NAXÇIVAN :

10 May 2025, Şənbə

Cəbhəyə güc verən əllər – 100 yaşlı Dilbər nənə

...

Müharibənin yalnız səngərdə deyil, eyni zamanda arxa cəbhədə də aparıldığı hər kəsə məlumdur. Hər zaman cəbhədə döyüşən əsgərin arxasında dayanan, yorulmadan çalışan, duaları və zəhməti ilə dayaq olan insanlar var. Bugünkü həmsöhbətim də onlardan biridir. Şərur rayonunun İbadulla kənd sakini, arxa cəbhə veteranı 100 yaşlı Dilbər nənə bir əsrə bərabər ömründə 3 dəfə müharibənin çətinlikləri ilə üz-üzə gəlib – İkinci Dünya, I və II Qarabağ müharibələri. 
Dilbər nənə həmin illəri gözüdolu xatırlayır: “Müharibənin gətirdiyi dəhşətlər, aclıq və səfalət gözlərimin qarşısındadır. İkinci Dünya müharibəsi başlayanda kəndin bütün başıpapaqlıları cəbhəyə aparılmışdı. Bütün işlər qocaların, uşaqların və qadınların üzərinə düşmüşdü. Bizim evdən həm yoldaşım, həm də qardaşım müharibəyə getmişdi. Hamımız yaxşı dərk edirdik ki, düşmənin ən böyük məqsədi Bakının işğal olunmasıdır. Xatırlayıram ki, cəbhəyə gedənlərin əliyalın qalmaması üçün bütün kənd sakinləri ilə birgə səfərbər olmuşduq. Onlar üçün isti paltar, corab, köynək toxuyub cəbhəyə yollayardıq. Kolxoz və sovxozlarda qadınlar hər işi özləri görürdü. Xəstəxanalar da gecə-gündüz demədən çalışırdı. Tapdığımız bir tikə çörəyi cəbhəyə göndərir, özümüz və uşaqlarımız meyvə qurusu ilə dolanırdıq çox vaxt. Bağ-bağçanın tutunu, əriyini qurudur, qışa saxlayırdıq. Müharibə şəraiti çətin olsa da, biz qorxmadıq, birlik olduq. Çünki hər birimiz Vətənə borclu olduğumuzu düşünürdük. Müharibənin qara kağızlarından biri bizim ocağa da gələndə öyrəndik ki, qardaşım Qurbanəli Berlin döyüşlərində itkin düşüb. Həyat yoldaşım İsmayıl isə müharibə bitəndən bir il sonra sağlamlığını itirmiş vəziyyətdə evimizə qayıtdı”.
Dilbər nənə deyir ki, onun 9 övladı, 30 nəvəsi, 50 nəticəsi və 21 kötücəsi var: “Bu günə şükür. Onların içində ali təhsili olanı da var, kənd təsərrüfatı ilə məşğul olanı da. Vətənlərinə layiqincə xidmət edirlər”. Nənənin gözləri dolaraq beş il öncə Vətən müharibəsində şəhidlik zirvəsi fəth edən nəvəsi Zülal Mədətlini xatırlayır. Deyir ki, dəli- dolu oğul idi. Harada haqsızlıq görsə, özünü ora atardı. Ölümdən qorxmazdı. Elə Qarabağa da öz istəyi ilə getdi. 22 gün döyüşdü. Şəhid olub evimizə qayıtdı.
Nənə deyir ki, dövlətimiz bu gün də bizi unutmur, xidmətlərimizi dəyərləndirir. Uca Tanrı Vətənimizi qorusun, torpağımız daim azad, bayrağımız uca olsun! 
Yüzyaşlı, gözünün nurunu itirmiş nənə ilə söhbətimdə onun razılığını eşidəndə düşünürəm ki, ötən günlərdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında müharibə veteranlarına verilən birdəfəlik müavinət Vətən uğrunda canını, sağlamlığını, illərini əsirgəməyən müharibə veteranlarına göstərilən diqqət, əslində, xalqın öz qəhrəmanlarına olan minnətdarlığının ifadəsidir. Qeyd edək ki, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı imzaladığı bu Sərəncamı, ümumilikdə, 2469 şəxsə şamil olunacaq.

 Bülbül Quliyeva

Nəşr edilib : 09.05.2025 18:39