NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Cənubi Qafqazın ən güclü iqtisadiyyatı Azərbaycan

...

Tarixi təcrübə göstərir ki, ölkənin iqtisadi müstəqilliyinin və suverenliyinin qarantı olan, eləcə də beynəlxalq münasibətlərdə ona güc qazandıran güclü iqtisadi potensial mövcud təbii iqlim resursları və geostrateji vəziyyətlə yanaşı, həm də düzgün idarəetmə və liderlik bacarığı ilə də sıx bağlıdır. Məhz ona görə də bu gün az qala planetin quru ərazisinin yarısını tutan və saysız-hesabsız miqdarda təbii sərvətlərə malik olan bəzi ölkələr ciddi maliyyə çətinliklərinə və iqtisadi böhrana məruz qalmaqla, əslində, buradakı zəif iqtisadi idarəetmədən də xəbər verir. Bu baxımdan dünyadakı mürəkkəb siyasi, iqtisadi və geostrateji münasibətlər zəminində ölkəsinin maraqlarını ən yüksək səviyyədə qorumağı bacaran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionun lider dövlətinin rəhbəri kimi möhkəm iqtisadiyyat quruculuğunda da öz sözünü deməyi bacarmışdır.

Cənubi Qafqazın ən güclü iqtisadiyyatına sahib Azərbaycan bu potensiala uyğun olaraq iri dünya gücləri ilə qarşılıqlı etibarlı iqtisadi əməkdaşlığa da həmişə açıq olub, özünü təsdiq etmişdir.

Azərbaycanın mövcud iqtisadi potensialı onun region dövlətləri, eləcə də regiondan uzaqda olsa da, bizimlə sıx iqtisadi-mədəni əlaqələri olan ölkələrlə qarşılıqlı biznes, turizm, kommunikasiya və digər sahələrdə uğurlu layihələr qurmağa imkan yaradır. Hazırda ölkəmizlə uzun illər boyunca etibarlı əməkdaşlıq yaratmış olan Çin, Yaponiya, Cənubi Koreya, İndoneziya, Pakistan, Hindistan, Rusiya, Orta Asiya respublikaları, Ukrayna, Belarus, Baltikyanı ölkələr, Türkiyə, İran, İraq, Yaxın Şərq   ölkələri, Şimali Afrika, Qərbi, Şərqi, Mərkəzi və Cənubi Avropa ölkələri və ABŞ daxil olmaqla dünyanın, ümumilikdə, 170-dən çox   ölkəsi ilə sıx əlaqələr qurmuşdur. Bunlar arasında, xüsusilə Azərbaycanla qonşu və birbaşa çıxış imkanı olan Türkiyə, Rusiya, Gürcüstan, İran və Orta Asiya respublikaları ilk sırada yerləşir ki, bu da onların ölkəmizlə tarixi qonşuluq, dostluq və qardaşlıq münasibətlərindən irəli gəlir. Tarixi də olmasa, Azərbaycanın qonşuluq qismətinə düşmüş təcavüzkar Ermənistan isə sovet dövründə ölkəmizin zəngin yeraltı və yerüstü sərvətlərindən havayı bəhrələnsə də, müstəqillik illərində normal sülh siyasəti aparıb bundan qarşılıqlı faydalanmaq yerinə əsassız torpaq iddiaları və işğalçılıq əməlləri ilə nəinki özlərini böhran quyusuna salmış, həm də bütün Cənubi Qafqazda ümumi layihələrə ziyan vuran hərəkətlərə imza atmışdır. Halbuki, bütövlükdə, Cənubi Qafqaz təbii iqlim ehtiyatlarından başqa, geostrateji mövqeyi ilə birlikdə elə bir mövqedə yerləşir ki, bunun lazımınca dəyərləndirilməsi hər üç respublikanın iqtisadi inkişafı üçün birgə faydalı ola bilərdi. Ancaq Ermənistan öz-özünü də bloklamaqla Xəzərin zəngin karbohidrogen ehtiyatlarının Avropaya nəqlindən də faydalanmaqdan məhrum qalaraq, sadəcə, hansısa təkrar ixrac əməliyyatları ilə özünün potensialının artırılmasını hədəfləyir. Lakin qonşu Gürcüstana baxsaq, onun birbaşa Qara dənizə çıxışı ilə yanaşı, Azərbaycanla da olan sıx əlaqələri hesabına Avropaya enerji transferi, turizm, nəqliyyat və həmçinin kənd təsərrüfatı məhsullarının ixracı ilə bu gün Cənubi Qafqazın ikinci böyük iqtisadiyyatı olması ilə diqqəti cəlb edir.

