NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Bura Naxçıvandır

...

Beşminillik şəhərsalma tarixinin ərməğanı, qütblərin və qitələrin qovuşduğu əsrarəngiz məkan, Azərbaycanın döyünən ürəyidir, göz bəbəyidir Naxçıvan. Min illər boyu düşmənlərimizin gözünə od, dostlarımıza sədaqət qapısı, ümid yeri olan əzəmətli məmləkətimiz Nuh əyyamından üzü bəri, insan övladının ilk nəfəsi bu torpağa toxunduğu andan etibarən sanki Ulu Tanrının rəhməti ilə yoğrulub. Hər bölgəsinin öz ruzisi, hər guşəsinin öz gözəlliyi olan belə bir diyarda yaşamaq, yaratmaq da fərqli talelər yükləyir həyatlara. Təsadüfi deyil ki, diyarımızın qoynunda böyümüş yüzlərlə söz-sənət adamlarımız öz yaradıcılıqlarında bu yurdun hər qarışını sözə, kəlməyə çevirmiş, Naxçıvan tarixinə, ədəbiyyatına, incəsənətinə ölməzlik qazandırmışlar. Naxçıvanskilər, Kəngərlilər kimi rəşadətli oğullar yetirən tayfalar elimizin, obamızın keşiyində durmuş, Əcəmi Əbubəkr oğlu Naxçıvani, Hinduşah Naxçıvani kimi sənət dünyasından bəhrələnən şəxsiyyətlər bu torpağın şəninə layiq olan abidələr ucaltmış, Möminə xatın əzəmətli, Yusif Küseyr oğlu ehtişamlı-memarlıq abidələri yaratmışlar. Heç yorulmadan, usanmadan Vətənin bir quru nur parçasının hər qarışına naxışlar salaraq adlarını tarixə həkk etmişlər, “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar” ifadəsini daş divarlara həkk edərək əbədi həyatda özlərinə məskən salmışlar. İllər bir-birini əvəzlədikcə, zaman ötüb-keçdikcə Mirzə Cəlil kimi demokrat düşüncəli yazıçılar bu diyarda meydana çıxmış, Eynəli bəy Sultanov, Məmmədağa Şahtaxtılı və daha neçə-neçə böyük düşüncə və ideya sahibləri Naxçıvan mühitində həyatı dərk etmiş, öz qələmləri ilə xalqımızın şüuruna hopmuş cəhalətə, nadanlığa qarşı mübarizə aparmışlar, insanları elmə, təhsilə səsləmişlər…
Bura Naxçıvandır; saf gözəlliyi, nəcib hissləri, həqiqi sevgini, məhəbbəti Tanrı dərgahından yerə endirən, onu sözə, kəlməyə çevirən Hüseyn Cavidin Vətəni; Azərbaycan ədəbiyyatına, maarifçiliyinə Məhəmməd Tağı Sidqi kimi görkəmli pedaqoqlar bəxş edən, Bəhruz Kəngərli kimi rəssamlar yetirən, Məmməd Səid Ordubadi kimi böyük qələm sahiblərini yaradan və yaşadan dahilər yurdu. Bura Naxçıvandır; xan Arazın ətəklərindən asılan, taleyi tariximizin tozlu yollarından keçən, düşmənlərlə üz-üzə, göz-gözə dayansa da, mübarizədən çəkinməyən igid oğulların Vətəni; yüz illər boyu yağıların tapdağı altında çapılıb talanan, işğallara, ağır müharibələrə məruz qalan, lakin öz varlığını itirməyən, tariximizə adını qızıl hərflərlə yazdıran qəhrəman insanların diyarı. Bura Naxçıvandır; Əlincə qalasından Haçadağına, Sədərəyindən Ordubadına qədər uzanan geniş çöllərlə sanki bol ruzili süfrəni xatırladan barlı-bəhərli düzlərlə qonaqlarını qarşılayan, təmiz və abad küçələri, geniş park və xiyabanları ilə könülləri oxşayan, diyarımızın hər gün daha da müasirləşdiyini, abadlaşdığını dünyaya tanıdan istedadlı gənclər şəhəri…

(ardı var)
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.08.2024 16:56