəzəyib nişanlı  qızlara, yeni gəlinlərin  evinə pay göndərərlər.

Bu qarpız çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb xonçalara,
Gedir yargilə qarpız.

Çillədə yerinə yetirilən bir çox adətlər bu gün də yaşadılır. Bəzi kəndlərdə, xüsusən də Ordubadda mal-qarası olmayan qonşulara qatıq verərlər. Meyvə qurularından  kompot hazırlayarlar. Bəzi kəndlərdə qovurğa da qovurub süfrəyə qoyarlar. Həmin gün çuvalların, küpələrin ağzı açılar, qışa tədarük olunan məhsullar süfrəyə gələr. Çilləni ağır-əziz tutan insanlar arzulayarlar ki, qışımız ruzili-bərəkətli gəlsin. “Qar torpağın bərəkətidir”, –  deyərlər. Qarın çox yağması yayın da ruzili, bərəkətli olması deməkdir.  Çillə axşamı qar yağarsa, deyərlər çillə özünü göstərir. Necə deyərlər, “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili”. Bir də babalarımız deyərdi ki, çillə günü duman yatmasa, kənddə hava xoş keçəcək. Duman gəlsə, həmin qışı sərt keçəcək.

Xalq yaddaşında Böyük çillə və Kiçik çillə bir-birinə qarşı qoyular. Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Kiçik çillə Böyük çilləyə deyir ki, “Sən nə iş gördün?” Mən sənin zamanında gəlsəydim gəlinlərin əlin qovurma küpəsində saxlayardım. Mən qarıları küfləyə soxacam, küpələri boşaldacam, nə var evdə silib-süpürüb çıxacam.

40 gün ömrü olan Böyük çillə ağır keçər, sonra Kiçik çillə gələr, ömrü az, qabağı yaz. Odur ki, Kiçik çillə nə qədər sərt keçsə də, hamıda bir ümid var. Qarşıdan allı-güllü yaz gəlir. 

Odur ki, hər iki çillənin gəlişi də, gedişi də bayram kimi qeyd olunar. Və illərdir, bu ənənə qorunaraq nəsildən-nəslə ötürülər. Qış azuqəmizi yığmışıq, qışın bərəkəti olan qar da tarlalara, bağ-bağçalara bolluq gətirsin. Və üzümüzü tutub deyək ki, çillə gəlsin, xoş gəlsin. Qışın çiləsindən – çillədən sağ-salamat çıxaq, Yeni ilə yeni arzularla qədəm qoyaq. Çilləmiz mübarək!

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 20.12.2025 14:35