Ümumilikdə, son illərin nəticələrinə əsasən üç Cənubi Qafqaz ölkəsinin ümumi daxili məhsulunun həcmi 128 milyard ABŞ dollarına çatmışdır ki, onun da 74 milyard dolları Azərbaycanın, 32 milyard dolları Gürcüstanın və cəmi 22 milyard dolları isə Ermənistanın payına düşür. Bununla yanaşı, ölkəmizin valyuta ehtiyatlarının həcminin 72 milyard dollara çatması və xarici borcun həcminin isə cəmi 5,2 milyard dollara bərabər olması burada iqtisadi göstəricilərin olduqca cazibədarlığını özündə ehtiva edir. Ümumilikdə isə bütün Cənubi Qafqazın valyuta ehtiyatlarının 80 faizi Azərbaycanın payına düşür.

Güclü iqtisadiyyata sahib olan Azərbaycan Respublikası bunu təkcə daxili iqtisadi siyasətində və xarici ticarətin artan dinamikasında deyil, həm də mürəkkəb konyunkturaya rəğmən sürdürdüyü siyasətdə nümayiş etdirir. Tarixdə dünyanın neft akademiyası kimi də tanınan Bakının həm də qlobal turbulentliyə qarşı təmkinli və sabit tutumu ilə fərqlənməsi onun dünya biznes aləmində xüsusi çəkisini artıran və ölkəmizə investisiya yatırmaq istəyənlərin sayını çoxaldan amillərdəndir. Bu gün Cənubi Qafqazdakı əksər iqtisadi layihələrin Azərbaycanın müəllifliyi və ya onun maraqları çərçivəsində həyata keçirilməsi, ölkəmizin Asiya ilə Avropa, Şimalla Cənub arasındakı körpü rolunu oynaması, NATO üzvü olan qardaş Türkiyə və eyni zamanda Rusiya ilə strateji səviyyədə əlaqələr quran tək ölkə olması, həmçinin Avropanın 10-dan artıq ölkəsinin enerji ehtiyacını ödəməsi ilə ölkəmiz hər kəs üçün etibarlı tərəfdaş olmağı bacarmaqdadır. Dövlət başçımız Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət, bu mənada, möhkəm iqtisadiyyat quruculuğunda da öz bəhrəsini verməklə bu gün qlobal Qərb-Şərq arasındakı sanksiya savaşından Azərbaycanın ən az zərərlə çıxmasına şərait yaratmışdır.

Regional münaqişələrin böyüyüb irimiqyaslı müharibələrə çevrilməsi təhlükəsinin yaşandığı, dünya düzəninə məsul olan beş böyüklərin özlərinin bu düzənə zərbə vurduğu bir zamanda iqtisadi gücün ən yaxşı təhlükəsizlik qarantı olduğunu bəyan edən Azərbaycan lideri ölkəsinin maraqları üçün nə lazımdırsa, onu qətiyyətlə həyata keçirir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və neftdən asılılığın azaldılması, “yaşıl enerji”yə və ümumilikdə, “yaşıl iqtisadiyyat”a keçid məsələlərində əldə olunan irəliləyişlər ölkəmizdə iqtisadi artımın dinamikasını qoruyub saxlamağa imkan yaradır. Qarabağın yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün görülən tədbirlər iqtisadi dayanıqlılığı təmin etdikcə burada sənaye, kənd təsərrüfatı, turizm sahələrində yaradılan yeni iş yerləri ölkəmizin iqtisadiyyatına daha da güc qazandırır. Bütün bunlar müstəqil ölkəmizin möhkəm valyutası və ciddi şəkildə tənzimlənən bank-maliyyə nəzarəti altında baş verdiyindən Azərbaycana olan investor marağı da yüksəlmiş olur.

Güclü iqtisadiyyat güclü ordu, güclü ordu isə suveren dövlət deməkdir. Bu gün Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik olan Azərbaycan həm də öz suverenliyini bərpa edən güclü ordusu ilə də birincidir. Ağır məğlubiyyətinə baxmayaraq, hələ də yeni hücum silahları tədarük edən Ermənistana vaxtı gələndə yerini göstərmək üçün silahlı qüvvələrimiz həmişə birinci olmalı, müasir təminatı ilə düşmənin canına qorxu salmalıdır. Bu gücü isə müzəffər Ordumuz Azərbaycan Prezidentinin qətiyyətindən və ölkəmizin iqtisadi qüdrətindən alır.

Əli CABBAROV

Nəşr edilib : 27.01.2025 10:54