Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Tarixin bütün dövrlərində Azərbaycan qadınının fəaliyyəti bəşəriyyət üçün örnək olub. Olduqca mürəkkəb və ağır situasiyalardan ləyaqətlə çıxaraq qəhrəmanlığı ilə tarix yazan qadınlarımızın şərəfli həyat yolu heyrət doğurub. Qadınlarımız zaman-zaman müqəddəs dəyərlərimizin qorunmasında, yaşadılmasında əvəzsiz xidmətlər göstərərək parlaq zəkaları ilə insanlığın keşiyində dayanaraq dünya üçün faydalı olmuşlar.
Ölkəmizdə qadın siyasətinin fundamental əsasını yaradan Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində qadınlarımıza hörmətlə yanaşır, onların istər dövlət, istər ictimai işlərə cəlb olunması istiqamətində uğurlu siyasət yürüdürdu. Keçmiş ittifaq dönəmində Ulu Öndər qadınlarımızın yüksək vəzifələrdə təmsil olunmasına şərait yaradaraq onların fəaliyyətinə geniş meydan verdi. Qadınlarımızın bilik, bacarıqlarını, istedadlarının nümayişi üçün əlverişli zəmin yaratdı və Azərbaycan qadınının nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.
Müstəqil Azərbaycanın rəhbəri kimi də böyük Öndər bu prosesi daha da sürətləndirdi və bunun nəticəsi olaraq qadınlarımızın səsini yüksək tribunalardan eşitdik. Kişilərlə yanaşı çiyin-çiyinə mübarizə alovundan keçən qadınlarımız müstəqil Azərbaycan uğrunda fədakarlıq nümunəsinə çevrildilər, cəmiyyətimizin ayrılmaz hissəsi kimi dövlətimizin inkişafına, ictimai, siyasi, mədəni həyatına töhfələrini verdilər.
Ölkəmizdə qadın hərəkatının formalaşmasında, Azərbaycan qadınının yüksək dəyərlərə bağlılığının dünyaya tanıdılmasında respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva öz fəaliyyətini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai-siyast fəaliyyətinin yeni səhifəsini açıb. Məhz Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür.
“Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Bu gün ölkəmiz qadın hüquqları sahəsində möhkəm milli hüquqi baza formalaşdırmaqla yanaşı, eyni zamanda qadın hüquqlarına dair bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur. Eyni zamanda Azərbaycan qadınının ictimai mövqeyinin kompleks şəkildə möhkəmlənməsi üçün ölkəmizdə münbit imkanlar vardır”, – deyən Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qadın siyasəti daha geniş və müasir şəkildə həyata keçirilir.
Azərbaycan qadını həm də şəhid anasıdır, şəhid bacısıdır, şəhid yoldaşıdır, şəhid övladıdır. Ona görə Azərbaycan qadınının başı hər zaman uca olacaq. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycan qadını bu zəfəri təmin edən igid oğulları yetişdirən, xalqımızın tarixdən süzülüb gələn qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları öz xeyir-duası ilə döyüşə yola salan böyük qüvvədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”.
Qadınların cəmiyyətdəki layiqlia yeri hər bir dövlətin uğuru hesab olunur. Bu baxımdan respublikamızda bərqərar olan demokratik mühit, həyata keçirilən mükəmməl və mütərəqqi dövlət siyasəti qadınlarımıza öz potensiallarını gerçəkləşdirmək üçün əlverişli imkanlar yaradıb. Bütün bunlardan irəli gələrək Azərbaycan qadını bundan sonra da dövlətimizin inkişafına və cəmiyyətimizin yüksəlişinə özünün layiqli töhfələrini verəcək.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər